"O, hakimiyyəti ələ almaq fikrindədir, Paşinyanın yeni hökümətinin ömrü çox uzun olmaya bilər"


Koçaryan deputat mandatından niyə imtina etdi? Görəsən, Xocalı qatili Parlamentdə Paşinyana təzyiq etmək fürsətini niyə qaçırdı? Bununla tezliklə Paşinyanı devirə biləcəyinin anonsunu vermiş oldumu?
 
Tanınmış ermənişünas alim Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında deyir ki, Koçaryanın deputat mandatından imtinası onun daha böyük kürsüyə iddia etməsi ilə bağlıdır:
 
"İndiki halda Paşinyan Rusiyanın bütün maraqlarını təmin etdiyindən Robertin hələlik kənarda qalması münasib bilinib. Koçaryanın deputat olmaq istəməməsinin arxasında başqa planların olduğu bəllidir. Ola bilsin ki, Paşinyanın Putinlə görüşündən sonra ortaq bir razılaşma olub və Koçaryan deputatlıqdan daha artığını istəməsinə, ölkənin rəhbəri olmaq arzusuna "hörmət " edilib və onu Rusiya Paşinyandan sonra bu posta gətirməyi planlaşdırır, hələlik Paşinyana mane olmamaq tövsiyə olunub. İkinci tərəfdən Ermənistanda parlamentdən kənarda mübarizə etmək içəridə olmaqdan daha sərfəli hala gəlib. Koçaryan parlamentdə olsa, o küçə mübarizəsindən kənarda qalacağını düşünür və kənarda ətrafına daha çox qüvvə toplamaq imkanını itirə bilər və bu fürsəti başqalarının əlinə vermək istəmir, kənardakı mobil antipaşinyan qruplaşmasının da gücündən öz xeyrinə istifadə etmək istəyir. O hakimiyyəti ələ almaq fikrindədir və Paşinyanın elan edəcəyi hökümətin ömrü çox uzun olmaya bilər. Ermənistanda bu fikirdədirlər ki, hakimiyyət böhranı nəticəsində qısa bir müddətdən sonra yeni seçkilərə gediləcək. Koçaryan və onun Şimaldakı havadarları həmin anı gözləyəcəklər...Koçaryan seçki ilə deyil, çevriliş yolu ilə də olsa bu posta gətiriləcək namizəddir. Onun yenidən hakimiyyətə gətirilməsi ilə Rusiya əsasən Qərblə bağlı narahatlıqlarını aradan qaldırmağı hədəfləyir. Koçaryanın parlamentə girməməsi bəzi politoloqların düşündüyü kimi prezident olmuş birisinin deputatlığı özünə sığışdırmamaq deyil, siyasi gedişdir".

Tarix: 20-07-2021, 13:52
Xəbəri paylaş





Xəbər lenti