Bu günlərdə Əfqanıstanda baş verən ekstremal hadisələrlə bağlı adları çox çəkilən əfqan dövlət xadimlərinin içində 3 nəfərin personası başqalarına nisbətən daha parlaqdır.Bunlar Əfqanıstanın sabiq dövlət xadimləri - 5-ci prezident Həmid Kərzay, 22-ci baş nazir Gülbəddin Hikmətyar və 25-ci baş nazir Abdulla Abdulla.
Şurəvilərə qarşı döyüşən liderlər hökumət şurasında
“Taliban”ın quracağı 12 nəfərlik şura hökumətində, yaxud da hökumət şurasında onların üçünün də təmsil olunacağı bildirilir.
Bununla belə, sonuncu iki şəxsin hazırda “Taliban” tərəfindən ev dustaqlığında saxlanılması barədə CNN tərəfindən yayılmış xəbər də var, amma hələlik təsdiq olunmur.

Ya bu xəbər gerçəkdir, “Taliban” qırmızılıq edərək təsdiqləmir, ya da
Kərzay və Abdulla Kabildə azad hərəkət edə bilir, sadəcə, “məxməri nəzarət” altındadır.
Hər halda “Taliban” kimi dünyanın ən qəddar təşkilatı olan, məhkəməsiz edamlar həyata keçirən terrorçu təşkilatı öz keçmiş qəvi düşmənlərini, ölkəyə başçılıq etmiş şəxsləri o qədər də sərbəst buraxası deyil.
İmkanlı ailələrin övladları, böyük tayfaların mənsubları
Hər üç şəxs Əfqanıstanda böyük əlaqələrə və keçmiş xidmətlərə malik simadır. Onlardan ikisi etnik kökəncə puştun (pəştun), biri (A.Abdulla) isə tacikdir.
Həmid Kərzay 1957-ci ildə Qəndəharda, imkanlı ailədə doğulub. Onun atası, popolzay tayfasının başçısı Əbdül Əhəd Kərzay 1964-73-cü illərdə deputat və senat sədrinin müavini, kral Zahir şahın isə şəxsi dostu olub.
Gülbəddin Hikmətyar 1944-cü (bəzi mənbələrə görə, 1947-ci) ildə Gündüz vilayətində anadan olub. O, puştun xalqına mənsub olan gilzay tayfasındandır.
Abdulla Abdulla 1960-cı ildə Kabildə anadan olub. O da imkanlı tacik ailəsindəndir.
Mühəndis, politoloq, həkim
Hər üç şəxs ailə təhsillidir.
Gülbəddin Hikmətyar əvvəlcə hərbi akademiyaya daxil olub, 1968-ci ildə Kabil universitetinə köçürülərək mühəndis ixtisasına yiyələnib.

Kərzay Kabildə lisey məzunu olduqdan sonra Hindistanda (Simle) universitet bitirib, politoloq ixtisasına yiyələnib.
Abdulla Kabildə “Nadira” gimnaziyasını bitirdikdən sonra universitetdə ali tibb təhsili alıb, 1984-cü ildən Peşəvərdən həkim işləməyə başlayıb.
Keçmiş mücahidlər
Bu üç personanın üçünün də əfqan müqavimət hərəkatında rolları olub.
Hikmətyar SSRİ-yə qarşı döyüşən mücahid hərəkatının liderlərindən biri, ən məşhuru olub. O, uzun illər ABŞ-ın xüsusi himayədarlığından yararlanıb.
Kərzay gəncliyində Əfqanıstanın Milli Xilas Cəbhəsinin lideri Söhbətulla Mocaddedinin yaxın ətrafına daxil olub, təşkilatın mətbuatla əlaqələrinə cavabdeh olub, tərcüməçilik edib və ABŞ-dan silah alınması məsələlərində vasitəçi olub.
Abdulla Abdulla 1986-92-ci illərdə Əhməd Şah Məsudun nəzarətində olan Pəncşir vilayətində vuruşan mücahidlərin baş həkimi olub.
“Taliban”ın köhnə düşmənləri
Həm Hikmətyar, həm Kərzay, həm də Abdulla siyasi və hərbi fəaliyyətləri dövründə “Taliban”la düşmən mövqelərdə olublar.
Hikmətyar 1996-cı ildə Əfqanıstanın baş naziri (Bürhanəddin Rəbbaninin prezidentliyi dövründə) olanda onu və təmsil olunduğu iqtidar komandasını “Taliban” devirib və Hikmətyar İrana qaçmalı olub.
Kərzay əvvəlcə Rəbbani iqtidarında təmsil olunub, xarici işlər nazirinin müavini təyin edilib, beynəlxalq konfranslarda iştirak edib, ancaq 1994-cü ildə hökumətdən çıxaraq Qəndəhara gedib, orada “Taliban”ın lideri
molla Ömərlə tanış olub.

“Taliblər” hakimiyyətə gələndə ona BMT yanında xüsusi nümayəndə postunu təklif ediblər, amma Kərzay bundan imtina edib. 1999-cu ildə onun Pakistanda yaşayan atası öz iqamətgahının qarşısında naməlum şəxslər tərəfindən güllələnib və Kərzay bu qətlə görə “Taliban”ı günahlandırıb.
Abdulla Pəncşirdə döyüşən mücahid taciklərin sırasında olaraq “Taliban”a qarşı da düşmən mövqedə olub. “Taliblər” hakimiyyətə gələndə də onlarla yaxınlaşmayıb.
Dövlət xadimliyinə aparan yol

1992-ci ildə SSRİ-nin marionetkası olan Nəcibulla hakimiyyəti süqut etdikdən sonra digər səhra komandirləri ilə rəqabət aparan Hikmətyar Kabulza nəqarət uğrunda amansız mübarizə aparıb və ölkənin baş naziri təyin edilməyə nail olub.

H.Kərzay 2001-ci ildə hakimiyyətə ABŞ tanklarının üstündə gəlib. Onun puştun olması, əsilzadəliyi, keçmişi, rasionallığı əfqan siyasi liderlərin, tayfa başçılarının Bonnda keçirilən konfransında iştirak edənlərin bu şəxsdən yana olmasını təmin edib və onu Əfqanıstanın müvəqqəti prezidenti seçiblər.

A.Abdulla iki dəfə prezidentliyə namizəd olub. Birinci dəfə, 2009-cu ildə 30 faiz seçici səsi alan A.Abdulla ABŞ-ın dəstəklədiyi və prezident səlahiyyətlərinin icraçısı olan Həmid Kərzaya uduzaraq seçki ikincisi olub. A.Abdulla Kərzay hökumətində xarici işlər naziri postunu (2001-2006) tutub.
İkinci dəfə 2014-cü iləd yenidən prezidentliyə namizəd olan Abdulla 41 faiz səs alaraq seçki birincisi olsa da, seçkilərin ikinci turunda Əşrəf Qəniyə uduzub, ancaq seçkilərin nəticəsini qəbul etməyib. Uzun çəkişmədən sonra tərəflər saziş imzalayıblar, Ə.Qəni prezident, A.Abdulla baş nazir (2014-2020) olub. Həm də ona mühüm postlara öz kadrlarını təyin etmək hüququ verilib.
ABŞ və əfqan liderlər
Adları çəkilən şəxsləri üçü də ABŞ-la xüsusi münasibətə malik olub. Bu dövlət vaxtilə Hikmətyara böyük maddi, maliyyə dəstəyi versə də, sonradan İrana meylli olması üzündən ondan imtina edib. Hətta BMT Hikmətyarın adını axtarılan terrorçuların siyahısına salıb.
Əfqanıstana başçılıq etmək üçün ABŞ-dan hər cür dəstək alan və iki dəfə prezident seçilən Kərzay hələ də Vaşinqtonun sevimlisidir.

Abdulla isə ABŞ tərəfindən həmişə ikinci rola layiq görülüb. Ağ Ev onu həm Kərzayın, həm də Qəninin komandasının daxilində görüb. Güman ki, bu, Abdullanın Əfqanıstandakı böyük etnik çoxluğa – puştunlara yox, etnik azlığa – taciklərə mənsub olmasından irəli gəlib.
Onların aqibəti necə olacaq?
İndi əsas sual budur: “Taliban” bu qədər tanınmış, beynəlxalq əlaqələrə malik, təcrübəli dövlət xadimlərini, keçmiş düşmənlərini bağışlayacaq, onlara uzun müddət yüksək dövlət vəzifəsi tutmağa imkan verəcəkmi?

Böyük ehtimalla, elə bir şey olmayacaq. Bu şəxslərə qarşı indiki yumşaq münasibət taktiki səciyyə daşıyır, “Taliban” hələlik öz mövqeyini möhkəmləndirə bilməyib, Nanqarharda və Pəncşirdə müqavimət ocaqları var. Bu təşkilat möhkəmləndikdən sonra, təbii ki, “ocaq başında olan” köhnə düşmənləri ilə də haqq-hesab çəkəcək, ya edam edəcək, ya da beynəlxalq birliyi üstünə qaldırmamaq üçün ölkədən qovacaq.
Onu da qeyd edək ki, təcrübəli Hikmətyar “Taliban”ın vədi ilə Kabilə gələsi, öz taleyini etibarsız “taliblər”in ixtiyarına verəsi deyil. Elə Əhməd Şah Məsudun oğlu Əhməd Məsud da “Taliban”ın hökumət şurasının üzvü olmaq vədinə aldanmayanlardandır.
Xalid Kazımlı, Musavat.com
Tarix: 28-08-2021, 17:11