Xamenei “qəlbimiz yandı” deyir, beş ölkə pul tələb edir...

 

Vurulan təyyarəyə görə Kiyevdən gələn ekspertlərə məhdudiyyət qoyulub; İranın ali rəhbəri: “Son iki həftə bizim üçün macəra dolu oldu...”

SEPAH tərəfindən səhvən raket zərbəsi ilə vurulmuş və 176 nəfərin həlak olması ilə nəticələnmiş Ukrayna təyyarəsi barədə tam hesabat tələb olunur. Qəzada vətəndaşlarını itirən Əfqanıstan, Böyük Britaniya, Kanada, İsveç və Ukraynanın xarici işlər nazirləri İranın həm də təzminat ödəməli olduğunu bildirir.
XİN rəhbərlərinin sözlərinə görə, onlar İrandan azad və şəffaf beynəlxalq araşdırma aparılmasında, vəfat edənlərin ailələrinə kompensasiya verilməsi daxil olmaqla beş tələbdə razılaşıblar. Kanadanın xarici işlər naziri François-Filip Şampaqni deyib ki, ailələr cavab istəyir. Artıq İranda vurulan Ukraynanın “Boinq 737-800” təyyarəsinin dağıntılarını buldozerlərlə təmizləyiblər.
Ərazidə axtarış aparan Kiyev Elmi-Tədqiqat İnstitutunun Məhkəmə ekspertizasının direktoru Aleksandr Rubin deyib ki, təyyarənin qalıqlarına baxmaq imkanı yaradılıb: “Anqarda olduqlarını dedilər. Biz isə günün sonunda anqara çatdıqda orada sadəcə, təyyarənin dağılmış hissələrini gördük və nəyisə anlamaq mümkün deyildi. Ekspertlərə vaxt məhdudiyyəti qoyulmuşdu”.
“Son iki həftə bizim üçün macəra dolu oldu. Bu iki həftədə İran xalqı üçün acı, şirin və ibrət götürüləsi hadisələr baş verdi”. Bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei yanvarın 17-də cümə namazı xütbəsində çıxışı zamanı deyib. O bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı, general Qasim Süleymaninin öldürülməsinə sərt cavab verilib.
“ABŞ yalandan İran xalqının yanında olduğunu deyir. Baxın görün İran xalqı kiminlədir?! Qasım Süleymaninin fotosunu təhqir edən insanların sayı yüz-iki yüz nəfərdir, lakin onun xatirəsini əziz tutaraq küçələrə axışan insanların sayı milyonlarladır”, - deyə o, vurğulayıb.
İranın ali rəhbəri qeyd edib ki, Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında səhvən vurulması üzücü hadisədir: “Bu, acı hadisə idi və bizim qəlbimizi sözün həqiqi mənasında yandırdı. Komandanlara təşəkkür edirəm ki, hadisə ilə bağlı xalqa doğru məlumat verdilər. Lakin bu məsələ ciddi şəkildə araşdırılmalıdır ki, oxşar hadisələrin qarşısı ciddi şəkildə alınsın”.
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi isə xatırladıb ki, təyyarənin vurulması siyasi məqsədlər üçün istifadə edilməməlidir. Beş ölkənin nazirlərinin Londonda görüşünə münasibət bildirən XİN sözçüsü iclasın keçirilməsinin qəribə olduğunu bildirib: “İran İslam Respublikası doğmalarını itirən ailələrin ağrılarını sakitləşdirmək üçün göndərilən nümayəndə heyətləri ilə çox sürətli və səmərəli əməkdaşlıq edir. Meyitlərin şəxsiyyəti müəyyənləşdirilib və bütün tərəflərin iştirakı ilə texniki araşdırmalar aparılır. Bu araşdırmalar qanun çərçivəsində İranın bütün müvafiq institutları tərəfindən müəyyən nöqtəyə qədər davam edəcək”.  
Bu arada İranda 180-dan çox yazıçı və ədəbi təşkilat bəyanat yayıb. Bəyanatda təyyarənin vurulmasına əmr verən, eləcə də əmri icra edən hər kəsin cəzalandırılması tələb edilir. “Bu kimi addımlarla yaxınlarını itirdiklərinə görə qəm-qüssə içində boğulan ailələrin aidiyyəti orqanların məsuliyyətsizliyi, yarıtmazlığı və səmərəsizliyindən də qəzəblənmələrinə şərait yaratmağı doğru hesab etmirik”, - deyə yazıçılar qeyd ediblər.
Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması barədə məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub. Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bəyanat yayıb.
Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәri Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.
Tarix: 17-01-2020, 21:44
Xəbəri paylaş





Xəbər lenti