Virusun qalibi ruslar olarsa…

 

Bizi bu Avropa Birliyinə inteqrasiya edirmişlər?

II dünya müharibəsinin uşaqları-Makedonun Namiqə dediyi sözləri xatırlamaqla başlamağın yeri var: «Hamımızın atası cəbhəyə gedib, bir sənin atandan başqa. Dezertirdi də… »

«Bizim Cəbiş müəllim»filmində göstərilənlərin hamısına inanmayın. Bakıda nə alman təyyarəsi vurublar, nə bir nemes gülləsi atıblar. Bombardımançıların Bakı üzərindən uçduğu, hətta vurulduğu, adamların bombardımandan qaçmaq üçün zirzəmilərdə gizlənməsi də gərək ki, rejissorun fantaziyası olsun. İkinci Dünya müharibəsi bizim dağlara gəlib çıxmayıb, amma Avropa bu müharibədən ağır itkilərlə çıxıb. 4 illik müharibə bir neçə ölkədən yan keçib, amma dünya müharibəsi adlanıb, çünki hamıya zərəri dəyib.

Neçə illərdir ağıllı adamlar o sualın üzərində baş sındırırdı ki, III Dünya müharibəsi görəsən, necə olacaq. Buyurun, bu da sizə Üçüncü Dünya müharibəsi. 30-cu illərdə Almaniyada baş qaldırmış faşizmi indi bir virus əvəz edib. Dünyanın bütün düzəni darmadağın olub, sərhədlər bağlanıb, hamı həyəcanla bu bəlanın harada neçə can aldığını izləyir, küçələr boşalır, əhali bombardımandan qaçırmış kimi evlərindən çıxmırlar. Yox, bizə heç kim dezirtir deyə bilməz! Bu müharibənin şərtləri fərqlidir. Evdə qal, ölmə. Üstəlik, fərari də deyilsən.

Hələ blokada hazırlığı görüb zirzəmilələri ərzaqla dolduranları da var. Ye, yat, çölə çıxma.

İkinci Dünya müharibəsində daha təhlükəsiz ölkələrə də qaçıb sığınmaq mümkün idi. Gəmi ilə, qatarla, maşınla. indi koronavirusdan əziyyət çəkən italiyalılar ABŞ-a həm də müharibə səbəbindən qaçmışdılar. Amma o zamanlar Don Karleoninin ağalıq etdiyi Nyu-Yorkun küçələri belə indi təhlükəsiz deyil. Qanqsterləri koronaviruslar əvəzləyib, hansı tindən çıxıb boğazına yapışacağı bilinmir.

Dünyaya qan uddurnuş Hitlerin vətənində belə virusa təslimçiıik əhvalı var. Kansler Merkel haqlı olaraq virusa bağlı yaranmış vəziyyəti II Dünya müharibəsi ilə müqayisə edib. Almaniya müharibənin iki yox, üç üzünü görmüş ölkədir. Müharibədə eyforik qələbələr, sonra ağır məğlubiyyət və iki hissəyə parçalanma. Almaniya belə sınaqlar görmüş ölkədir. Dayanıqlı sənayesi və tibbi ilə belə virisla mübarizədə önə çıxa bilmir. Ölkədə hər 1000 nəfərə 830 xəstə çarpayısı düşür, Avropada heç bir ölkənin bu cür lüksu yoxdur. «Hər şey insan həyatı üçün» sloqanı ilə virisla mübarizə aparırlar, amma yenə də itkilər var. Şəhərləri boşalıb. Bu müharibədə ilk atəş yox, son atəş önəmli olacaq. Kim bu zarazanın dərmanın tapsa, mötəbər söz onun olacaq. Almanlara diqqət edək, onlar çox müharibələr görüblər…

Qalan Avropa ölkələrinə gəlincə, günləri ağlamalıdır. Bunlar nə gündəymiş… Avropa qurumları, milyardları dövr elədiyi banklar, vədlər, dostluqlar, liderlərinin öpüşməsi, imzalanan sənədlər boş şeymiş sən demə. Baxın, NATO ölkəsi, Avropa Birliyinin əsas dini mərkəzi hesab olunan İtaliyaya Rusiya yardım etdi. Bu gün onların hərbi həkimlərin və tibbi ləvazimatlarını gətirən yük təyyarələrini İtaliyanın müdafiə naziri sevinclə qarşıladı. NATO hanı? Hanı onların, «adamyeyən» əsgəri birlikləri? Avropa Birliyi deyən qurum yoxdur sanki. Bizi bu fərsizlərlə inteqrasiya etmək istəyirdilər? Bunların ki, bir virisluq canları varmış… Heyrət etməyə bilmirsən.

Sən İtaliyaya (İspaniya və Fransada da vəziyyət yaxşı deyil) bir həkim briqadası, 100 süni nəfəs aparatı göndərmirsənsə, bu nə əməkdaşlıqdır, nə qardaşlıqdır? Avropa Birliyi də, NATO da bu müharibədə biabır oldu. Koronavirusdan sonra bunlardan nəinki Rusiya, heç kim çəkinməz. Hələ virusun qalibi ruslar olarsa…

 

Nazim SABİROĞLU
Tarix: 24-03-2020, 08:50
Xəbəri paylaş





Xəbər lenti