1992-ci ildə ABŞ Konqresi erməni lobbisinin təzyiqi altında "Azadlığa Dəstək" Aktını qəbul etdi. Nəticədə tamamilə ədalətsiz və əsassız ittihamlar əsasında bədnam "907-ci düzəliş" ortaya çıxdı və bu akt Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını yasaqladı. Keçmiş SSRİ-nin 15 dövlətindən yalnız Azərbaycana qarşı Amerika belə bir addım atdı. Ermənilər tərəfindən işğal və təcavüzə məruz qalan ölkə ermənlərin sifarişi ilə Amerika tərəfindən cəzalandırıldı.
Demokratlar Partiyasından olan senatorlar Con Makkeyn (vəfat edib), Con Kerri (ABŞ-ın dövlət katibi olub) və Cozef Bayden (ABŞ-ın vitse-prezidenti olub. Hazırda prezidentliyə ən şanslı namizədlərdən biridir) bu işdə xüsusi fəallıq göstərdi. O da maraqlıdır ki, Amerikaya o vaxt Respublikaçılar Partiyasından Corc Buş (ata Buş. 1989-1993) rəhbərlik edirdi. Yəni, erməni lobbisi elə bir oyun çıxarmışdı ki, Amerikanın demokratları ilə respublikaçıları bu məsələdə heyrətamiz yekdillik nümayiş etdirdilər. Əlbəttə, Respublikaçılar Partiyasından olan senator Riçard Luqarı (vəfat edib) da minnətdarlıq hissi ilə xatırlamaq lazımdır. O, “Azadlığa Dəsətək” aktına qarşı çıxdı.
Elçibəy iqtidarı və “Ermənilərə Dəstək” aktı
Bəziləri indi də 907-ci düzəlişdə Elçibəy hakimiyyətini günahkar bilir, bu aktı AXC-Müsavat cütlüyünün naşı siyasətinin nəticəsi kimi dəyərləndirir. Xatırladaq ki, sözügedən akt qəbul olunan vaxt Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağın mühüm bir hissəsini azad etmişdi. Ordumuz Sırxavəndə çatıb Uludağda mövqe tutmuşdu. Obrazlı desək, Xankəndinin bir addımlığında dayanmışdıq. Məhz belə bir vaxtda Amerika konqresi “Azadlığa Dəstək” adı altında əslində “Ermənilərə dəstək” verdi.
Oğul atanın verdiyi qərarı ləğv edir
Dünyanın qəribəliyinə baxın. Ata Buşun zamanında heç bir siyasi və hüquqi əsası olmayan iddialar əsasında qəbul olunmuş 907-ci düzəlişin tətbiqi prezident kimi oğul Buş (2001-2009) tərəfindən donduruldu.
Amerikanı terror silkələdi, Ağ Ev Azərbaycanla anlaşdı
2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda yerləşən və dünyanın ən hündür əkiz qülləsi sayılan Dünya Ticarət Mərkəzi “Əl-Qaidə” tərəfindən terror hücumuna məruz qaldı. 1973-cü ildən Manhettenə xüsusi yarışıq verən ticarət mərkəzi xarabalığa çevrildi. Minlərlə insan uçub tökülən göydələn binanın qalıqları altında qaldı.
Amerika “Əl-Qaidə” lideri Üsamə bin Ladeni “Taliban” rejimindən tələb etdi. Onun bu amansız terror aktının təşkilatçısı olması kimsədə şübhə doğurmurdu. Ancaq “Taliban” Üsamə bin Ladeni verməkdən imtina etdi. ABŞ və NATO silahlı birləşmələri Əfqanıstana yeridildi. ABŞ Əfqanıstandakı qoşunların təchizatını həyata keçirmək zorunda qaldı, elə bu səbəbdən də Azərbaycanın köməyinə ciddi ehtiyac yarandı. Belə bir fonda ABŞ-ın da milli maraqlarına zidd olan “Azadlığa Dəstək” aktı 2001-ci il oktyabrın 24-də oğul Buşun sərəncamı ilə qüvvədən düşmüş elan olundu.
Amerika prezidentləri düşmənlə necə rəftar edərdi?
Amerikalı yazıçı və jurnalist Thomas Goltz Qafqazda baş verən müharibələr haqqında çox yazıb. Hazirda 65 yaşı olan həmkarım “Azadlığa Dəstək” aktını zamanında kəskin şəkildə tənqid edib. Məsələn, o yazırdı ki, Azərbaycan yeganə keçmiş Sovet ölkəsidir ki, öz ərazisindən Rusiya qoşunlarını çıxarıb. İranla münasibətdə kəskin mövqedədir. İsrail ilə isə dostluq edir. Bu münaqişədə erməni tərəfi öz müqəddəratını təyin etmək hüququna istinad edir, Azərbaycan isə ərazi bütövlüyü prinsipinə söykənir. 907-cü düzəlişdə ABŞ olaraq deyirik ki, Azərbaycan Ermənistanı və Dağlıq Qarabağı blokadaya alıb. Sərhədlər açılmasa, ABŞ Azərbaycana yardım etməyəcək. İmkan olsa, prezident Linkoln, Vilson, Ruzvelt və ya Kennedi, Conson, Niksondan soruşmaq olardı, düşmənlə onlar necə rəftar edərdilər?
Maraqlı sualdır, deyilimi? Amerika konqresinin məntiqinə görə biz müharibə etdiyimiz tərəfə qucaq açmalı və onları işğalı davam etdirməyə ruhlandırmalıydıq.
“Sarımsaq becərən ermənilər”
Xatırladım ki, alman, türk (o cümlədən Azərbaycan türkcəsi), ərəb və rus dillərini bilən amerikalı yazar 1998-ci ildə qələmə aldığı "Azərbaycan gündəliyi" kitabında Xocalı faciəsindən bəhs edib.
Təbii ki, onu ermənilər heç sevməzdi. 2009-cu ilin martında isə Kanadada fəaliyyət göstərən Erməni Milli Komitəsi (Armenian National Committee of Canada) amerikalı yazarı irqi ayrı-seçkilikdə ittiham etdi. Adıçəkilən erməni təşkilatı bəyan edib ki, 15 il keçmiş Sovet məkanında və Türkiyədə jurnalist kimi çalışmış Thomas Goltz Dağlıq Qarabağda yaşayanları “sarımsaq becərən ermənilər” kimi təqdim edib.
“Mərkəzi Asiyanın Corc Vaçinqtonu”
Maraqlıdır ki, Thomas Gotz Heydər Əliyevi “Mərkəzi Asiyanın Corc Vaşinqtonu” adlandırıb. ("George Washington of Central Asia.") O, dəfələrlə döyüş bölgəlrində olub. Müharibənin təhlükə dolu anlarını yaşayıb...
Zbiqnev Bzejinski erməni lobbisi haqqında
ABŞ–ın erməni lobbisi (Armenian American Lobby) — Amerikada erməni diasporunun, Ermənistanın və Dağlıq Qarabağ separatçılarının maraqlarını qorumaqla məşğuldur. Amerika politoloqu, sosioloqu və dövlət xadimi Zbiqnev Bzejinskinin fikrincə erməni lobbisi ABŞ-da ən effektiv etnik lobbilərdən biridir. Və Türkiyə və Azərbaycan olaraq biz bu lobbi ilə mübarizə aparmaq zorundayıq.
Erməni lobbisinin lideri terrorçu çıxdı
Amerika Erməniləri Milli Komitəsi (Armenian National Committee of America) isə Amerika erməni lobbisinin əsas təşkilatıdır. Daşnaksütun partiyasının millətçi ideologiyasına söykənən bu təşkilat Amerikadakı erməni diasporunun fəaliyyətinin koordinasiyası ilə məşğuldur.
1999-cu ildə komitənin sədri, türk adı və soyadı daşıyan Murad Topalyan terror aktlarının təşkilinə və qanunsuz silah sursat saxlamasına görə, ABŞ hüquq mühafizə orqanları tərəfindən həbs olundu. Hazirda bu təşkilata Raffi Hamparyan rəhbərlik edir.
Erməni lobbisinin qənimi - Donald Tramp
Donald Tramp prezident olandan bəri ermənilərin kefinə soğan doğranıb. Belə ki, Ağ Evin sahibi 2017-ci ilin mayında Amerikanın Ermənistana göstərdiyi illik yardımı birdən birə 69.6 faiz azaltdı. 22.4 milyon dolların yerinə Ermənistana cəmi 6.8 milyon dollar verildi. Amerika Erməniləri Milli Komitəsi bu xəbəri süngülərlə qarşıladı. Qeyd edək ki, Tramp administrasiyası Azərbaycana edilən yardımı o vaxt 90 faiz kəsmişdi. Ölkəmizə 16 milyon dolların yerinə cəmi 1 milyon dollar yardım edilmişdi.
Ancaq ermənilərin məyusluğu bununla bitmədi. Az sonra Donald Tramp Azərbaycana yardımın səviyyəsini kəskin şəkildə artırdı. 2018 və 2019-cu illərdə ABŞ Azərbaycana 101.5 milyon dollar yarım (əsasən hərbi yardım) etdi. Müqayisə üçün deyim ki, 2004-2009-cu illər arasında isə ABŞ Azərbaycana təxminən 64 milyon dollarlıq yardım göstərmişdi. 2011-ciildə isə bu göstərici 10 milyon dollar olmuşdu.
“Ya Ermənistana da 100 milyon dollar verin, ya da...”
Erməni diasporu bu prosesi ciddi narahatlıq hissi ilə müşayiət edir. Onlar durmadan yazır ki, Azərbaycana 100 milyon dollarlıq hərbi yardım Ermənistanın və Artsaxın müdafiəsinə ciddi təhlükədir. İlham Əliyev Münhen görüşündə Artsaxa hücumla bağlı aqressiv çıxış etdi. Hətta bütün Ermənistanı Azərbaycan ərazisi adlandırdı. Ya Tramp administrasiyası Bakıya hərbi yardımı dayandırmalıdır, ya da Azərbaycana etdiyi yardım qədər də Ermənistana yardım ayırmalıdır. Amerika Erməniləri Milli Komitəsinin bu ilin fevralında yayılmış bəyanatında belə deyilir.
Amerikanın Dağlıq Qarabağa birbaşa yarım göstərməsi o deməkdir ki...
Amerika Erməniləri Milli Komitəsinin hazırkı icra direktoru Aram Hamparyan 1999-cü ildə İrəvanda etdiyi çıxışında isə demişdi ki, ABŞ tərəfindən Ermənistana bir milyard dollardan artıq yardım edilib, bu yardım müstəqilliyə dəstək xarakteri daşiyır: “Dağlıq Qarabağa Amerikanın birbaşa yardım etməsi isə aydındır ki, bu ərazinin Azərbaycandan kənarda olmasının tanınması anlamına gəlir”.
Erməni lobbisi neft lobbisinə qarşı
Aram Hamparyan qeyd edirdi ki, Amerikada 907-ci düzəlişə qarşı çıxan neft lobbisi də var: “Ancaq biz onların qarşısını ala bildik”.
Öz təşkilatını qalib görkəmdə İrəvanda təqdim edən Aram Hamparyan nəyin hesabına uğur qazandıqlarını da izah etmişdi: “Bütün bu məsələlərdə uğur qazanmaq üçün biz Ağ Evlə, konqreslə, Demokrat və Respublikaçılarla, beyin mərkəzləri ilə, mətbuat və digər etnik qruplarla birgə işləmişik.Biz yunan dostlarımızın və insan haqları ilə məşğul olan təşkilatların köməyi ilə Amerikanın Türkiyəyə iqtisadi və hərbi yardımının qarşısını aldıq. İndi isə Amerikanın Türkiyəyə silah satışını əngəlləmək üçün çalışırıq. Çünki bütün bunlar Ermənistanı təhdid edir və regionda qeyri-stabillik yaradır”.
O, açıq şəkildə demişdi ki, Amerika “təhlükəsiz sərhədlər daxilində”, yəni işğal altında olan digər ərazilərimizlə birlikdə Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququna hörmət edir.
Əldən düşmüş erməni lobbisi
Amerikanın erməni lobbisi indi də işləyir. Ancaq əvvəlki effekti ortaya qoya bilmir. Çünki Azərbaycan Amerikaya daha çox lazımdır. Fakt budur ki, Azərbaycan Qafqaz bölgəsində dominant ölkədir. Və bu reallıqla Amerika çoxdan barışıb. Ermənistan isə ciddi problemlər içindədir.Hələ də Rusiya ordusu Ermənistanın sərhədlərini qoruyur. Təkcə bu amil Ağ Evin Ermənistanla münasibətlərinə kölgə salmaq üçün yetərlidir.
Təhlükə sovuşmayıb
Əlbəttə, biz unuda bilmərik ki, 907-ci düzəliş, sadəcə dondurulub. Bu isə o deməkdir ki, bu düzəliş nə vaxtsa yenidən qüvvəyə minə bilər. Ona görə də bu düzəlişi ümumiyyətlə, ləğv etməyə çalışmaq lazımdır.
Erməni lobbisinə qarşı yəhudi kartı
Bəli, Türkiyənin və Azərbaycanın güclənməsi Ermənistana marağı kəskin şəkildə azaldıb. Bu məqamdan maksimum istifadə etmək lazımdır. Çünki siyasət sürüşkən bir şeydir. Sabah bu və ya digər səbəbdən dünyanın siyasi müstəvisində gözlənilməz və bizim üçün təhlükəli dəyişikliklər baş verə bilər. Elə bugünlərdə bunun bir örnəyi ilə qarşılaşdıq. Səudiyyə Ərəbistanı Rusiya ilə neft hasilatı uğrunda müharibəyə başladı. Ara yerdə Azərbaycan milyardlarla dollar itirdi...
Atalarımız nahaq yerə “dəmiri isti-isti döymək lazımdır”, deməyiblər ki. Əlimizdə olan bu fürsətdən yararlanmalıyıq. Donald Tramp administrasiyası aşırı səviyyədə yəhudilərə bağlıdır, ermənilərə isə elə bir maraq göstərmirlər. Bu isə o deməkdir ki, biz İsrail və ABŞ-da olan yəhudi dostlarımızı bu prosesə cəlb etməliyik...
Elbəyi Həsənli, Sürix
http://www.zerbaijan.com/azeri/goltz1.htm
https://web.archive.org/web/20160304000853/http://groong.usc.edu/ADconf/199909/speeches/anca.html