Koronavirus, ardınca da Səudiyyə Ərəbistanı ilə Rusiya arasında başlanan ziddiyyətlər dünya neft bazarında son 30 ilin ən kəskin şokunun yaşanmasına səbəb oldu. Neftin qiyməti bir gündə 30 faizdən də çox ucuzlaşaraq 31-32 dollara düşdü. Düzdür, daha sonra qiymətlər bir qədər yüksələrək 37-38 dollar civarına çatdı, lakin bazarın yaxınmüddətli dövrdə özünə gələrək 50-55 dollarlıq tavana çatması real görünmür.
Neft bazarında baş verənlər hasilatçı-ixracatçı ölkələri ciddi təşvişə salıb. Qiymətlərin enməsi bu ölkələrin gəlirlərini kəskin şəkildə azaldır, iqtisadiyyatlarında problemlərə yol açır. Lakin qiymətlərin indiki səviyyəsini bir çox ekspertlər koronavirusun qlobal iqtisadiyyata vurduğu zərərin aradan qaldırılması müddətinin qısaldılması üçün əlverişli zəmin kimi qiymətləndirirlər. Hesab olunur ki, virusla mübarizədə ciddi uğur əldə etməkdə olan Çin ucuz neft qiymətləri şəraitində öz iqtisadiyyatındakı problemləri daha tez aradan qaldıra biləcək. Dünyanın ən böyük neft idxalçısı olan Çinin emal zavodları fəaliyyətlərini daha tez bərpa edəcək, uğradıqları zərəri aradan qaldıracaqlar. Eyni zamanda yanacaq xərclərinin azalması iqtisadiyyatın digər sektorlarında da dirçəlişə daha sürətlə nail olmağa imkan verəcək.
Neft-qaz bazarında yaranmış ucuzluq daxili tələbatını demək olar ki, bütünlüklə idxal hesabına təmin edən daha bir ölkəyə sərf edir. Söhbət qonşu Türkiyədən gedir. İllik neft-qaz idxalı 40 milyard dollar olan qardaş ölkə üçün neft bazarında qiymətlərin düşməsi ilkin mərhələdə benzin və dizel yanacağının qiymətində 1 lirəyə yaxın ucuzlaşma deməkdir. Ucuz neft qiymətləri həmçinin yaxın həftələrdə təbii qazın qiymətində də azalmaya səbəb olacaq. Bu isə Türkiyənin xaricdən aldığı illik 50 milyard kubmetrə yaxın təbii qazın dəyərində də azalma demək olacaq.
Lakin hazırda dünyanın ən böyük turizm ölkələrindən biri olan Türkiyədə koronavirusun neft bazarına təsirindən daha çox turizmə təsiri müzakirə olunur. Belə ki, virus epidemiyasının mənfi təsirinə ən çox məruz qalan sahə turizmdir.
Ötən il Türkiyənin turizmdən əldə etdiyi gəlir əvvəlki illə müqayisədə 17 faiz artaraq 34 milyard 520 milyon 332 min dollara yüksəlib. Bu gəlirin 83,3 faizi xarici, 16,7 faizi isə daxili turistlərdən əldə olunub. İl ərzində qonşu ölkədə 52 milyon turist giriş-çıxışı qeydə alınıb. Ötən il Türkiyəyə 44,7 milyon xarici vətəndaş gəlib, ölkədən kənara isə 9,6 milyon nəfər gedib.
Bu il turist qəbulunu 15 faizədək artırmağı planlaşdıran Türkiyə koronavirus epidemiyası üzündən bu məqsədinə çatmamaq təhlükəsi ilə üzləşib. Belə ki, xüsusilə martın əvvəlində virusun Avropa ölkələri, İranda geniş yayılması, ölüm hallarının çoxalması Türkiyəyə gəlmək istəyənlərin sayında ciddi azalmaya səbəb olub.
Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) Mərmərə İdarə Heyətinin rəhbəri Suat Esinin sözlərinə görə, koronavirus Türkiyə turizminə mənfi təsirlərini göstərməyə başlayıb: “Kappadokiyada 150 dollar olan hava şarı uçuşlarının dəyəri 40 dollara düşüb. Neftin qiymətinin düşməsindən müsbət təsirlər özünü bir neçə aya göstərə bilər. Amma neft ucuzlaşmazdan öncə bizdə turistik xidmət qiymətləri düşür. Çünki onlardan istifadə edən yoxdur. Turizm ölkəsi olaraq əsas ziyarətçilərimiz Rusiya və Böyük Britaniyadandır. Belə davam edərsə, hotellər, təyyarələr, agentliklər qiymətləri yarıbayarı endirə bilər. Lakin əsas məsələ budur ki, hətta o qiymətlər şəraitində turist gələcəkmi? Virusun yayılması davam edərsə, necə ki, Türkiyə İtaliyaya, İraqa, İrana hava yollarını bağladı, eləcə də Böyük Britaniyaya bağlayacaq. Hökumət öz xalqının sağlamlığını düşünmək məcburiyyətindədir”.
Onu da qeyd edək ki, 2019-cu ildə Türkiyəyə Çindən 426 min 344 turist gəlib. Bu sayla Türkiyəyə vətəndaşı gələn ölkələr sırasında Çin 22-ci yerdədir. Bu il Çindən gələnlərin sayının 500 mini keçməsi gözlənilirdi. Çin turistlərinin ötən il Almaniyaya verdiyi xeyir 8 milyard avro təşkil edib.
Türkiyəni ziyarət edən turistlər arasında 7 milyon nəfərlə Rusiya birinci, 5 milyon nəfərlə Almaniya ikinci yerdə gəlir. Almaniyada virusun daha geniş yayıldığını nəzərə alsaq, bu ölkədən də Türkiyəyə gələcək turistlərin sayında kəskin azalma olacağı gözlənilir. Bu şərtlər daxilində qardaş ölkənin itkiləri ucuz neft qiymətlərindən əldə edəcəyi gəlirdən qat-qat çox ola bilər.../“Yeni Müsavat”/