Ukrayna üçün pis ssenari: Putinin planı ölkəni federallaşdırır


Ukrayna üçün pis ssenari: Putinin planı ölkəni federallaşdırır

Rusiya Prezienti Vladimir Putin illik mətbuat konfransında Ukraynaya qarşı ərazi iddiaları səsləndirib.

“Ukrayna özü “LXR” və “DXR”-in mövcudluğunu tanıyıb”-Vladimir Putin belə deyib. Putinin sözlərindən belə məlum olub ki, Ukrayna “LXR” və “DXR”i Minsk razılaşmalarını imzalamağa məcbur etməklə onların mövcudluğunu tanımış olub. Bununla da Rusiya Prezidenti Donbas münaqişəsinin həllinə dair aparılan danışıqlarda Luqansk və Donetskdəki separatçı rejimlərin Minsk sazişinə uyğun olaraq Ukrayna ilə bərabərhüquqlu tərəf kimi iştirakının mümkünlüyünə işarə edib. 

Bundan başqa, Vladimir Putin Qara dənizin şimalını ənənəvi Rusiya əraziləri adlandırıb. Ukrayna Xarici İşlər Nazirliyi isə buna cavab olaraq etiraz bəyanatı yayıb. “Rusiya Federasiyasının Ukraynanın ərazi bütövlüyünə xələl gətirmək cəhdlərini pisləyirik. Putinin və onun ixtira etdiyi novellaların heç biri bizim üçün işləməyəcək. Üstəlik, tarixə dönək: kim kimə məxsusdur? Bir vaxtlar Moskva Kiyevə tabe olub. Buna görə nəticələr haqqında deyil, kökləri barədə danışaq”, - deyə xarici işlər nazirinin müavini Vasili Bodnar bildirib. 

Politoloq Elşad Mirbəşiroğlu hesab edir ki, Donetsk və Luqanskdakı separatçı rejimlərin Minsk sazişi vasitəsilə danışıqlara prosesinə qoşulması Ukraynanın ərazi bütövlüyünü təhlükə altına sala bilər. Ona görə də Ukraynaın cənub şərqində yaranmış münaqişənin aradan qalxması üçün Qərb və Rusiya arasında kompromis əldə olunmalıdır. Əks halda, Ukrayna iki geostrateji güc mərkəzi arasında savaş meydanı olaraq qalacaq: “Tarixin istənilən mərhələsində dövlətin ərazi bütövlüyü müzakirə predmeti ola bilməz. Ukraynanın ərazi bütövlüyü və suverenliyi müasir dünyada ərazisində münaqişə olan müstəqil dövlətlərə baxış bucağını formaslaşdıran gerçəklikdir. Lakin hər bir situasiyaya görünməyən tərəflərindən çıxış edərək yanaşmaq lazımdır. Məsələn, 2014-cü ildə Ukraynanın ətrafında beynəlxalq nüfuz savaşı başlandı. 2014-cü ilin fevral hadisələri əslində Qərblə Rusiyanın Ukrayna üzərindən apardlığı geostrateji nüfuz müharibəsi idi. Yəni bu, məsələnin görünən tərəfi idi. Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalamaqdam imtina edən Ukrayna prezidenti Viktor Yanukoviç hakimiyyətinin sonunu gətirmiş oldu. Qərb dairələri Yanukoviçin bu addımı atacağını gözləyirdi. Ona görə də inqilab ssenarisi əvvəlcədən hazırlanmışdı. Digər tərəfdən, Rusiya üçün təhdid yaradan məqamlar meydana gəlirdi. Belə ki, Qara dənizin NATO-nun daxili dənizinə çevrilməsi planları mövcuddur və bunun həyata keçirilməsi üçün real əsaslar baş verə bilərdi. Rusiya da belə bir geosiyasi təhlükənin qarşısını almaq üçün görünür, qabaqlayıcı addım atdı. Amma bütün bunlar əsas vermir ki, Ukraynanın cənub-şərqində gedən proseslərə siyasi ritorika ilə dəstək nümayiş etdirilsin. Fikrimcə, Donetsk və Luqanskda yaranmış vəziyyətə görə məsuliyyəti Qərb dövlətləri öz üzərinə götürməlidir. Çünki Rusiya böyük dövlətdir və onun öz maraqları var. Rusiya özünün sərhədləri yaxınlığında, əhalisinin böyük qismi ruslardan olan Ukraynada baş verən hadisələrə biganə qala bilməzdi.

Vladimir Putinin mətbuat konfransında söylədiyi fikirlər də Rusiyanın maraqlarından irəli gəlir. Təbii ki, “Normand formatı”nın Parisdə keçirilmiş görüşündən müsbət nəticə gözləmək mümkün deyildi. Yəni Parisdə keçirilən müzakirələrdə münaqişənin həlli istiqamətində ciddi dəyişikliyin baş verəcəyinə ümid yox idi. Ona görə də düşünürəm ki, Qərb dövlətləri Ukrayna üzərindən Rusiyaya qarşı cəbhə açmaq niyyətlərinə son qoysalar, o halda, Moskva ilə daha asan anlaşmaq mümkün olacaq. Rusiya da Ukraynanın ona qarşı platsdarm kimi istifadə olunduğunu gördüyü üçün mövqeyində dəyişiklik edə bilər. Ancaq mən mövcud vəziyyətə bəraət qazandırmaq istəmirəm. Sadəcə olaraq, Putinin mətbuat konfransında dediyi ifadələr yaranmış vəziyyətdə mühüm rol oynamış Qərbə mesaj ötürmüş oldu. Bütün hallarda Donetskdə və Luqanskda baş verənlərin dünyada presedentə çevrilməsinə yol vermək olmaz. Donbasda yaranmış vəziyyətə görə Rusiya ilə yanaşı, Qərb də bir o qədər məsuliyyət daşıyır. Qərb Rusiyanın Qara dənizdə imkanlarını məhdudlaşdırmaq, beynəlxalq proseslərə təsir imkanlarını minimuma endirməyə çalışırdı. Bu Qərbin hesablanmamış strategiyasının nəticəsi idi. Yəni bu gün Ukrayna Qərbin düzgün hesablamadığı addımların bəlasını yaşayır”.

Ekspert qeyd etdi ki, Prezident Zelenskinin separatçı rejimləri Minsk sazişi vasitəsilə danışıqlara cəlb etməsi Ukraynaın parçalanmasına səbəb ola bilər: “Münaqişənin tənzimlənməsi ilə Fransa, Almaniya, Ukrayna və Rusiya iştirak edir. Rusiyanın danışıqlarda aparıcı mövqe tutması səmərəli nəticə verə bilməz. Çünki Rusiya tam maraqlı tərəfdir. Ümumiyyətlə, Zelenskinin yunaşması Rusiyanın maraqlarına müəyyən qədər cavab verə bilər. Yəni Dontskdə və Luqanskdakı separatçı rejimləri bərabərhüquqlu tərəf kimi danışıqlara qoşmaq gələcəkdə bu oyuncaq qurumların gələcək statusları ilə bağlı ilkin təsəvvürləri formalaşdıracaq. Belə ki, gələcəkdə Ukraynanın federativ dövlətə çevrilməsi haqqında qənaət yarada bilər. Çünki həmin ərazilər Ukraynaya məxsusdur. Rəsmi Kiyev həmin separatçı rejimlərin danışıqlara iştirakına razılıq versə, onları müstəqil subyekt kimi qəbul etmiş olar. Bu da gələcəkdə Donbas münaqişəsi ilə bağlı Ukraynanın siyasi mövqelərinin zəifləməsi deməkdir”./Cebhe.info/



Tarix: 21-12-2019, 21:48
Xəbəri paylaş





Xəbər lenti