Rəsmi Vaşinqton Rusiyaya qarşı sanksiyaları genişləndirib.
ABŞ Maliyyə Nazirliyi kibertəhlükəsizlik məqsədi ilə Rusiyadan olan 7 şirkətə qarşı sanksiya tətbiq edib. Eyni zamanda, Rusiya və Ukrayna vətəndaşı olan 17 nəfərə qarşı da sanksiya tətbiq olunub. ABŞ Prezidenti Donald Tramp rusiyalı rəsmilərin bu yaxınlarda Nyu-Yorka səfərinə qoyulan viza qadağası ilə bağlı yaranmış problemin həllinə çalışacağına öz versə də yeni sanksiyalar bunun reallıqdan uzaq olduğunu göstərir.
ABŞ Maliyyə Nazirliyinin sanksiya qərarı Rusiya ilə münasibətlərdəki gərginliyi bir qədər də artıra bilər. Ancaq Maliyyə Nazirlyinin məhz kibertəhlükəsizlik məsələsi üzərində dayanması çox güman ki, ABŞ-da 2020-ci ildə keçirilək prezident seçkilərinə hesablanıb. Rəsmi Vaşinqton ötən prezident seçkilərində baş vermiş səhvin təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə bir il əvvəldən hazırlıq görür. ABŞ hələ 2018-ci ildə “Sanksiyalar Yolu İlə Amerikanın Düşmənləri ilə Mübarizə” (CAATSA) qanunu çərçivəsində Rusiyanın seçkilərə kibermüdaxiləsi ilə bağlı da sanksiyalar tətbiq edib. Ancaq görünür, növbəti prezident seçkiləri ərəfəsində Rusiyaya qarşı sanksiyaların gündəmə gəlməsi Rusiyanı tam zərərsizləşdirmək məqsədi daşıyır. Xüsusi prokuror Robert Müllerin apardığı tədqiqatda da Rusiyanın seçkilərə müdaxiləsi sübuta yetirilib. Lakin prokurorun bu kiberhücumların səsvermənin nəticələrini dəyişəcək qədər yüksək olmadığına dair verdiyi rəy Donald Trampı impiçmentdən xilas edə bildi. Buna baxmayaraq, seçkilərə Rusiya təhlükəsi tam aradan qalxmayıb. Rusiya 2020-ci ildə səsvermənin nəticələrini dəyişmək üçün bütün texnoloji, kəşfiyyat və siyasi resurslarından istifadə etməyə çalışacaq. Ona görə də ABŞ-ın yeni sanksiyaları Putin administrasyasına həm də bir xəbərdalıq mesajıdır.
Qeyd edək ki, prezident Trampa qarşı impiçment təhlükəsi yarananda Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi artıq Ağ Evin rəhbərinin ənənəvi siyasi manipulyasiya üsuluna çevrilib. Bu baxımdan son günlər Nümayəndələr Palatasında Donald Trampa qarşı impiçmentlə bağlı demokratların başlatdığı dinləmələr fonunda Rusiyaya qarşı sanksiyaların yenidən gündəmə gəlməsi təsadüfi görünmür. Xüsusilə də həmin qadağaların kibertəhlükəsizlik məqsədilə tətbiqi prezident Trampın seçkilərə Rusiyanın müdaxiləsinə qarşı olduğunu nümayiş etdirməyə yönəlib. Bununla da ABŞ Prezidenti impiçment məsələsinə münasibətdə, həm cəmiyyətdə, həm də hakim elita daxilində rəyi öz xeyrinə dəyişməyə çalışır. İkinci müddətə prezidentliyə iddialı olan Donald Trampın Ukrayna Prezidenti Zelenskiyə təzyiq göstəməsi ilə bağlı ətrafında yaranmış impiçment qalmaqalından sonra siyasi reytinqi xeyli aşağı düşüb. Hətta Donald Trampın namizədliyinin Respublikaçılar Partiyası tərəfindən dəstəklənəcəyi belə şübhə altındadır. Ona görə də Ağ Evin rəhbəri yenidən Rusiyanın seçkilərə kibermüdaxiləsi məsələsini gündəmə gətirib sanksiya tətbiq etməklə siyasi mövqelərini möhkəmlətməyə çalışır.
Politoloq Elşən Manafovun sözlərinə görə, ABŞ-ın Rusiyaya qarşı sanksiya tətbiq etməsi 2016-cı ilin prezident seçkiləri zamanı Hillari Klintonun qələbəsinin qarşısını almaq üçün D.Trampın xeyrinə kibermüdaxiləyə yol verməsi i ilə bağlıdır:
“Ümumiyyətlə, kibertəhlükəsizlik müasir dünya dövlətlərini düşündürən və narahat edən əsas problemlərdən biridir. Ayrı-ayrı dövlətlərin müdafiə sənayesi və rabitə orqanları kibertəhlükəsizliyin təşkili üçün müxtəlif vasitələr axtarır. Rusiyaya qarşı sanksiyalar da 2016-cı ildə ABŞ-a qarşı tətbiq edilmiş üsullarla əlaqələndirilə bilər. Bu da ABŞ-la Rusiya arasında onsuz da gərgin olan münasibətlərin yüksələn xətt üzrə artmasına səbəb ola bilər. Sanksiyaların qüvvəyə minməsinə imza atan Birləşmiş Ştatların Prezidenti Donald Trampdır. Demokratlar Partiyasının Trampa impiçment elan edilməsi ilə bağlı Nümayəndələr Palatasında dinləmələrə başladığını nəzərə alsaq, ictimai rəy də prezidentin xeyrinə deyil. Donald Trampın Ukrayna Prezidenti ilə söhbəti zamanı ona təzyiq göstərməsi barədə məlumatlar rəqiblərinin ona hücuma keçməsi üçün şərait yaradıb. Ona görə də Prezident Tramp bu cür manevrlər etməklə ictimai rəydə yaranmış mənzərəni dəyişmək, özünün Rusiyanın adamı olmadığını təsdiq etməyə çalışır. Amma ABŞ və Rusiyanın münasibətlərində gərginlik yüksək həddədir. Vaşinqtonun Yaxın və Orta Şərqlə bağlı planlarının qarşısına Rusiya çıxdı. Rusiya və Türkiyənin birgə əməliyyatlarından sonra ABŞ Suriyanı tərk etməli oldu. Suriyanın federal dövlətə çevrilməsi planı təxirə salındı. Bu isə ərəb dünyasında ABŞ mövqelərinin zəifləməsinə və Rusiyanın təsirinin artmasına səbəb oldu. Üstəlik, ABŞ-ın Yaxın və Ortamənzilli Raketlərdən İstifadənin Ləğvinə dair müqavilədən çıxması və buna görə Rusiyanı ittiham etməsi iki ölkə arasında münasibətləri daha gərgin müstəviyə qaldırıb”.
Cebhe.info