Donald Tramp Rusiyaya məxsus "Şimal axını-2" qaz kəmərinin tikintisinin dayandırılması ilə bağlı sənədə imza atdı. Kəməri çəkən İsveçrənin "Allseas" şirkəti ABŞ sanksiyalarının təhdidi ilə üzləşdi və işi dayandırdı. Almaniyanın maraqlarına toxunan bu qərara kansler Angela Merkel birmənalı münasibət sərgilədi: “ABŞ sanksiyalarının əleyhinəyik”.
Hazırda bu məsələ Almaniya mediasının gündəmindədir. Ən çox müzakirə olunan bu mövzuya “Die Welt” nəşri də qoşulub.
Qeyd olunur ki, dekabrın 19-u amerikalı senatorlar Ted Kruz və Ron Conson İsveçrə şirkətinin rəhbəri Edvard Xirema təhdidlə dolu mesaj göndərib. Yazıblar ki, bundan sonra işi "bir gün belə" davam edərsəniz "potensial zərərli hüquqi və iqtisadi sanksiyalarla" üzləşə bilərsiz. Siyasətçilər "Allseas"-ın rəhbərinə xəbərdarlıq ediblər ki, əgər şirkət layihədə iştirakını dayandırmasa, onda ona qarşı ağır sanksiyalar tətbiq olunacaq. Belə ki, siyasətçilər bu baş verməyəcəyi təqdirdə şirkətin bütün aktivlərinin dondurulacağını, onunla iş birliyinə qadağa qoyulacağı və şirkətin təmsilçilərinin ABŞ-a girişinə icazə verilməyəcəyini bəyan ediblər.
Donald Tramp 2020-ci maliyyə ili üçün 738 milyard dollar həcmində müdafiə büdcəsini təsdiq edib. Bu, ötən ilin büdcəsi ilə müqayisədə 3,1% çoxdur. İş orasındadır ki, Rusiyanın "Şimal axını -2" və "Türk axını" qaz kəmərlərinə qarşı sanksiyaların tətbiq edilməsi də bu büdcədə öz əksini tapıb. Sanksiyalar "Avropanın enerji təhlükəsizliyinin təmin olunması" tədbirləri kimi nəzərdən keçirilir. Həmçinin sənəddə Rusiya ilə hərbi sahədə əməkdaşlıq da qadağan olunur.
Bəri başdan bəllidir ki, "Şimal axını-2" layihəsinin həyata keçməsinin qarşısını almaq mümkün deyil. Bir faktı xatırladaq: Rusiyanın "Qazprom" şirkəti bəyan etmişdi ki, "Şimal axını-2" layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq. Son məlumata görə kəmərin yekunlaşması üçün 300 kilometrlik hissə qalıb. Həqiqətən də işin böyük bir hissəsi görülüb. 1220 kilometr uzunluqdakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaqdı.
Təbii ki, Donald Trampın bu qərarını Almaniya ilə yanaşı Rusiya da süngü ilə qarşılayıb. Ancaq Almaniya Federal hökumətini sakitləşdirməyə çalışan ABŞ-ın Berlindəki səfiri Richard Allen Grenell bəyan edib ki, bu qərar Avropanın maraqlarını müdafiə etmək üçün verilib. 15 Avropa ölkəsi, Avropa Kommisiyası və Avropa Parlamenti bu məsələ ilə bağlı narahatlığını bildirib.
“Bild am Sonntag” qəzetinə verdiyi müsahibdə səfir deyib ki, bu qərara görə bir çox Avropa diplomatı ABŞ adminstrasiyasına təşəkkür edib.
Bu fakt bir daha onu göstərir ki, “Şimal Axını-2” heç də bütün avropalıların ürəyincə deyil və Almaniyanın mövqeyi ən azı Avropa Birliyinə daxil olan ölkələrin yarısı tərəfindən təqdir olunmur. Bu isə Avropa Birliyinin daxilində dövlətlərarası münasibətlərin göründüyü qədər də monolit olmamasından xəbər verir.
Maraqlıdır ki, sözügedən qərar "Avropanın Enerji Təhlükəsizliyinin Müdafiə Qanunu" adlandırılıb.
O da aydındır ki, Rusiya və Almaniya bu qərara müqavimət göstərəcək. Avropa Birliyinin də bu işə müdaxilə etməsi qaçılmazdır. Çünki Almaniya Avropa Birliyinin mühərriki hesab olunur və bu ölkə ilə bağlı qərarlar bütövlükdə Avropa Birliyinə sirayət edir.
Almaniyanın SPD parlament qrupunun lideri Rolf Mützenichin transatlantik müdaxiləyə belə münasibət bildirib: "Tramp üçün AB və Almaniya açıq şəkildə müttəfiq tərəfdaşlar deyil, onlar bizə xərac öhdəliyi olan vassal kimi baxırlar”.
Avropa Birliyi Komissiyası isə bu işə ehtiyatlı yanaşma nümayiş etdirir. Hazırda Trampın verdiyi qərarın Avropa şirkətlərinə təsiri araşdırılır, rəsmi Brüssel vəziyyəti gərginləşdirməkdən çəkinir və ölçüb-biçilmiş addımlar atmağa çalışır.
"Prinsipcə Avropa Birliyində 2019-cu ildə qüvvəyə minmiş qanuna görə Avropa şirkətlərinə qarşı sanksiyalar rədd edilir", Avropa Komissiyasının üzvü bəyan edib. Bizim üçün önəmli olan odur ki, “Şimal Axını-2”nin çəkilişi şəffaf, qanunu əsaslarla və lazımi nəzarət altında olsun. Həmin qanuna əsasən Qaz Direktivi ilə artıq Avropa qaz bazarında üçüncü ölkələrdən daxil olan bütün boru kəmərləri üçün dəqiq qaydalar mövcuddur.
"Federal hökumət xaricdən gələn bu cür sanksiyaları rədd edir", Almaniya hökumətinin təmsilçisi Ulrike Demmer belə deyib.
Federal hökumətin transatlantik koordinatoru Peter Beyer (CDU) Almaniyanın “dpa” agentliyinə verdiyi açıqlamada cəza tədbirlərinin Almaniyaya qarşı yönəlmədiyini söyləyib.
Əlbəttə, Azərbaycan olaraq bu olay bizim xeyrimizədir. Avropa bazarında Azərbaycan qazına olan maraq və ehtiyacın artmasına xidmət edir. Biz dünyanın super gücləri arasında mövcud olan bu ziddiyyətlərdən ehtiyatla və ağıllı şəkildə yararlanmağı bacarmalıyıq./Musavat.com/