Dünya ölkələrində koronavirusun yayılması neftin kəskin ucuzlaşması ilə müşahidə olunur.
“Bloomberq” agentliyinin araşdırmalarına görə, koronavirus bütün ölkələrə yayılarsa, dünya iqtisadiyyatına 2,7 trilyon dollar ziyan dəyə bilər. Buna baxmayaraq, neftin qiymətdən düşməsinə təsir göstərən əlavə risklər bəzən nəzərə alınmır. Çünki son illər dünya bazarında “qara qızıl”ın getdikcə dəyərdən düşməsi daha çox siyasi amillərlə bağlıdır. Analitiklərin fikrincə, ABŞ-da qarşıdan gələn prezident seçkilərinin neft bazarına təsirini nəzərə almamaq olmaz. Yəni koronavirus problemi və ya Səudiyyə Ərəbistanı ilə Rusiya arasındakı münasibətlərdən asılı olmayaraq, neftin qiymətdən düşməsi qaçılmaz idi.
Lakin ilk növbədə məsələnin həm iqtisadi, həm də siyasi cəhətdən keçirmək lazımdır. “Bloomberg” Agentliyi Səudiyyə Ərəbistanın Avropanın neft bazarını ələ keçirdiyini yazır. Bu dünya iqtisadiyyatında yeni mənzərədir. “Avropa neft emalı zavodları Səudiyyə Ərəbistanından həmişəkindən daha çox “qara qızıl” sifariş edib. Səudiyyə Ərəbistanı isə neftin hər barelinə böyük endirim təklif edir. Səudiyyə Ərəbistanı rus neftini satmaq üçün ənənəvi bazar olan Avropaya xam neft dalğasını vurur. İndi isə Ər-Riyad regional neftayırma zavodlarını həmişəki kimi üç qat neftlə təmin edəcəyini vəd edir. Görünməmiş endirimlərlə müşayiət olunan Səudiyyə daşımaları Avropanın neft bazarını Ər-Riyad və Moskva arasındakı neft qiymətləri sahəsində getdikcə şiddətli döyüşə çevirməkdədir. Səudiyyə Ərəbistanı “Arab Light” markalı məhsulunun bir barelinin Rotterdama tədarükünü 25 dollara təklif edir. Bu da Rusiyanın “Urals” xam nefti ilə müqayisədə böyük endirimdir. Avropanın bütün neftayırma zavodları, o cümlədən Royal Dutch Shell Plc, BP Plc, Total SA, OMV AG, Repsol SA və Cepsa SA, dövlətə məxsus “Saudi Aramco”dan həmişəkindən daha çox xam neft alıblar. Əlavə tədarüklərin həcmi şirkətdən asılı olaraq 25 faizdən 200 faizə qədər dəyişib.
Səudiyyə Ərəbistanı tədarükü artırmaq üçün qiymətləri qəfil endirib. Səudiyyəlilər tərəfindən edilən endirimlər “Arab Light” növünün “Urals”ı sıxışdıracaq qədər güclüdür. “Bloomberg” qeyd edir ki, Avropa neft emalı zavodlarından biri həmişəki kimi iki dəfə çox neft alıb. Lakin bütün şirkətlər ya şərh verməkdən imtina edib və ya dərhal cavab verməyib. “Saudi Aramco” apreldən etibarən neftin gündəlik hasilatını 12,3 milyon barelə qədər artıracağını bəyan edib. Bu, adi satış qiyməti ilə müqayisədə rekord endirimlə daha çox neft almaq üçün emalı zavodlarına təklif göndərildikdən bir neçə gün sonra baş verib. Yəni söhbət səudiyyəlilərin öz neftini regional baza qiymətləri ilə müqayisədə endirim və ya mükafatla satmasından gedir.
Bu “Aramco”nun son 30 ildə ən böyük rəsmi endirimidir. Təchizatın ötən ayla müqayisədə 25 faizdən də çox kəskin artması “Aramco”nu maksimum imkanlarını aşmağa məcbur etdi. Bu, Səudiyyə Ərəbistanının mümkün qədər çox xam nefti bazara çıxarmaq və bunu daha tez etmək üçün strateji ehtiyatlarını açdığını göstərir.
“Aramco” əlavə istehsal bölgüsünə dair məlumatları açıqlamadı, ancaq Avropanın neft emalı zavodlarına verilən həcmlərə görə, bu bölgə Səudiyyə ixracatının artmasının əsas hədəfidir. “Aramco”, adətən, xam neftinin az hissəsini Avropa qitəsinə göndərir. Satışın əsas payı Asiyadadır. Səudiyyə Ərəbistanı xam nefti birbaşa çatdırmaqla yanaşı, strateji ehtiyatları ilə avropalı istehlakçıları sürətlə təmin edə bilər. “Aramco” xam neftini Rotterdamda, Avropanın şimal-şərqindəki ən böyük neft emalı mərkəzlərinin astanasında, eləcə də Misirin Aralıq dənizindəki Sidi-Kərir limanında, su yolu ilə Avropanın cənubundakı ən böyük neft emalı müəssisələrinə bir neçə günlük məsafədə saxlayır.
Əsas markaların qiymətlərinin 8 faiz enməsi eyni bölgədə aparıcı mövqeyə malik “Urals”a, yəni əhəmiyyətli miqdarda neft satan Rusiya üçün birbaşa problemdir. “Aramco” Avropada “Arab Light”ı “Brent” markalı neftin dəyərinə nisbətən 10,25 dollar görünməmiş endirimlə satacaq. Ona görə də Rusiya xam neftinə endirimlər dərhal artıb. “Vitol Group”, “Trafigura Group”, “Urals” markalı nefti təxminən iki ayda regional baza qiymətinə nisbətən ən yüksək endirimlə təklif etsələr də, alıcı tapa bilmədilər. Vyanada yerləşən “JBC Energy GmbH konsaltinq” şirkətinin ekspertlərindən biri isə bildrib ki, Səudiyyə Ərəbistanının son rəsmi satış qiyməti texniki strategiya deyil, siyasi işarə ilə təyin olunub.
Neft mübarizəsinin siyasi pərdəarxası
Rusiya ilə Səudiyyə Ərəbistanı arasında istehlakın azaldılmasına dair sazişin pozulması dünya enerji bazarında disbalans yaradıb. Artıq Səudiyyə Ərəbistanı sürətlə Rusiyanın və ABŞ-ın Avropa bazarındakı mövqelərini ələ keçirmək üçün bütün ehtiyat imkanlarını işə salıb. Bu iqtisadi baxımdan, ABŞ-ın maraqlarına cavab verməsə də siyasi nəticələri Tramp administrasiyasını qane edir. Söhbət ilk növbədə, neft bazarındakı vəziyyətin 2020-ci ilin noyabr ayında ABŞ-da keçiriləcək prezident və Konqresə aralıq seçkilərə təsirindən gedir. Əslində, seçkilərin neftin qiymətinə təsiri də adlandırmaq olar. Ekspertlərin fikrincə, neftin kəskin ucuzlaşması yenidən prezident seçilmək üçün Donald Trampa çox vacibdir.
Ümumiyyətlə, ABŞ-da seçkilər öncəsi neftin ucuzlaşması son illərin siyasi taktikasına çevrilib. 2008-ci ildə ABŞ prezidenti seçkiləri zamanı 105 dollarlıq ticarət sessiyalarında “Brent” markalı neftin qiyməti 104.75 dollara düşmüşdü.
2012-ci ildə keçirilən seçkilərdə isə “Brent” markalı neftin bir barelinin qiyməti üç ayda 126 dollardan 89 dollara endi. Neftin qiymətinin düşməsi respublikaçıların namizədi Mit Romninin seçilə bilməyəcəyi məlum olduqdan sonra dayandı. Artıq Bark Obamanın yenidən qələbə qazanacağı şübhə doğurmurdu. 2016-cı il seçki ilində neftin qiyməti son 20 ildə minimum həddə - bir barel üçün 28 dollara düşdü. Lakin sonra Tramp Ağ Evə gəldi və Nümayəndələr Palatasına və Senata onun üçün son dərəcə vacib olan aralıq seçkiləri keçirildi. Respublikaçıların Senatda çoxluğunu itirəcəyi təqdirdə prezident Tramp impiçment və cinayət təqibi ilə təhdid edilirdi. Ona görə də 2018-ci ilin noyabrında neft 89 dollardan 50 dollara qədər düşdü. OPEC üzvü olan ölkələr bazarda tarifləri artırmaq üçün 2028-ci ilin noyabr ayında kartelə daxil olmayan ölkələrlə birlikdə yeni əməkdaşlıq formatı yaratdı. Lakin hasilatın süni şəkildə azaldılması qərarı qiymətlərə ciddi təsir göstərmədi.
Çünki neftin ucuzlaşması siyasi səbəblərlə bağlı idi.
Səbəb isə belə izah edilir. Hər bir amerikan ailəsində ən azı bir, ümumiyyətlə, iki maşın olur. Benzinin pərakəndə qiyməti isə Avropada və Rusiyada olduğu kimi vergilər hesabına deyil, xammalın yəni, neftin maya dəyəri hesabına formalaşır. Daha ucuz neft, daha ucuz benzin alan seçicinin pul kisəsində pul nə qədər çox olsa, o seçki məntəqəsinə gedərkən əhval-ruhiyyəsi bir o qədər yaxşı olur. Bundan əlavə, neftin bir barelinin 10 dollar ucuzlaşması ABŞ iqtisadiyyatına ÜDM-in 0,2-0,25 faiz əlavə gəlir gətirir.
Prezident Tramp da keçirdiyi brifinqdə Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı fikir ayrılığının ABŞ üçün əlverişli olduğunu açıq şəkildə etiraf edib. O, bildirib ki, neftin qiymətinin düşməsi benzinin ucuzlaşmasına və istehlakçılar üçün vergi endirimlərinin tətbiqinə səbəb olacaq. Təbii ki, Trampın bu bəyanatı seçkilərə hesablanıb. Ağ Ev rəhbərinin ucuz benzin və koronavirusdan ziyan çəkmiş xırda biznesə, fiziki şəxslərə və onlara xidmət edənlərə dövlət büdcəsindən 50 milyard dollar yardım ayrılması barədə təklifi ona seçkiqabağı siyasi divident gətirə bilər.
Eyni zamanda Britaniya analitikləri hesab edir ki, Rusiyanın neft hasilatını azaltmaqdan imtina etməsi daha çox siyasi məzmun daşıyır. Yəni prezident Putin neftin ucuzlaşmasına şərait yaratmaqla Trampın yenidən seçilməsinə nail olmağa çalışır. “Moskvanın nöqteyi-nəzərincə istehsal həcmini azaltmaq təhlükəlidir. Çünki nəticədə, bu Amerika neftinə tələbatın artmasına səbəb olacaq. Hasilatın azaldılması neft qiymətlərini sabitləşdirsə də, nəticədə ABŞ-ın mövqeyi güclənəcək. Belə bir nəticə Rusiyaya xeyir verə bilərmi? Bu səbəbdən Vladimir Putin ölkəsinin maraqlarını birinci yerə qoydu və üç il işləyən Səudiyyə Ərəbistanı ilə hasilatın azaldılması ilə bağlı sazişi rəsmi qaydada aprel ayında bitir. Bu qiymət müharibəsinə ABŞ üçün pis xəbər deyilə bilməz. Bu, yanacaqdoldurma məntəqələrində qiymətlərin aşağı düşməsinə gətirib çxaracaq və özü də olduqca yaxşı bir təşviqat olacaq”. Britaniyanın “The Spectator” nəşri Putinin qeyd edilən addımı atmaqla, əslində, Trampın yenidən seçilməsinə şərait yaratmaq istədiyini yazır. Çünki prezident seçkilərində demokratların istrənilən namizədinin qələbəsi xarici siyasətdə anti-Rusiya mövqeli addımlarla seçiləcək. Bunu həm Co Baydenin, həm də Berni Sandersin siyasi platfirmasından görmək olar. “Lakin İranı da unutmaq olmaz. Neftin ucuzlaşması Rusiyanın bölgədəki ən vacib müttəfiqi və ABŞ-ın ən qatı düşməni olan İran iqtisadiyyatına daha da zərər verəcək.
İndi qarşıdan gələn prezident seçkisini nəzərə alaraq, Tramp məlum səbəbdən diqqətini birjaya diqqəti yönəldib. Çox vaxt kimə səs verməli olduqlarına qərar verən amerikalılar xarici siyasət məsələlərinə əhəmiyyət vermirlər. Tramp fond birjalarında qiymətlərin düşəcəyi təqdirdə ittiham ediləcəyindən ehtiyatlanır. Sadə amerikalılar üçün ən vacib məqam isə belədir: Səudiyyə Ərəbistanı ilə Rusiya arasında mübarizədə kimin qalib gəlməsindən asılı olmayaraq, itirən ABŞ-ın şist sənayesi olacaq. Səudiyyə Ərəbistanı qlobal bazarı ucuz neftlə doldurmaq vədinə əməl edərsə, bu Amerikanın şist şirkətləri üçün ölümcül zərbə ola bilər. Çünki investorlar bu dibsiz quyulara yatırım etməkdən beziblər.
Ancaq koronavirus təhlükəısi ilə əlaqədar Səudiyyə Ərəbistanına ziyarətlərin, turist səfərlərinin dayanması və neftin satış qiymətinin 12 dollara düşməsi ehtimalı ölkə büdcəsində 50 milyard dollar kəsir yarada bilər. Bu isə kral Salman ibn Əbdüləzizi fövqəladə büdcə tərtib etməyə vadar edə bilər.
Müşfiq Abdulla
Cebhe.info