ABŞ yaxın gələcəkdə hərbi əməliyyatlarda dəmir əsgərlərdən – terminatorlardan istifadə edəcək.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, yeni nəsil robot texnologiyasının hərbdə geniş tətbiqinə çalışan ABŞ, terminatorların hazırlanmasına fantastik məbləğdə vəsaitlər xərcləməkdədir. Pentaqon hesab edir ki, bu sahədə ilkə imza atan dövlət, uzun müddət sözügedən sahədə real və psixoloji üstünlüyə malik olacaq ki, bu da siyasi maraqlarını hərbi qüvvə fonunda həyata keçirən ABŞ üçün olduqca vacibdir.
ABŞ hərbi mütəxəssisləri hesab edir ki, terminatorlardan müharibədə istifadə layihəsi baha başa gəlsə də, onlardan hərbi əməliyyatlarda istifadənin xüsusi üstünlükləri mövcuddur. Bu üstünlüklərdən ən əsası canlı qüvvə itkisinin qarşısının alınmasıdır. Bundan başqa, aparılan tədqiqatlar terminatorların mürəkkəb situasiyalarda daha çevik qərarlar verdiyini, hədəfləri qısa zamanda tanıdığını və yüksək dəqiqliklə məhv etdiyini göstərir.
Təsadüfi deyildir ki, ABŞ-ın bu sahədə ərsəyə gətirdiyi ilkin nümunələr dünyanın ən güclülərindən hesab edilən Çin və Rusiya tərəfindən heyrət və təlaşla qarşılanıb. Rusiyalı ekspertlər hesab edir ki, Kreml bu sahənin inkişafına daha çox vəsait ayırmalı, ABŞ-la Rusiya arasındakı bu geriliyin ləğvi üçün təcili addımlar atılmalıdır.
Həmçinin, rus mütəxəssisləri hesab edir ki, ABŞ terminatorlardan rus əsgərlərinə qarşı hərbi əməlyyatlarda istifadə etməyi planlaşdırır. Belə olan halda Rusiyanın da ABŞ-a “milli terminatorlar” vasitəsi ilə cavab verməsi zəruri hesab edilir.
Seymur ƏLİYEV