2707 nəfər Almaniyada koronovirusun qurbanı olub. Buna baxmayaraq “The New York Times” Almaniya haqqında tərifdolu bir məqalə təqdim edib. Almaniyada mövcud olan səhiyyə sisteminin üstünlüklərinə diqqət çəkib.
Amerika qəzeti bildirir ki, Almaniyada koronavirusa yoluxanların sadəcə 1.5 faizi bu xəstəlikdən ölür. İtaliyada isə bu göstərici 12 faizə bərabərdir. İspaniya, Fransa və Böyük Britaniyada isə koronavirusdan ölənlərin sayı ümumi yoluxanların 10 faizi qədərdir. Müqayisə üçün deyək ki, Çində bu göztərici 4, ABŞ-da isə 2.5 faizdir. Bu məsələdə Almaniya hətta Cənubi Koreyanı belə geridə qoyub. Orada koronavirusdan ölüm hallarının səviyyəsi 1.7 faizə bərabərdir...
İsveçrə dünyanın ən öndəgedən ölkələrindən biridir. Səhiyyə sistemi də çox yüksək səviyyədədir. Müqayisə üçün deyim İsveçrədə 8.2, Almaniyada isə 83 milyon nəfər yaşayır. Yəni arada 10 dəfə fərq var. Ancaq Almaniyada 2707, İsveçrədə isə 1002 nəfər koronavirusun qurbanı olub.
“The Guardian” isə yazır ki, Almaniya və İtaliyada 65 yaşından yuxarı olan insanların sayı təxminən eynidir. Ancaq İtaliyada 19 min nəfərə yaxın adam ölüb.
“The New York Times” Almaniyada istifadə olunan “Korona-taksi”lərdən də yazır. Qeyd edir ki, bu “taksi”ləri həkimlər sürür. Onlar xüsusi qoruyucu paltarlarda olurlar. Koronaya yoluxmuş xəstələri həmin taksilər evlərinə aparır. Həftədə 2-3 dəfə həmin xəstələrə baş çəkirlər. Əgər vəziyyət pisləşibsə, həmin xəstə dərhal xəstəxanaya yerləşdirilir...
Almaniyanın üstünlüklərindən biri də ondadır ki, bu ölkədə koronavirusla bağlı testlər pulsuz başa gəlir. Hər həftə 350 min nəfər bu testdən keçir. Əksər Avropa ölkələrində isə bu test pulludur. Məsələn, İsveçrədə bu testdən keçmək üçün 300 dollar ödəmək lazımdır və həmin ödənişi isə tibbi sığorta şirkətləri öz üzərinə götürmür.
Amerika nəşri vurğulayır ki, Almaniya Kansleri Angela Merkelin idarəçilik təcrübəsi də koronovirusla mübarizədə önəmli rol oynayır. Vaxtında verilmiş qərarlar prosesin nəzarət altında saxlanılmasını təmin edib.
Qeyd edək ki, Almaniya dünyada öz malını ən çox ixrac edən ölkələr sırasında 3-cü yerdə gedir. Bu ölkə Avropa Birliyinin mühərriki hesab olunur. Dünyanın dördüncü iqtisadi güc mərkəzidir. Almaniya həm də Mercedes-Benz, BMW, Volkswagen, Audi, Siemens, Allianz, Adidas, Porsche, Bosch and Deutsche Telekom kimi nəhəng şirkətlərin sahibidir.
Belə möhtəşəm iqtisadiyyatı olan ölkənin koronavirusa qarşı mübarizədə də öndə olması təbiidir.
Elbəyi Həsənli, Sürix
Musavat.com