Belarus və Rusiya araslnda növbəti fikir ayrılığı yaranıb.
Cebhe.info-nun məlumatına görə, buna səbəb rəsmi Minskin növbəti dəfə Rusiya hərbi bazasının Belarusda yerləşdirilməsinə dair təklifini rədd etməsi olub. Belə ki, Rusiya “Su-30” qırıcılarının əldə edilməsinə yardım məqsədilə Belarus ərazisində HHQ bazasının yerləşdirilməsini təklif edib. Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas bu barədə açıqlama verib. Belarus rəsmisi bildirib ki, Minsk bu məsələdə “öz imkanlarına güvənmək” qərarına gəlib. Zas “Belarus 1” telekanalına açıqlamasında qeyd edib ki, ölkəsi “Su-30” qırıcılarının tədarükünə yardım məsələsində Rusiya ilə razılığa gəlməyə çalışıb.
“Əvəzində ölkə ərazisində Rusiyaya məxsus hərbi-hava bazasının yerləşdirilməsi haqqında təklif aldıq. Ancaq razılaşın ki, bunlar eyni şey deyil. Ölkə ərazisində hərbi-hava bazasının yerləşdirilməsi bizim hərbi aviasiyamızın inkişaf problemini həll etmir”,- deyə Zas bildirib. Onun sözlərinə görə, Prezident Aleksandr Lukaşenko bilavasitə bu məsələnin həllində iştirak edir. “Onun bilavasitə iştirakı, dəstəyi olmadan bu tapşırığı həll edə bilməzdik”, - deyə Zas vurğulayıb.
Xatırladaq ki, bu yaxınlarda Belarusun xarici işlər naziri Vladimir Makey ölkə ərazisində Rusiyaya məxsus hərbi baza yerləşdirilməsinin nə praktiki, nə siyasi, nə də hərbi cəhətdən mənası olduğunu deyib. “Amma bu gün raketlər bir neçə dəqiqə ərzində başqa bir qitəyə və ya planetimizin digər tərəfinə çata bilərsə, bəzi əlavə hərbi obyektlərin, yəni hərbi hava bazasının yerləşdirilməsində məqsəd nədir?”, - deyə nazir “RBC” agentliyinə bildirib. Qeyd edək ki, 2015-ci ildə Rusiya Belarusun Bobyursk hərbi hava bazasında öz bombardmançı təyyarələrini yerləşdirmək üçün rəsmi Minskə müraciət etmişdi. Lakin həmin ilin oktyabr ayında Aleksandr Lukaşenko bəyan etdi ki, Rusiyaya məxsus aviabazanın yerləşdirilməsi hərbi cəhətdən nə Minskə, nə də Moskvaya lazımdır. Prezidentin bu açıqlaması iki ölkə arasında siyasi narazılığa səbəb olmuşdu.