İspaniya hakimiyyəti bir əlil şəxsi yanan mənzildən xilas etməsindən sonra Seneqaldan gəlmiş qanunsuz müsəlman mühacirə ölkədə rəsmi yaşayış icazəsi verməyi düşünür.
Moderator.az xəbər verir ki, bu haqda “El Pais” nəşri məlumat yayıb.
Gorgi Lamin Sou, həmişə olduğu kimi, boyunbağı və digər zərgərlik əşyaları satırdı. Denia küçəsində qışqırıqları eşidəndə müsəlman qaçqın evlərdən birinin ikinci mərtəbəsindəki pəncərədən qara tüstü qalxdığını gördü. O, dərhal köməyə tələsdi və fasaddan dırmaşaraq binaya qalxdı...
"Mən heç nə barədə düşünmədim. Sadəcə, qışqırıqları eşitdim və köməyə qaçdım" –deyə seneqallı qaçqın jurnalistlərə söyləyib.
Fədakar müsəlman mənzildə əlillik səbəbiylə otaqdan çıxa bilməyən 39 yaşlı Aleksi aşkar edib. Gorgi qonşuların gətirdiyi taxta nərdivanla kişini eyvandan küçəyə endirib və sonra hadisə yerini tərk edib. Bu hadisə çox sürətlə bütün yerli mediada yayılıb və yüksək səlahiyyət sahiblərinə də çatıb. İndi ölkə hakimiyyəti qanunsuz mühacirə və onun ailəsinə necə kömək etmək barədə qərar hazırlayır. Çox güman ki, İspaniyada Gorgi və ailəsinə erkən yaşama icazəsinin verilməsi məsələsi həll edilir.
Sultan Laçın