“Qaçqınlara qarşı eyni addımı Türkiyə atmış olsaydı, dünya ayağa qalxardı”


“Qaçqınlara qarşı eyni addımı Türkiyə atmış olsaydı, dünya ayağa qalxardı”

İlqar Vəlizadə: “Bütün tərəflər məsələyə əl qoysa, miqrant problemi öz həllini tapa bilər”

 

Türkiyə ilə Yunanıstan arasında mühacir qalmaqalı davam edir. Türkiyənin Ədirnə valiliyin son açıqlamasına görə, ölkənin müxtəlif bölgələrindən Ədirnəyə gələrək Avropaya keçən mmiqrant sayı 147 min 132 nəfərə çatıb. Valilikdən o da vurğulanıb ki, Yunanıstan sərhədində təhlükəsizlik qüvvələri miqrantlara qaz, duman, bomba və güllələrlə müdaxilə edərək 3 mühacirin həyatına son qoyub, 214 nəfəri isə yaralayıb.

 

Beynəlxalq İnsan Haqları Təşkilatı (Human Rights Watch) isə son hesabatında baş verənlərə görə Türkiyəyə öz dəstəyini nümayiş etdirib. Hesabatda Yunanıstanın qaçqınlara qarşı şiddət tətbiq etdiyi bildirilib: “Yunan təhlükəsizlik qüvvələri sərhəddə qaçqınları nəzarətə götürərək şiddət tətbiq edir, cinsi istismara məruz qoyur və nəticədə Türkiyəyə geri göndərir. Avropa İttifaqı isə baş verənlərə göz yumur”.

 

Baş verənləri AYNA-ya şərh edən politoloq İlqar Vəlizadə hesab edir ki, artıq mühacir qalmaqalı səngiyə bilər: “Koronavirusun yayılması və Avropa İttifaqının koronavirusla bağlı qəbul etdiyi qərarlarla əlaqəli, qeyd etdiyiniz gərginlik müəyyən dərəcədə səngiyə bilər. Belə ki, Avropa İttifaqı ölkələri karantin elan edib. Karantinə əsasən, İttifaq ərazisinə başqa ölkələrdən giriş 30 günlük qadağan edilib. Təsəvvür edin ki, normal viza şərtlərinə, qaydalara əməl edən ölkələrə bu cür qadağa qoyulursa, miqrantlara əlbəttə ki, daha sərt qadağalar tətbiq ediləcək. Düşünürəm ki, bu da başadüşüləndir. Türkiyənin də buna narazılıq edəcəyi inandırıcı deyil. Hər halda indiki mərhələdə karantin bu prosesdə müəyyən dərəcədə tənzimləyici rol oynaya bilər”.

Human Rights Watch-un hesabatına gəldikdə, politoloq bildirib ki, bəzi məsələlərə ikili standartlardan yanaşılır: “Əslində, bu proseslər ikili standartlar praktikasına əsasən həll olunur. Fərz edək ki, Türkiyə Suriya sərhədində qaçqınlara qarşı həmin hərəkəti etsəydi, Türkiyəyə insan hüquqlarını pozub deyə, hətta sanksiya belə, tətbiq ediləcəkdi. Yəni Aİ-nin nöqteyi-nəzərindən bu, normaldır. Ümumi götürəndə isə, təbii ki, məntiqsiz yanaşmadır. Ümumiyyətlə, bu yanaşmalar illərdir Azərbaycana qarşı da baş verir. Azərbaycanda 1 milyon qaçqın var. Amma beynəlxalq aləmin münasibətinə baxsaq, sanki belə bir şey yoxdur. Azərbaycan dövləti bu problemlə təkbaşına məşğul olur. Onlar da problemə, sadəcə göz yumurlar. Təəsüflər olsun ki, ikili standartlar belə məsələlərdə bizə qarşı özünü mənfi tərəfdən göstərir”. 

 

“Amma hər şeyə rəğmən qaçqın problemi öz həllini tapa bilər. Təbii ki, bütün tərəflər bu problemlə məşğul olsa. Yəni BMT-nin qaçqınlara bağlı olan Komitəsi, Təhlükəsizlik Şurası, Avropa İttifaqı, bundan əlavə, İran, Rusiya və Suriya hökumətləri bu problemlə aktiv şəkildə məşğul olmalıdır. Çünki bu, beynəlxalq problemdir deyə, ancaq Türkiyənin öhdəsinə düşməməlidir. Türkiyə pis-yaxşı problemin həllini öz üzərinə götürüb. Amma başda Suriya hökuməti olmaqla, beynəlxalq aləm bu məsələdə fəal olmaldır”, - deyə Vəlizadə əlavə edib.

Tarix: 21-03-2020, 21:08
Xəbəri paylaş





Xəbər lenti