Azər Rəşidoğlu: “Məqsəd odur ki, Türkiyənin M4 magistralından cənuba irəliləməsinə imkan verilməsin”
Məlum olduğu kimi, İdlibdə Suriya ordu birləşmələrinin Türkiyə Silahlı Qüvvələrinin (TSQ) mövqelərinə endirdiyi aviasiya zərbələri nəticəsində 33 türk əsgəri şəhid olub. Bəşər Əsəd hakimiyyəti bunu cavab addımı adlandırıb. Xatırladaq ki, fevralın 10-dan etibarən TSQ-nin endirdiyi zərbələr nəticəsində Əsədə tabe olan ordu 1709 nəfər itki verib. Türkiyə ordusu, həmçinin 55 tank, 3 helikopter, 18 zirehli maşın və 29 topu məhv edib.
Baş verənləri AYNA-ya şərh edən politoloq Azər Rəşidoğlunun sözlərinə görə, 33 şəhid verilməsinin ardınca TSQ-nin yeni hərbi əməliyyatlara başlaması ən doğru qərardır: “Yenidən hər kəsi belə bir sual düşündürür: Suriyada nə baş verir və Ankaranın bu bölgədə iştirakı hansı zərurətdən yaranıb? Vurğulayaq ki, Ankaranın başlıca hədəfi İdlibə və qonşu ərazilərə nəzarəti qoruyub saxlamaqdır. Bu missiya tam uğursuzluğa düçar olsa, Türkiyənin vəziyyəti ağırlaşa bilər və odur ki, Ankara qətiyyət nümayiş etdirir. Rusiyanın da İdlibə girəcəyi qaçılmaz idi. Lakin bir məsələni də təhlil etmək lazım gəlir. Suriyada vətəndaş müharibəsinin bacardıqca uzun davam etməsi Vaşinqtonun planlarını pozur. Türkiyə istəyinə müəyyən mənada çatdı - Qamışlı istisna olmaqla, bütün sərhəd boyunca 30 km-lik bölgədən YPG-nin çxarılmasını təmin edə bildi. Eyni zamanda ABŞ-dan sonra Rusiya ilə də müqaviləyə legitimlik qazandırdı. Həmçinin bundan sonra Suriya ilə bağlı ABŞ-la danışıqlar aparmaq məsuliyyətindən özünü azad etdi. Rusiya bu müqavilə ilə ABŞ-ı oyundan kənarda qoydu. İran zatən oyundan kənar vəziyyətdə idi. Əsədin Ərdoğanla razılığa gəlmək və Rusiyanın dediyini etməkdən başqa seçimi qalmamışdı. Lakin İdlibdəki son əməliyyat Ankara-Dəməşk razılaşmasının perspektivini heçə endirir”.
“Suriyanın şimalına nəzarət Rusiyanın əlinə keçəndə bəlli idi ki, Kreml ilə Ankaranın maraqları toqquşacaq. Rusiya ilə bir qədər öncə imzalanmış müqavilənin Türkiyə üçün ən təhlükəli maddəsi ondan ibarət idi ki, Türkiyə və ABŞ terrorla mübarizə əməliyyatlarını yalnız terrorçu ünsürlərlə, bu ünsürlərə məxsus sığınacaq, blokpost, silah, texniki vasitələrinin hədəf alınması ilə bağlı birgə qərar verilməsini razılaşdırır. Məsələ ondadır ki, Türkiyə YPG-ni terrorçu təşkilat kimi tanıyır, ABŞ isə yox. Amma Türkiyə "yalnız terrorçu ünsürlərə" zərbə endirə bilər, üstəlik bunu mütləq ABŞ-la razılaşdırmalıdır. Bu maddə Türkiyənin əl-qolunu bağlayır və gələcəkdə onun əleyhinə istifadə oluna bilər”, - siyasi şərhçi bildirib.
“ABŞ buna nail oldu. Lakin Kobani üçün Türkiyədən alınan zəmanət, Menbiçə və Kobaniyə yerləşməsinə icazə verilən Əsəd və rus qoşunları Türkiyənin Fəratın şərqi ilə qərbi arasındakı kommunikasiyasının qarşısını aldı. Həmçinin şərqdə Qamışlı şəhəri mühüm önəm kəsb edirdi. Bununla bərabər Türkiyənin “Misaki Milli” sərhədləri çərçivəsində Suriyaya ərazi iddiasının qarşısı alındı. Türkiyənin M4 xəttindən cənuba irəliləməsi dayandırıldı. "Qərbi Kürdüstan", yaxud "Böyük İsrail" dövlətinin özünü bərpası üçün şərait yaradıldı. Türkiyə şimalın kürd, xristian etnik tərkibini dəyişdirə bilməyə cəhd edə bilər. Gələcəkdə ərəblər bura köçürülə bilər. Amma artıq bu, ABŞ-ın diktəsindən asılı olacaq”, - o vurğulayıb.
Rəşidoğlunun fikrincə, Türkiyə getdikcə daha qəliz situasiya ilə üzləşir: “Ankaraya 30 km-lik ərazinin bir hissəsinə nəzarət etməyə imkan verilir, lakin ümumi nəzarət etməyə yox. Əslində, ABŞ Menbiçi Əsəd və Rusiyaya təhvil vermiş oldu. Menbiç M4 yolunu Fərat çayından keçən körpülərlə birləşdirən əsas strateji şəhərdir. ABŞ-ın növbəti planı Əsəd ilə Ərdoğan arasında hərbi münaqişəyə nail olmaq idi və buna nail oldu. Lakin problem bununla bitməyəcək. "Sülh çeşməsi" zonasında strateji yol və qəsəbələr bir neçə qüvvənin əlində olacaq. Bundan sonra Əsəd, İran, hətta ola bilsin, Rusiya Türkiyəni o zonadan sıxışdırıb çıxarmaq üçün təzyiqlər edəcək, danışıqlar aparacaq”.
Politoloq hesab edir ki, Türkiyənin həmin əraziyə yerləşdirdiyi qüvvələr arasında ciddi kommunikasiya problemi yarana bilər: “Bütün hallarda Qərb və İsrailin istəyi münaqişənin davam etməsi idi və İdlibdəki son əməliyyatla buna nail olundu. Xatırladım ki, Ərdoğanın “təhlükəsizlik zonası” təklifi 2012-dən mövcud idi. Məsələ odur ki, İsrailin planı Suriyanın 50 il ayağa qalxa bilməyəcək şəkildə viran edilməsi idi. İlk mərhələdə cihadçılar bu işi əla gördülər. Obamanın prezidentliyi dönəmində ABŞ Suriya ərazisinə başqa bir xarici dövləti buraxmırdı. Obamanın hakimiyyətdən getməsinə az qalmış Türkiyə şimali Suriyaya girə bildi. "Fərat qalxanı" əməliyyatı Əsədin tuta biləcəyi ərazilərə qarşı əməliyyat idi. Daha sonra Afrinə, Rojovaya daxil olan Ankara çox gözəl bilirdi ki, türk ordusu Suriyada uzun müddət qalmayacaq”.
“Fakt odur ki, Türkiyəyə M4 magistralından cənuba irəliləməyə icazə vermək istəmirlər. 2011-dən bu yana regionda bütün döyüşlər bu magistrala nəzarət etmək uğrunda gedir. İran-İraq-Suriyanı birləşdirən əsas yol, məhz adıçəkilən magistraldır. Oradan da Livana gedir. İrandan başlayan yol Ərbil və Mosuldan keçib bu magistrala birləşir. Əsəd bu dəhlizin yalnız kiçik bir hissəsinə - Hələbətrafı yola nəzarət edir. Bir sözlə, bölgədə proseslər hələ bitməyib və uzun müddət davam edə bilər”, - müsahibimiz əlavə edib.