Avropa yeni böhranla üz-üzə: İNSAN SELİ GƏLİR


Avropa yeni böhranla üz-üzə: İNSAN SELİ GƏLİR

İdlibdə baş verən hərbi əməliyyatlar nəticəsində Türkiyəyə və Avropaya miqrant axınının sayı hər saat artır.

Rəsmi Ankaranın sərhədləri açmasından sonra Avropa Birliyinə üz tutan suriyalı qaçqınlar Yunanıstan ərazisinə daxil olmağa başlayıb. Yunanıstanın sərhəd mühafizə qüvvələri və polisi bütün tədbirlərə baxmayaraq, qaçqınların qarşısını ala bilmir. Məsələyə münasibət bildirən Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan sərhədləri qaçqınalara açmaq qərarının beynəlxalq hüquq normalarına uyğun olduğunu deyib.

Ərdoğan bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə görə, hər kəsin təqiblər qarşısında qaçqın kimi digər ölkələrdən sığınacaq almaq hüququ var.

“Qaçqınlar üçün sərhədlərini bağlayan, döyən, geri göndərən, qayıqlarını batıran və ya vuran hər bir Avropa ölkəsi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 14-cü maddəsini pozur”- Türkiyə prezidenti belə deyib. Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Avropa ölkələri əgər problemi həll etmək istəyirlərsə, Türkiyənin Suriyada həyata keçirməyə çalışdığı siyasi və humanitar addımlara verməlidir.

“Digər yanaşmaların hamısı artıq ksenofobiya və irqçilik bataqlığında olan Avropa Birliyini öz dəyərlərindən bir az da uzaqlaşdıracaq”- deyə Ərdoğan vurğulayıb. Lakin Avropa Birliyi qaçqın probleminin qarşısını almaq üçün İdlib böhranına münasibətdə rəsmi Ankaraya konkret dəstək vermək niyyətində görünmür. Bu məsələdə Avropa Birliyi ölkələri arasında fikir ayrılığı müşahidə olunur. Türkiyənin yanında yer alan Bolqarıstan və Böyük Britaniyadan fərqli olaraq, Yunanıstan və Fransa əks mövqe nümayiş etdirir. Almaniya kansleri Angela Merkel isə təhlükənin ciddi olduğunu bildirsə də, hələ gözləmə mövqeyi tutur.

2012-ci ildən etibarən Suriyada baş vermiş vətəndaş müharibəsi nəticəsində yaranmış qaçqın problemindən sonra Türkiyənin tamamilə fərqli mövqe tutduğunu görmək olar. Ərdoğan hakimiyyəti artıq qaçqınlara birtərəfli qayğı prinsipindən imtina edib və bütün qaçqınlara humanitar yardımı yalnız öz üzərinə götürmək fikrində deyil. Əgər birinci qaçqın axını dövründə miqrantların böyük hissəsi, yəni 4,6 milyon nəfəri Türkiyədə məskunlaşmışdısa, Ankara bu dəfə ağırlıq mərkəzini öz üzərinə götürmək niyyətində deyil. Çünki hazırda Suriya-Türkiyə sərhədində 1 milyona yaxın qaçqın dayanıb. Ümumilikdə isə, Bəşər Əsəd rejiminin Rusiyanın dəstəyi ilə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində İdlibdən 3,5 milyondan artıq suriyalının qaçqın düşəcəyi gözlənilir. Üstəlik, Əsəd hakimiyyəti İdliblə kifayətlənməyərək bu əməliyyatları Türkiyənin nəzarətində olan və qaçqınların müvəqqəti məskunlaşdığı şimal bölgələrində davam etdirmək istəyir. Bu isə yalnız Türkiyəni deyil, bütövlükdə AB-ni miqrant böhranı ilə üzbəüz qoya bilər. Məsələn, 2014-cü ildə qaçqınların birlik ölkələri arasında bölüşdürülməsi ilə bağlı mübahisələr Avropa Birliyində parçalanmaya səbəb oldu. Məsələn, ən çox miqrant qəbul edən Almaniya, İtaliya və Yunanıstandan fərqli olaraq, Avstriya və Fransa sərt kvota tətbiq etməyin tərəfdarı idi. Fevralın 27-dən başlanaan növbəti qaçqın axınında ilk zərbə yenə Avropaya körpü rolunu oynayan Yunanıstan, Bolqarıstan və İtaliyaya dəyə bilər. Fransa prezidenti Emmanuel Makron isə Avropaya təxminən iki milyon qaçqının gələ biləcəyini deyib. Lakin Yunanıstan hökuməti bütün riskləri göz önünə alaraq bu problemin həllində Türkiyə ilə əməkdaşlıq etmək əvəzinə, siyasi düşmənçiliyi davam etdirmək prinsipinə üstünlük verir.

Avropa Birliyi 2015-ci ildən sonra miqrant probleminin qarşısını almaq və qaçqınları qovmaq üçün “Fronteks” Xarici Sərhədlərin Mühafizəsi Agentliyinin hərbi kontingentini 10 min nəfər qədər artırıb, büdcəsini isə 322 milyon avroya çatdırıb. Ancaq qaçqınların Avropa Birlyinin sərhədlərini kütləvi şəkildə keçməsi bu tədbirin nəticə vermədiyini göstərir.

Avropa ölkələri hələlik problemin həllinə qaçqınlara qarşı güc tətbiq etmək və Türkiyəni ittiham etməklə nail olmağa çalışır. Avstriyanın baş naziri Sebastyan Kurts bildirib ki, 2015-ci ildə yaranmış miqrant problemi təkrar oluna bilməz. Ona görə də baş nazir Avropa Birliyinin sərhədlərini qorumaq üçün əlavə polis qüvvələri göndərməyə hazır olduğunu deyib. O, həmçinin öz ölkəsinin də sərhədlərinin mühafizəsini möhkəmlədəcəyini söyləyib. Almaniya Bundestaqın xarici siyasət komitəsinin rəhbəri Norbert Rötgen Rusiyaya qarşı əlavə sanksiyaların zəruriliyini təklif edib. “Vladimir Putinin avropalıların çağırışlarına reaksiya verməsi üçün heç bir əsası yoxdur. Moskva güzəştə getməsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməliyik. Aİ həm diplomatiyada, həm də iqtisadiyyatda sərt bir oyuna hazır olduğunu açıq şəkildə bildirmək üçün”-deyə almaniyalı deputat bəyan edib. Lakin rəsmi Ankaranın açıqlamaları Avropa Birliyi ilə sərhədləri qaçqınların üzünə bağlamaq və humanitar böhran problemi ilə baş-başa qalmağa razı olmayacağını göstərir. Avropa Birliyi İdlib böhranının həllində dəstək verməzsə, Türkiyə qaçqınların Ədirnədən Yunanıstan-Avropa istiqamətində keçməsinə mane olmayacağını bildirib.

Milyonlarla suriyalı qaçqının Avropaya axını isə yalnız birliyə ddaxil olan ölkələrin deyil, hətta bu yaxınlarda “Brexit”i reallaşdırmağa nail olmuş Böyük Britaniya üçün də ciddi təhlükə yarada bilər.

2014-2015-ci illərdə olduğu kimi, qaçqınların Avropaya daxil olması ilk növbədə, bu ölkələrin təhlükəsizliyi üçün ciddi risklər yarada bilər. Qeyd edək ki, birinci miqrant dalğasında İŞİD terror qruplaşmasının xeyli sayda üzvü qaçqınlarla birlikdə Avropa Birliyinə keçməyə nail olmuşdu. Bu proses çox keçmədən, Fransada, Almaniyada, Belçikada, İsveçdə, İngiltərədə terror aktlarının baş verməsi ilə nəticələndi.

Hazırda İdlibdə “Əl-Qaida” terror təşkilatına bağlı olan “Fəth əş-Şəm” qruplaşmasının olduğunu nəzərə alsaq, həmin yaraqlıların da Avropaya keçməsi və gələcəkdə terror törətmək ehtimalı var. Bu isə Avropa Birliyinin təhlükəsizliyinə ciddi problem yaratmağa çalışan Rusiyanın maraqlarına cavab verir. Ona görə də AB idlib məsələsində Türkiyəyə dəstək verməsə, gələcəkdə yenidən terror aktları ilə üzləşə bilər. Miqrant axını Avropada milli, dini və irqi ayrı-seçkilik zəminində radikal siyasi cərəyanların fəallaşmasına gətirb çıxartdı. Almaniya, Fransa, Hollandiya, Çexiya, Macarıstan kimi ölkələrdə sərt xətt tərəfdarları seçkilərdə üstün mövqe qazandılar. Nəzərə almaq lazımdır ki, Almaniyada xristian demokratların siyasi mövqelərinin zəiflədiyi və Angela Merkelin kansler postunu tərk etməyə hazırlaşdığı bir vaxtda qaçqın probleminə biganə yanaşılması neonasist baxışlara malik Almaniya üçün Alternativlər Hərəkatının hakimiyyətə gəlməsi ilə nəticələnə bilər.

Eləcə də Fransada prezident Emmanuel Makrondan narazılığın artması fonunda qaçqınların yeni dalğası müsəlmanlara qarşı radikal mövqeyi ilə seçilən siyasi cərəyanların önə çıxmasına gətirib çıxara bilər.

Politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, hazırda Suriyada və Liviyada sabitlyin pozulması Avropanı qeyri-qanuni qaçqn axını ilə üzbəüz qoyub. Bunun əsas səbəblərindən biri beynəlxalq siyasi münasibətlərdə baş verən proseslərdir:

“Bu da Avropada radikallaşmanı artırır. Onlar qaçqınlara barbar kimi yanaşır. Avropalıların öz mədəniyyəti, rahat həyat tərzi var. Amma gözlənilmədən başqa mədəniyyətə, dinə, adətlərə məxsus başqa insanlar gəlir. Bu isə avropalıları qorxudur. İslam radikalizmi ilə təbliğatın təsiri altında onlar hər bir müsəlmanı, çadralı insanı görəndə onu potensial terrorçu hesab edir. Avropa cəmiyyətində qorxu yaranıb. Məsələn, Almaniya cəmiyyətində yaranmış qorxu Angela Merkelin siyasi karyerasına zərbə vurdu. Radikal partiyaların, siyasi cərəyanların önə çıxdığını görürük. Nəticədə, həmin qaçqınlar da özlərini ayrı-seçkiliyə məruz qalmış hiss edir. Ona görə də Avropa Birliyi qaçqınları sərhəddən buraxmamaq üçün Türkiyəyə maliyyə yardımı vəd edir. Amma prezident Ərdoğanın da şərtləri var. Çünki üç milyon insanı yerləşdirmək, təmin etmək asan deyil. Avropa da Türkiyəyə verdiyi vədləri yerinə yetirmədi. Eyni zamanda, Avropa Birliyi Türkiyəyə qarşı münasibətdə ədalətsizliyə yol verir. Ona görə də qaçqın amili Ərdoğan üçün bir yeriyən bombadır və onu Avropaya atsa, çox güclü təsir edə bilər. Türkiyə prezidenti də bu kartdan istifadə edir. Amma Türkiyə özü də qaçqın problemindən narahatdır”.

Politoloq bildirdi ki, qaçqın axını Avropada millətçiliyin artmasına yol açır. Bu da Avropanın tolerant dəyərlərinə zərbə vurur. Avropa Birliyi insan haqları və demokratiya prinsiplərini əsas tutaraq Suriya qaçqınlarına dəstəyini nümayiş etdirməlidir. Nəzakət Məmmədova hesab edir ki, bu baxımdan baş verənlər Avropa üçün sınaq kimi qiymətləndirilə bilər.

Ekspert qaçqınlarla bərabər Avropaya terrorçuların keçməsi ehtimalını da istisna etmədi. Nəzakət Məmmədovanın fikrincə, Avropa Birliyi qaçqın axının qarşısını güc tətbiq etmək ala bilməz. Problemin yeganə həlli sivil yolla mümkündür.

“Avropa Birlyi Suriyada müharibənin dayandırılmasına, həmin ərazilərin bərpasına və insanların öz evlərinə qayıtmasına çalışmalıdır”./Cebhe.info/


Tarix: 5-03-2020, 20:38
Xəbəri paylaş





Xəbər lenti