Artıq neçə gündür qonşu Gürcüstanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Ölkə parlamenti seçki qanunvericiliyi ilə bağlı konstitusion düzəlişlərə getmədiyi üçün vəziyyət yenidən qarışıb və mitinqlərə start verilib.
Etirazçılar hakimiyyətə qarşı üç tələb irəli sürüblər: erkən parlament seçkilərinin keçirilməsi, seçkidən əvvəl mövcud hakimiyyətin istefası və iyun mitinqlərində tutulanların hamısının sərbəst buraxılması. Gürcüstan hökuməti etiraz aksiyalarına baxmayaraq, növbədənkənar parlament seçkiləri təyin etməyəcəyini açıqlayıb. Hakim Gürcü Arzusu Partiyasının baş katibi, Tiflisin meri Kaxa Kaladze rəqibləri seçkilərə hazırlaşmağa dəvət edib.
Gürcüstan parlamentində seçki islahatlarının uğursuz nəticələnməsi ilə əlaqədar hakim partiyanı tərk etmiş bir qrup deputat parlamentdəki vəzifələrindən imtina edib. Parlament Bürosu deputat vəzifələrindən imtina edilməsi barədə bəyanatı qəbul edib.
Xatırladaq ki, bu ilin iyun ayında iqtidar partiyası və şəxsən Bidzina İvanişvili müxalifətin tələbləri qarşısında güzəştə gedərək parlament seçkilərinin qarışıq sistemdən proporsional sistemə keçəcəyinə söz verib. Lakin müvafiq qanun layihəsi hazırlansa da noyabrın 14-də keçirilən səsvermə zamanı “Gürcü Arzusu”nun 40-a yaxın deputatı konstitusiyaya nəzərdə tutulan dəyişiklikləri dəstəkləməyib.
Müxalifət və vətəndaş fəalları hakimiyyəti saxtakarlıqda günahlandırır. Hakim partiyada isə qərbyönümlü sayılan 12 deputat, islahatların uğursuzluğuna etiraz olaraq parlament çoxluğunu tərk etmək qərarına gəlib. İstefa verənlər arasında vitse-spikerlər Tamara Çuqoşvili, Zviad Dzidziquri, Avropaya İnteqrasiya Komitəsinin səədri Tamara Xulordava, Təhsil və Elm Komitəsinin rəhbəri Mariam Caşi, üç nəfər komitə sədrinin birinci müavinləri və deputatlar var. Gürcüstan Milli Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Sofo Katsarava isə ümumiyyətlə, deputat mandatından imtina edib.
“Yeni Müsavat”a danışan politoloq Fərhad Mehdiyev bildirdi ki, Gürcüstanda görünən siyasi mühit fərqlidir: “Gürcüstanda siyasi mühit bizimkindən daha azaddır. Orada mitinqlər başlayır, qurtarmaq bilmir. Yəni dövlət bu məsələlərə çox müdaxilə etmir. Ona görə də Gürcüstandan kimsə Avropaya gedib, siyasi mühacirlik istəyə bilmir. Bu, mümkün deyil. Çünki onu dərhal geri qaytararlar. Məhz bu səbəbə Qərb mətbuatı və dairələri oradakı hadisələrə bizdəki kimi reaksiya vermirlər. Məsələn, Gürcüstanda korrupsiyanın səviyyəsinin aşağı olduğu bilinir, sərbəst toplaşmaq azadlığı yaxşı təmin olunur. Ona görə də reaksiyalar fərqlidir. Əgər orada aparılan siyasətdə sərtləşmə olarsa, o zaman reaksiyaların şahidi olacağıq”.
Ekspertə görə, Gürcüstanda iqtisadi baxımdan geriləmələr yaşanmaya da bilər: “Əgər onlar investisiya siyasətlərində dəyişiklik etməsələr, bu baxımdan geriləmə yaşanmaz. Yəni investorları sıxışdırmasalar, məhkəmələr azad fəaliyyət göstərərsə, monopoliya olmazsa, ora yenə də investorların axını davam edəcək. Qiymət tənzimlənməsi tam bazar şəraitində olarsa, bu zaman da investorlar çəkinməz. Çünki investorları qorxudan məsələ əsasən qeyd etdiyim məsələlərdir. Bir də təbii ki, ölkədə uzunmüddətli siyasi böhran, etnik qarşıdurmalar olarsa, bu da investorları çəkindirəcək. Çünki siz bilmirsiz ki, siyasi böhranın nəticəsi nə ilə qurtaracaq və yeni gələn hökumət mövcud siyasəti necə dəyişəcək”.
Mehdiyev bildirdi ki, ölkənin inkişafı ilə aksiyanın birbaşa əlaqəsi olmaya bilər: “Bir müddət öncə Cənubi Koreyada çoxsaylı mitinqlər olurdu. Ancaq bu ölkənin iqtisadi gücü çox yüksəkdir. Eyni zamanda Fransada da mitinqlər davam edir, ancaq orada da inkişaf dayanmayıb. O baxımdan Gürcüstanın Avropaya inteqrasiyasına mitinqlər mane olmaya bilər”.