“İstədiyiniz qədər atılıb-düşün, lakin Türkiyənin suverenliyinə hörmət edəcəksiniz”
Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan fransalı həmkarı Emmanuel Makronun NATO-nun “beyin ölümünün baş verdiyi” sözlərinin cavabını verib.
Makron “Ekonomist” jurnalına müsahibəsində Şimali Atlantika alyansındakı vəziyyətə belə qiymət vermişdi. Fransa prezidenti bildirmişdi ki, NATO-da ABŞ ilə digər tərəfdaşlar arasında strateji qərarlarla bağlı koordinasiya yoxdur. Almaniya kansleri Angela Merkel ilə alyansın baş katibi Yens Stoltenberq buna cavab olaraq bildirdilər ki, Fransanın mövqeyi ilə razılaşmırlar.
Həmçinin, Makron bəyan eləmişdi ki, Suriyada antiterror koalisiyanı təhdid edən hərbi əməliyyata başlayandan sonra Türkiyə NATO-nun həmrəyliyinə və dəstəyinə bel bağlamamalıdır.
Ərdoğan isə bunun cavabında söyləyib: “Fransanın NATO üçün hansı əhəmiyyətə malik olduğunu bilmirəm, amma Türkiyə alyansda çox mühüm tərəfdaşdır. Makron NATO-nun beyin ölümünün baş verdiyini deyir. Hörmətli Makron, sən əvvəlcə öz beynini yoxlatdır. Çünki belə bəyanatları sənin kimi beyni ölənlər verirlər”.
Ərdoğanın sözlərinə görə, “Fransa prezidentinin terrorçuluqla mübarizə təcrübəsi yoxdur və buna görə də sarı jiletlilər Fransanı işğal ediblər. Öz vətəndaşlarını belə qoruya bilmir”.
Ərdoğan Türkiyənin təhlükəsizliyinin Avropanın təhlükəsizliyi demək olduğunu söyləyərək deyib: “NATO-nun Türkiyədən çıxarılıb-çıxarılmamasından sənə nə var? Sən kimsən? Məgər sənin belə qərar vermək səlahiyyətin var? Türkiyə olmasa, dünyanın dörd bir yanından terrorçular Avropaya axışar. İstədiyiniz qədər atılıb-düşün, lakin Türkiyənin suverenliyinə hörmət edəcəksiniz”.
Ərdoğan ölkəsinin Suriya ilə 911 km sərhədi olduğu üçün sərhədin o tərəfindən gələn təhdidə qarşı, həmçinin, “Adana müqaviləsi”nə əsasən burada terrorçulara qarşı mübarizə aparmasının hüquqi əsası olduğunu, həmçinin alyansın üzvü kimi koalisiya qüvvələrinə daxil ola biləcəyini deyib, əslində Fransa qüvvələrinin oraya yerləşməsinin əsassız olduğunu söyləyib.
Hurriyyet.org