"Bu rejim mövcud olduqca, xaos bir o qədər qanlı və uzunmüddətli olacaq..."






Rusiyada iqtisadi böhranla paralel siyasi böhranın da sürətlə dərinləşdiyi açıq hiss olunur. 

Moderator.az bu vəziyyəti əks etdirən siyasətçi Leonid Qozmanın RF prezidenti Vladimir Putinin konstitusiya dəyişiklikləri planları haqqında “Exo Moskvı” radiosunun saytında yayımlanan məqaləsini diqqətinizə çatdırır. 


“İş onda deyil ki, Putin avtoritar və ya hansısa bir dövlət qurur və bu mənə və ya sizlərə xoş gəlmir. Ən pisi odur ki, o, özünü dövlətçi elan edir, amma dövləti ardıcıl və məqsədyönlü şəkildə məhv edir.
İstənilən dövlət – bu, birinci şəxsin hakimiyyətini obyektiv şəkildə məhdudlaşdıran prosedur və qaydalar deməkdir. Amma Putin istər xarici, istərsə də daxili siyasətdə bir şeyə - öz hakimiyyətinə avtokratiyaya can atır. Onun anlayışında suverenlik heç bir müqavilə ilə məhdudlaşmayan istədiyimizi etmək hüququdur. İstənilən dövlət institutları Ali Hökmdarın işinə qarışmamaq üçün mənasız imitasiyaya çevrilməlidir, necə ki, çevrilib. Ona kimi xeyli əvvəl, İvan Qroznı və ya Hitlerin etdiyi kimi, Putin dağıdılmış dövlətin yerində istənilən əmrləri qeyd-şərtsiz yerinə yetirən qurumlar yaradır. Suriyada müharibə etmək lazımdır, deməli, Suriyada müharibə olur, pensiya yaşını qaldırmaq lazımdır, deməli qalxmalıdır. Bizdə parlamentli bir respublika ola bilməz, çünki indiki rəhbərin hakimiyyəti dövründə parlament olmayacaq, heç bir teokratiya ola bilməz, çünki kilsə onun dövründə heç vaxt indiki acınacaqlı vəziyyətindən çıxmayacaqdır.

Bu siyasətin mənfi nəticələri hələ qabaqdadır. Hər şey bitdikdə - başçının ölümü və ya başqa bir səbəblə əlaqədar – hansısa legitimliyi olan bir struktur da qalmayacaqdır. Hər şeyi sıfırdan başlamalı olacaq, xaos da demək olar ki, qaçılmaz görünür. Şərti Şoyqu şərti Zolotovun legitimliyi ilə razılaşmayacaq və çoxlu Xalq Xilasetmə Komitələri bir-biri ilə düşmənçilik edəcək. Bu rejim mövcud olduqca, xaos bir o qədər qanlı və uzunmüddətli olacaq.

Bundan sonra “Rədd olsun çar” şüarı – heç bir ekstremizm, əksinə imperativlik olacaq”.
Tarix: 5-02-2020, 16:11
Xəbəri paylaş





Xəbər lenti