İranın Qarabağdakı separatçılara yanacaq göndərməsi nəyə hesablanıb?


İranın Qarabağdakı separatçılara yanacaq göndərməsi nəyə hesablanıb?

“İran İslam Respublikasının Ermənistanla siyasi-iqtisadi əməkdaşlığı bu ölkənin daxili işidir. Təbii ki, Azərbaycan buna etiraz etmir. Amma rəsmi Tehranın Azərbaycanın işğal olunmuş ərazilərində separatçılarla qeyri-rəsmi əməkdaşlığı birbaşa ölkəmizə qarşıdır və buna susmaq olmaz”.

Cebhe.info xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, İran Ermənistan ərazisindən yük və neft daşıyan tırlarını Qarabağa göndərir, burada işğalçılara lojistik dəstək verir:

“Bununla bağlı yayılan videodan aydın olur ki, dövlət qeydiyyat nişanlı İran avtomobilləri Qarabağdadır və ora benzin, eləcə də digər neft məhsullar daşıyır. Belə ki, İran hakimiyyəti bu yolla öz destruktiv siyasətini davam etdirir. İran Yəməndə Husilərə, İraqda "Həşdi Şabi"-yə, Livanda Hizbullaha necə lojistik dəstək verirsə, Qarabağdakı separatçılara, işğalçı orduya da elə dəstək verir.

İran İslam Respublikasının bu hərəkəti Azərbaycanla qonşuluq əlaqələrinə kölgə salır və rəsmi Tehranın Qarabağ münaqişəsinin Azərbaycanın lehinə həll olunmasında maraqlı olmadığını ortaya qoyur”.

Politoloq hesab edir ki, Azərbaycan XİN İrandan bununla bağlı izahat tələb etməli, İranın ölkəmizdəki səfiri nazirliyə dəvət edilib aydınlıq gətirilməlidir:

“Azərbaycan bunu ciddi araşdırmalı və İranın ölkəmizin suverenliyini pozaraq işğal olunmuş ərazilərimizdə fəaliyyətinə son vermək üçün Tehranla ciddi müzakirələr aparılmalıdır.

İranın Qarabağda qida və tikinti şirkətləri fəaliyyət göstərir. Şuşada məscidin restavrasiyasını İran şirkəti həyata keçirdi.

Ermənistan istənilən zaman İran əleyhinə fəaliyyətə keçər. ABŞ-ın İrana qarşı sanksiyalarına Nikol Paşinyan İranla sərhəddi bağlamaqla mesaj vermişdi. Budur, Ermənistanın İrana münasibəti...

Göründüyü kimi, İran özü Azərbaycanla problemlər axtarır və hələ usanmadan deyir ki, Tehran Qarabağ münaqişəsinin həllində aktiv ola bilər.


Tarix: 13-04-2020, 12:14
Xəbəri paylaş





Xəbər lenti