Cari il yayın əvvəlində koronavirus (COVİD-19) «partlayışı» dünyada sabitləşə bilər. Belə proqnozla Rusiya federal Fundamental və translyasion təbabət Mərkəzinin eksperimental modelləşdirmə və patogenez infeksion xəstəliklər şöbəsinin başçısı Aleksandr Şestopalov çıxış edib.
Onun sözlərinə görə, əldə olan məlumatların əsasında dünyada sözügedən virusun iyun-iyul aylarında səngiyəcəyini proqnozlaşdırmaq olar. Alim xatırladıb ki, Çində xəstəliyin pik həddi hələ fevralın 2-də keçilib.
Şestopalov bildirib ki, xəstəlik və ondan ölüm halları barədə məlumatlardan çıxış edərək, söyləmək olar ki, bu virus 2002-2003-cü illərdə atipik pnevmoniya törədən virusdan (SARS) və yaxın şərq respirator sindromu (2012-2015-ci ilər) törədicisindən 10-15 dəfə az patogendir.
Alim qeyd edib ki, koronaviruslar «hər zaman olur». «Hətta adi «ORVİ»-nin strukturunda belə Human Coronavirus iştirak edir, uyğun olaraq daha birisi də meydana çıxa bilər» - Şestopalov bildirib. Onun fikrincə, koronavirusla bağlı hazırkı situasiya 50 faiz panikadan ibarətdir. Bir çox situasiyada belə vəziyyət onunla izah olunur ki, son illər diaqnostikanın keyfiyyəti yüksəlib ki, bu da virusun yüksək dərəcədə aşkarlanmasına imkan yaradıb. Alim virusun yayılmasına qarşı tətbiq olunan tədbirləri adekvat hesab edir, ancaq bəzi hallarda ifrata varmanın olduğunu da istisna etmir.
Şestopalov əlavə edib ki, COVİD-19 virusundan ölüm halları onun yayılmasından ötən dövr ərzində dünyada vərəmdən təkcə bir gün ərzində ölənlərin sayı ilə uyğun gəlir (son məlumatlara görə, 5 min nəfər). Alim başqa bir misal da gətirib: ABŞ-dan verilən xəbərə görə, bu ölkədə adi qripdən 75 min nəfər ölüb.
Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus «partlayışı»nı pandemiya elan edib. Ən ağır vəziyyət İtaliya və İranda yaranıb.
AzPolitika.info