
“Taliban” Əfqanıstanın şimal bölgəsinə nəzarəti tam ələ keçirdiyini bəyan etsə də, müqavimətçilər təkzib edirlər
Nəhayət, “Taliban” Əfqanıstanda alınmayan sonuncu qalanı - şimal vilayəti olan Pəncşirə nəzarəti də tam ələ keçirdi. “Yeni Müsavat”ın xəbərinə görə, bu, şah Məsudun oğlu Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət hərəkatının məğlub olmasının nəticəsidir. “Taliban”ın təmsilçisi Zabiulla Mücahid təsdiqləyib ki, bölgə tam nəzarətdədir. Əfqan agentliyi “Asvaka” isə bildirib ki, taliblər Pəncşir qubernatorluğunun binasına öz bayraqlarını sancıblar. Vilayət uğrunda gedən döyüşlərdə hər iki tərəfdən çoxlu komandir ölüb. Onların arasında “Taliban”ın Pəncşir əməliyyatına məsul Qari Fasihuddin də var. Lakin “Taliban” hələlik bu məlumatı təsdiqləməyib.Müqavimət qüvvələri isə “Taliban”ın Pəncşir əyalətini ələ keçirməsi barədə bəyanatını təkzib edib. Onların “Tvitter” səhifəsindən yaydığı açıqlamada mübarizənin davam etdiyi bildirilib. Maraqlıdır, vilayət kimin əlindədir və hansı qüvvə həqiqəti söyləyir? Yeri gəlmişkən, Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh Pəncşiri tərk edərək Tacikistana qaçıb. Bu barədə “Əl Cəzirə” məlumat yayıb.
Əfqanıstan parlamentinin aşağı palatasının baş katibi Əbdülqədir Zazai Vətəndost isə deyib ki, “Taliban” mövcud konstitusiyanı qəbul etmir və eyni zamanda öz konstitusiyası da yoxdur. Onlar hər şeydən əvvəl yeni bir əsas qanuna ehtiyac duyacaqlar. Vətəndost qeyd edib ki, Əfqanıstanda indi respublika quruluşundan əmirliyə keçid var və bu, parlamentin olmasını nəzərdə tutmur. Ancaq o, bu qanunverici orqanın ləğv edilib-edilməyəcəyi sualına cavab verməyib.
Əfqanıstan gündəmində əhəmiyyətli hadisələrdən biri isə Pakistan İdarələrarası kəşfiyyatının (ISI) rəisi general Fayez Həmidin sentyabrın 4-ü səhər tezdən “Taliban” rəhbərliyi ilə danışıqlar aparmaq üçün gözlənilmədən Kabilə getməsidir. Səfərin təfərrüatları açıqlanmır, ancaq Pakistanın ən nüfuzlu şəxslərindən birinin taliblərlə dialoqunun heç də asan olmayacağı bəllidir. Hamı taliblərin “Pakistanın layihəsi” olduqlarına dair formalaşmış rəyə o qədər öyrəşib ki, özlərinə bu sadə sualı da vermirlər: əgər elədirsə, bəs niyə İslamabad hələ də “Taliban”ı Əfqanıstanda yeganə qanuni hakimiyyət olaraq tanımayıb?
Qabil Hüseynli: “Pəncşir dağların arasında olan bir vadidir, qalanı xatırladır, mağaralar mövcuddur, bu da müqavimət hərəkatına əlavə üstünlük verir, taliblər tam nəzarət edə bilmirlər”Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Pəncşir dağların arasında olan bir vadidir: “Bura iki yerdən daxil olmaq mümkündür. Bir qalanı xatırladan coğrafi ərazidir. Bu da müqavimət hərəkatına əlavə üstünlük verir. Lakin ”Taliban" bütün Əfqanıstana hökmranlıq edir və ətrafında xeyli adamları var. Onların əksəriyyəti puştunlardır. Puştunlar əsasən Pakistan və Əfqanıstanda yaşayır. Bu yaxınlarda Pəncşirdəki müqavimət hərəkatının üzvləri xeyli sayda talib əsir götürmüşdülər. Məlum olmuşdu ki, onların 60 faizi Pakistandan gələn puştun muzdlulardır".
Q.Hüseynlinin sözlərinə görə, bu şəraitdə Pəncşirin aqibəti haqda dəqiq fikir söyləmək çətindir: “Taliblər deyirlər ki, hətta qubernator binasını götürüblər. Amma mağaralar var, gizlənmək üçün ərazilər mövcuddur, bu da müqavimətçilərə qəfil hücum etmək, pusqular qurmaq, partlayıcı maddələrdən istifadə etmək imkanı qazandırır. Bu baxımdan ”Taliban"a Pəncşirə tam nəzarət etmək imkanı vermir. Müəyyən ərazilər ələ keçirilsə də, bəzi mövqelər müqavimətçilərin nəzarətindədir. Lakin Pənşcir taliblərə qarşı yeganə müqavimət mərkəzi olmaya bilər. Əfqanıstanın maliyyə çətinlikləri digər məntəqələrdə də əhalinin ayağa qalxmasını istisna etmir. Çünki BMT, Beynəlxalq Valyuta Fondu və Avropa Birliyi Əfqanıstana yardımı tamamilə dayandırıb, kəskin maliyyə böhranı yaranıb, ölkədə tələbat mallarının qiyməti sürətlə qalxır, əhalinin güzəranı pisləşir və bu da ciddi narazılıqla qarşılanır. Nəticədə xalqın müqavimət birlikləri yaratması mümkündür".
Q.Hüseynli Əfqanıstanı gözləyən yeni idarəçiliyin nədən ibarət olacağını açıqladı: ““Taliban” ölkədə islam əmirliyi elan edib və etiraf edirlər ki, İran modelinə oxşar islam dövləti qurmaq istəyirlər. Əgər onların bu ideyası baş tutsa, onda bütün qanunvericilik bazası dəyişməlidir, yeni konstitutsiya qəbul olunmalıdır. Amma bu konstitutsiya tarixin ən geridəqalmış, mürtəce, müasir sivilizasiyanın nailiyyətlərindən uzaq bir dövlət quruluşuna gətirib çıxara bilər. Bu da modern və sivil dünya qaydalarına zidd olacaq və siyasi proseslərdə heç bir fayda gətirməyəcək".
Ramiyə MəmmədovaSiyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Pəncşir məğlubedilməz bölgə kimi tanınır. Onun fikrincə, indiyə qədər heç kəsə təslim olmayan bu vilayət indi mürəkkəb vəziyyətlə qarşılaşıb: “Onlara Tacikistandan dəstək var, amma yetərli deyil. Müqavimətçilər üçün çətin olacaq və bölgəni nəzarətdə saxlayacaqlarına inamım yoxdur. ”Taliban"ın resursu çoxdur və digər nöqtələri də tutacaq. Bu vilayət əsasən taciklərdən ibarətdir. Onlar həmişə mübarizə aparıblar. Sadəcə, taliblər Pəncşirin bəzi yerlərinə nəzarət edə bilmirlər, onu da götürəcəklər".
Ekspert hesab edir ki, Pakistan və Çin “Taliban”la işləmək istəyəcək: “Əfqanıstanda müqavimətçilər çox gedə bilməyəcəklər. Dünyanın ən aparıcı ölkələrindən taliblərə müsbət mesajlar verilir. Ona görə şah Məsudun oğlu üçün dirənişin sonu ümidverici görünmür. ABŞ, Almaniya, Fransa, Türkiyə ”Taliban"la əməkdaşlığa hazırdırlar".
Qeyd edək ki, paytaxt Kabildən təxminən 120 kilometr şimalda yerləşən Pəncşir vadisində etnik taciklər yaşayır və əhalisi 100 min nəfərdən artıqdır. Beynəlxalq təhlilçilər qeyd edirlər ki, ötən 50 il ərzində məhz Pəncşir vadisi həm xarici, həm daxili düşmənlərə təslim olmayan yeganə vilayətdir. “The Diplomat” nəşrinin yazdığı kimi, əgər xarici düşmənlər üçün Əfqanıstan imperiyaların qəbiristanlığıdırsa, o zaman Pəncşir dərəsi bu qəbiristanlığın lap mərkəzidir. Vaxtilə sovet tankları Pəncşir vadisinə hücum edəndə Əhməd şah Məsudun döyüşçüləri onların “burnunu əzdi”.
Tarix: 7-09-2021, 09:10