ABŞ-ın Belarusa marağı artır. Amerikalı politoloq, “Kissinger Associates” konsaltinq şirkətinin direktoru Tomas Qrem belə deyib.
ABŞ-ın dövlət katibi Mayk Pompeonun Belarusa səfərinin nəticələrini şərh edən ekspert bundan əvvəl prezidentin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Boltonun da Minskdə apardığı danışıqları xatırladıb.
“Bu, ABŞ-ın Belarusa marağının artdığını göstərir. Biz istərdik ki, münasibətlər quraq. Ona görə də mən hesab edirəm ki, perspektivdə biz ölkələrimiz arasında daha sıx və daimi əlaqələrə malik olacağıq. Düşünürəm ki, bizim münasibətlərimizin qarşısında müsbət şeylər çoxdur ”-Tomas Qrem belə deyib.
Politoloqun fikrincə, hazırda əsas məsələ münasibətlərin necə qurulmasıdır. “Bundan öncə diplomatik əlaqələrin səfirlər səviyyəsində bərpa olunması barədə razılıq əldə olunub. Bu addım qabaqdadır. Həmçinin, əlaqələrin inkişaf etdirilməsində iqtisadi maraq da var”.
Tomas Qrem hesab edir ki, bir müddət ABŞ və Belarus arasında münasibətlər gərgin olub. Ciddi əlaqələr mövcud olmayıb. Lakin indi başqa vəziyyətdir. “Belarus öz müstəqilliyini saxlamağa çalışır. Biz isə bu siyasəti dəstəklədiyimizi göstərmək istədik”.
Qeyd edək ki, Mayk Pompeo Minskə səfəri zamanı prezident Aleksandr Lukaşenko və xarici işlər naziri Vladimir Makeylə görüşüb. Dövlət katibi ABŞ-ın Belarusa qarşı sanksiyaları ləğv etmək istədiyini deyib. Cənab Pompeonun ABŞ-ın Belarusu 100 faiz neftlə təmin etməyə hazır olduğunu deməsi ciddi siyasi rezonansa səbəb olub. Rəsmi Vaşinqton Belarusun xarici asılılıqdan imtina etməsi müqabilində belə təkliflə çıxış edib. ABŞ Dövlət Departamenti rəhbərinin Minskə Rusiya neftindən imtina etmək çağırışı etdiyini görmək çətin deyil. Bu, ABŞ-ın Belarusu Rusiyanın təsir dairəsindən çıxartmağa hesablanmış strateji planından xəbər verir. Sözügedən plan Amerikanın Şərqi Avropada və post-sovet məkanındakı geosiyasi, həm də geoiqtisadi maraqlarını özündə ehtiva edir. Lukaşenko iqtidarının neft tədarükü məsələsində Vaşinqtonun təklifini tamamilə qəbul etməsi təbii ki, Rusiyanın sərt siyasi reaksiyası və iqtisadi təzyiqləri ilə müşahidə olunacaq. Bu isə bölgədə yeni situasiyanın yaranmasına səbəb ola bilər. Kremllə münasibətlərdə kifayət qədər ehtiyatlı addım atan prezident Lukaşenko Ukrayna kimi Belarusun da ABŞ və Rusiya arasında mübarizə meydanına çevrilməsini istəmir. Ona görə də Pompeonun açıq və qapalı danışıqlarda verdiyi təkliflər Minskdə ciddi təhlil ediləcək. Ancaq bölgədə yaranmış geosiyasi dəyişiklikləri nəzərə alan Belarus prezidenti də Rusiyanın təzyiqlərindən yayınmaq üçün ABŞ-ın təminatı ilə güclü dividentlər əldə etmiş olur. Pompeonun səfəri ABŞ-la Rusiya arasındakı qarşıdurma sahəsinin Ukraynadan şimala-Belarusa doğru keçdiyini göstərir. Çünki Belarus Kremllə yaxın münasibətlərdə olmasına baxmayaraq, Şərqi Avropa məkanında Rusiya və ABŞ arasında qalmış yeganə neytral əraziyə çevrilib. Prezident Vladimir Putinin bütün cəhdlərinə baxmayaraq, Belarus ərazisində Rusiyanın hərbi baza yerləşdirmək təklifini qəbul etməyib. Belarusun qərbi və şimalı NATO ölkələri ilə əhatə olunub. Cənubdakı Ukrayna isə ABŞ-ın təsir dairəsinə daxildir. Ukraynadakı Rusiya işğalı isə Belarusun suverenliyi üçün ciddi təhlükə yaradır. Ona görə də Belarus 2014-cü ildən bəri həm ABŞ başda olmaqla NATO, həm də Rusiya üçün bufer zonası rolunu oynayır. Yəni Rusiyanın Belarusda hərbi baza yerləşdirməsi və ya hər iki ölkənin vahid ittifaq dövlətində birləşməsi Polşa, Litva, Latviya, Estoniya, İsveç, Finlandiya üçün ciddi təhlükə yarada bilər. Son dövrlər Polşanın hərbi arsenalını gücləndirməsi və ABŞ-ın bu ölkədəki hərbçilərinin sayının artırılması da məhz Rusiya təhlükəsinə qarşı ehtiyat tədbir planı ilə bağlıdır. Rusiya Belarusun Babruysk hərbi hava bazasında bombardmançı təyyarələr, Litva sərhəddi yaxınlığında tank qoşunları və Polşa istiqamətində orta mənzilli raketlər yerləşdirməkdən ibarətdir. Lakin Aleksandr Lukaşenkonun Rusiya hərbi bazalarını ölkəyə buraxmaması Şərqi Avropa ölkələrini bu təhlükədən qoruyur. Minskin bu davranışı Şərqi Avropanın təhlükəsizlik sistemini nəzarətdə saxlamaq baxımından, ABŞ-ın maraqlarına cavab verir. Yəni Belarus Polşa, Skandinaviya ölkələri və Baltikyanı respublikalar üçün hazırda bufer zonaya çevrilib.
Eyni zamanda, Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatına və Avrasiya İqtisadi Birliyinə üzv olan Belarusun Ukraynadan fərqli olaraq Qərblə münasibətlərdə müəyyən qədər siyasi məsafə saxlaması, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına mane olur. Bu mənada, Belarus həm də Rusiya üçün bufer zona kimi əhəmiyyətə malikdir.
Lakin son dövrlər Belarusun Rusiya ilə münasibətlərində artan narazılıq prezident Lukaşenkonun Qərbə loyal jestləri ilə müşahidə olunur. 2019-cu ilin dekabr ayında hər iki ölkənin vahid ittifaq dövlətində birləşmək barədə razılaşması yenidən pozuldu. Yanvar ayında isə Rusiyanın Belarusa idxal etdiyi neftin və təbii qazın qiymətini artırması rəsmi Minski alternativ mənbələr axtarmağa sövq etdi. Nəhayət, Belarusun Norveçdən neft idxal etməsi görünür, Avropanın enerji bazarında üstünlüyü ələ almağa çalışan ABŞ-ın diqqətindən yayınmayıb. Mayk Pompeonun Minskə səfəri və Belarusun neftə tələbatını ABŞ-ın tam təmin etməyə hazır olduğu barədə açıqlaması enerji bazarı uğrunda rəqabətin artmasından xəbər verir. Belə ki, Rusiya Avropa ölkələrinə xam nefti Belarus ərazisindən nəql edir. Belarusun ABŞ-ın şist neftinin istehlakçısına çevrilməsi bu ölkəni Rusiyanın enerji və siyasi asılılığından xilas edə bilər. Bu isə Belarus Rusiyanın geosiyasi orbitindən çıxaraq ABŞ-ın iqtisadi və siyasi təsir dairəsinə düşməsi deməkdir. Pompeonun planı həyata keçərsə, Rusiyanın Belarus vasitəsilə Avropa bazarlarına çıxışını təmin edən enerji dəhlizlərdən birinin qarşısı alınacaq. Nəticədə, Avropa ölkələri ABŞ-ın təklif etdiyi neftin və sıxılmış qazın əsas alıcısına çevrilmək məcburiyyətində qala bilər. Ona görə də çox güman ki, Rusiya bu bazarı və dəhlizi qorumaq üçün Lukaşenko hakimiyyəti ilə ya təzyiq, ya da qiymətləri aşağı salmaq yolu ilə anlaşmağa çalışacaq. Əks təqdirdə, Belarusun ABŞ-ın yaxın tərəfdaşına çevrilməsi Rusiyanın şərqdən mühasirəsinin tamamlanmasına səbəb ola bilər. Bu da Kremlin Ukrayna və Donbas üzərində təsir imkanlarının azalmasına şərait yaratmış olar. ABŞ Rusiyanın Belarusdakı enerji maraqlarına ciddi problem yaratmaqla Moskvanı Ukrayna münaqişəsində güzəştə də vadar etmək imkanı əldə edir. Yəni Vaşinqton artıq bufer zonanı yarmaq və Belarus üzərindən Rusiya sərhəddinə çıxmağa çalışır. Lukaşenko ilə Vaşinqton arasında anlaşma baş tutarsa, Kremlin Donbasla balı mövqeyində dəyişiklik ehtimalı artacaq.
Rusiyanın “Strategiya” Analitik Mərkəzinin rəhbəri Valeri Karbaleviç hesab edir ki, Mayk Pompeonun səfəri ABŞ-ın bölgədə təsirini artırmaq niyyətindən xəbər verir. “ABŞ Şərqi Avropa bölgəsinə qayıdır. Ukraynada, Polşada, Baltikyanı ölkələrdə fəal iştirak edib. Belarus ABŞ-ın təsiri baxımından bir boşluq idi və indi də onu doldurur. Əslində, ABŞ bu bölgədəki nüfuz uğrunda rəqabətə girib. Pompeonun səfəri də bunu göstərir”.
Rəqabətə misal kimi Karbaleviç Pompeonun ABŞ-ın Belarusu sərfəli qiymətlərlə neftlə təmin etməyə hazır olması barədə açıqlamasını göstərib. “Rusiya ilə qarşıdurma fonunda, belarusa neft satmaq təklifi Vaşinqtonun bu bölgədəki nüfuz qazanamaq üçün Rusiya və hətta Çin ilə rəqabət etməyə hazır olduğunu nümayiş etdirir”-deyə ekspert bildirib./Cebhe.info/