Son məlumatlardan aydın olur ki, koronavirus Çindən kənar ölkələrdə sürətlə yayılmaqdadır. Bu isə virusun yayılma dərəcəsinə görə pandemiyaya keçmək təhlükəsini artırır. Hələlik epidemiya səviyyəsində olan koronavirusun bütün dünya iqtisadiyyatına ciddi zərər vurduğu aydındır: aviaşirkətlərdən tutmuş, corab istehsalçılarına qədər bütün iqtisadi sferalarda ciddi durğunluq, bir sıra sahələrdə isə böyük həcmli zərərlər müşahidə olunmaqdadır.
Məsələn, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, Asiya ölkələrində uçuşların azaldılması və dayandırılması nəticəsində cari ildə aviaşirkətlərin qlobal miqyasda itkiləri 1,5 milyard dollara çata bilər. İndiyədəksə yalnız Yaxın Şərq ölkələrinə məxsus aviaşirkətlər koronavirus ucbatından 100 milyon dollar zərərə uğrayıb. Koronavirus təhlükəsi səbəbindən yaxın həftələrdə bilet satışlarının daha da azalacağı və maliyyə probleminin dərinləşəcəyi gözlənilir.
Əsas zərbə virusun mənbəyi hesab olunan Çinə dəyib. Bu ölkədə ÜDM artımı ötən il 6,1 faiz olduğu halda, 2020-ci ilin birinci rübündə 5 faizdən də aşağı qeydə alınacaq. Yaponiyada, Koreyada və Avstraliyada da iqtisadi artım yavaşımağa başlayıb. Koronovirusun təsiri domino effekti ilə Asiya-Sakit okean bölgəsindən Avropa və Şimali Amerikaya yayılmağa davam edir.
Ötən həftə fond birjalarında qeydə alınan 10 faizədək dəyərsizləşmə qlobal səviyyədə 3 trilyon dollardan artıq itkiyə səbəb olub. Çinli turistlərin yanvar ayından Avropanı ziyarət etməməsi Avropanın turizm sənayesinə bir milyard avro dəyərində zərbə vurub.
Göründüyü kimi, ölümcül virus dünya üzrə trilyon dollarlarla zərər vurur və yaxınmüddətli dövrdə zərərin həcminin daha da artacağı gözlənilir. Lakin maraqlıdır ki, virusun yayılmasından qazananlar da var. Söhbət ilk növbədə dərman firmalarından gedir. Hesablamalara görə, virusun kəskin yayıldığı ilk ayda - yanvarda dünyanın ən böyük 11 əczaçı şirkətinin səhmləri 22 faizə yaxın bahalaşıb.
Koronavirusdan bol qazanc əldə edənlər sırasında yalnız dərman və qoruyucu ləvazimatların istehsalçıları deyil, həm də onların pərakənda satışını həyata keçirən aptek şəbəkələri də var. Rusiyadan tutmuş Türkiyəyə, Çinə, İrana, hətta Azərbaycana qədər əksər ölkələrdə apteklər qoruyucu vasitələrin qiymətini qaldırmaqla gəlirlərini böyük həcmdə artırmağa nail olublar.
Koronavirusun yayılma sürətinin artması son günlərdə daha bir təbəqənin qazanmasına səbəb olmaqdadır. Belə ki, Avropanın bir sıra ölkələrində, hətta ABŞ-da, Belarusda panikaya düşən əhali uzunmüddətli dövrdə evdə qalmaq üçün hazırlıqlara başlayıb: supermarketlərdən uzun müddət saxlanması mümkün olan əksər ərzaq məhsullarını alaraq evlərinə yığırlar.
Maraqlıdır ki, hətta koronavirusa yoluxma halı qeydə alınmayan Çexiyada belə əhali ciddi panikaya düşərək evdən çıxmadan internet mağazalardan kütləvi şəkildə ərzaq sifariş edirlər. Çex qəzetlərinin yazdığına görə, bu həftə Praqada onlayn ərzaq sifarişlərində birdən-birə 20 faizdən yuxarı artım qeydə alınıb. Bu isə hətta Yeni il bayramı ərəfəsindəki səviyyədən də yuxarıdır.
Sifariş olunan ərzaq məhsullarının çəkisi bir sifariş üzrə 300-600 kiloqram, dəyəri isə 5-8 min kron arasında dəyişib. Sifarişlərin böyük bir qismini makaron məmulatları, ləpəlilər, konservlər, tez hazırlanan məhsullar, süd, alkoqol və adi sular təşkil edib. Onlina mağazalar hamıya məhsul çatdırmaq üçün eyni məhsuldan bir nəfərə 50 kiloqramdan artıq verməyiblər.
Belarusun paytaxtı Minskdə isə “E-dostavka” onlayn hipermarketindən ərzaq sifarişləri 30 faizədək artıb. Almaniyanın virus yayılmış ərazilərində əhali marketlərin piştaxtalarını tamamilə boşaldıb. Eyni vəziyyət hazırda İtaliya, Slovakiya, Fransada da müşahidə olunmaqdadır.
Qeyd edək ki, Almaniya hökuməti bir neçə gün əvvəl koronavirus epidemiyası ilə bağlı gözlənilən 9 günlük karantin dövrü üçün hər adama nə qədər ərzaq alınmalı olduğuna dair məlumat yayıb. Həmin məlumatdan aydın olur ki, 9 gün üçün 1 nəfərə minimum 20 litr təmiz su, 3 kq makaron, 6 kq konservləşdirilmiş meyvə-tərəvəz və sair tələb olunacaq. Hökumət vətəndaşlara dərman, şam, fənər, dezinfeksiyaedici maddələr və respirator ehtiyatı yaratmalarını tövsiyə edib.
Göründüyü kimi, virus təhlükəsi bir neçə sektorda gəlirin artmasına səbəb olur. Yəqin ki, virusun iqtisadiyyata təsirləri ilə bağlı hesabatlarda pərakəndə ticarət və dərman firmalarının əldə etdikləri qazancın məbləği də yer alacaq.
İndiyədək 6 nəfərin koronavirusa yoluxduğu açıqlanan Azərbaycanda online alış-veriş elə də yüksək inkişaf etməyib. Hələlik əhalinin marketlərə kütləvi axını müşahidə olunmur. Vətəndaşlar yalnız tibbi maska və spirt ehtiyatı yaratmağa çalışırdılar, lakin əczaçı şirkətlərin hərisliyi üzündən artıq çoxdan ölkədə maska tapılmır.../“Yeni Müsavat”/