Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, şahzadə Endryu ölkəsinin Beynəlxalq ticarət və investisiyalar üzrə xüsusi nümayəndəsi olan zaman özünün və dostu, multimilyoner Devid Roulendin maraqları naminə xidməti vəzifəsindən sui-istifadə etməkdə suçlanır.
Böyük Britaniyanın “Daily Mail” qəzetinin yazdığına görə, Britaniya monarxiyasının təmsilçisi rəsmi səfərlərində Roulend ailəsinə mənsub, Lüksemburqun “Banque Havilland” bankını qeyri-qanuni olaraq önə çəkərək reklam edirmiş. Bundan başqa şahzadə Endryu Devid Roulendə düzgün biznes qərarların qəbul olunmasına yarıdım göstərəcək bəzi məxfi hökumət sənədlərini də dostu ilə paylaşıb.
II Elizabetin oğlu adı çəkilən dostu ilə birlikdə Karib adalarındakı offşorda “Inverness Asset Management” şirkətinin də sahibi olub. Burada onun payı 40 faiz təşkil edib. Endryu rəsmi ziyarətlərində zəngin adamlara həmin ortaqlığa investisiya qoymağı təklif edirmiş.
York hersoqu Böyük Britaniyanın Ticarət və investisiyalar üzrə xüsusi nümayəndə postunu 2010-2011-ci illərdə tutub. Elə həmin dövrdə onun dəbdəbəli səyahətləri, lüks gəzintiləri mətbuatın ciddi tənqidinə tuş gəlmişdi.
Şahzadə Endryu, ümumiyyətlə Britaniya monarxiyası üçün əsl başağrısı sayılır. Onun Liviyanın öldürülən rəhbəri Muammər Qəzzafinin oğlu Seyf-Əl İslamla dəfələrlə görüşü, habelə Tunisin devrilən prezidenti Zeyn Əl-Abidin Bin Əlinin kürəkənini Bukinqem sarayında qəbul etməsi böyük hay-küyə səbəb olmuşdu.
Bundan başqa şahzadə Endryu azyaşlı qızları zorlayan və onları başqalarına satan amerikalı milyarder Ceffri Epşteynlə də uzun illər boyu dostluq edib. Həmin cinayət işində onun 2000-ci ildə 17 yaşlı həddi-büluğa çatmamış qızla zorla cinsi əlaqədə olması faktı keçir.