Artıq bir neçə ildir ki, gərgin olan Ukrayna-Rusiya münasibətləri fonunda hər iki tərəf zaman-zaman qarşılıqlı psixoloji təzyiq metodlarına əl atmaqda, bir-birlərinin əsəblərini müxtəlif üsullarla sınağa çəkməkdədir.
Bu günlərdə Türkiyədən aldıqları pilotsuz uçan aparat və dronların sınaq uçuşunu təşkil edən Ukrayna, bununla yanaşı, Suriyada bu dronların Rusiya isethsalı olan texnikaları necə sıradan çıxarmasının da görüntülərini yayıb. Ukrayna bununla Türkiyədən aldığı silah-sursat hesabına Rusiya hərbi texnikasına qarşı uğurla mübarizə apara biləcəyinin mesajını verib.
Maraqlıdır, Türkiyə və Ukrayna arasındakı hərbi əməkdaşlıq Rusiya üçün təzyiq mexanizminə çevrilə bilərmi? Türkiyə-Rusiya münasibətləri yenidən gərginləşərsə, Ankara Ukrayna faktorundan Kremlə qarşı təzyiq məqsədi ilə istifadə edə bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Natiq Miri yaxıln gələcəkdə Ukrayna-Türkiyə hərbi əməkdaşlığının genişlənəcəyini vurğuladı:
“Ukrayna ilə Türkiyə arasında hərbi anlaşma mövcuddur. Hərbi sənayenin inkişafı ilə bağlı tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Türkiyə təyyarə istehsalında, xüsusilə də motor itehsalında Ukraynanın təcrübəsindən faydalanır. Buna paralel olaraq, Türkiyə də özünün ən müsir silahlarını Ukraynaya satmaqdadır. Bunlardan biri də pilotsuz hava aparatlarıdır. Hansı ki, silahlarla təchiz edilən bu aparatlar bütün dünyada ən müasir hava aparatları hesab edilir.
Türkiyə bu aparatlardan Suriyada Əsəd qüvvələrinə, rus hərb maşınına qarşı uğurla istifadə etdi. Bununla bütün dünyaya göstərdi ki, bu silahlı dronlar üçün hava məkanının bağlı olub-olmamasının heç bir önəmi yoxdur.
“Pantsir” və S-300 raketlərinin Suriya hava məkanını qorumasına baxmayaraq, türk pilotsuz aparatları həmin sistemləri xüsusi sistem vasitəsi ilə “kor edərək” lazımi tapşırıqları həyata keçirdi. Təbii ki, Ukrayna tərəfi özünü praktikada, real döyüş meydanında təsdiq edən bu silahları, uçan aparatları almaqda maraqlıdır. Bu, Rusiyaya təzyiq mexanizmi olaraq həyata keçirilmir. Çünki Suriyadakı anti-terror əməliyyatlarından öncə də, Türkiyə ilə Ukrayna arasında bu yöndə konkret anlaşmalar mövcud idi.
Hesab edirəm ki, Türkiyə-Ukrayna hərbi əməkdaşlığı yüksələn xətlə davam edəcək. Əgər Türkiyə ilə Rusiya arasında münasibətlər yenidən gərginləşərsə, təbii ki, o zaman Ukrayna amili Ankara üçün təzyiq mexanizminə çevrilə bilər”.