“Taliban” Əfqanıstanda yeni hökumətin yaradıldığını elan edib. Məlumatlara görə, “Taliban” rəhbərliyinin nümayəndəsi Əmir Xan Müttəki xarici işlər naziri vəzifəsinin müvəqqəti icraçısı təyin edilib. Baş nazir səlahiyyətlərinin icrası isə Məhəmməd Həsən Axunda tapşırılıb. Bundan əlavə, müdafiə naziri vəzifəsinin səlahiyyətlərini Məhəmməd Yaqub icra edəcək.Bəs yeni hökumət bu başıbəlalı müsəlman məmləkətinə, nəhayət, sülh, sabitlik gətirəcəkmi? Bu hökumət nə dərəcədə Pakistana, Türkiyəyə yaxın olacaq? Qərb onun legitimliyini tanıyacaqmı?Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev məsələyə geniş rakursdan yanaşır: “Əfqanıstanda ”Taliban"ın yenidən hakimiyyəti ələ keçirməsinə sıradan bir silahlı çevriliş kimi baxılmamalıdır. Mən bunu uzun müddətdir ki, hazırlanan, regionun gələcəyi üçün hesablanmış, qarşıya böyük hədəflər qoyan plan kimi dəyərləndirirəm. Bu planın hazırlanmasında kimlərin olmasını yaxın vaxtlarda baş verəcək hadisələr göstərəcək. “Taliban”ın demək olar ki, müqavimətsiz Əfqanıstanın böyük hissəsini, o cümlədən Kabili ələ keçirməsinə çoxları təəccüb etmişdi. Uzun illərdir ki, ABŞ-ın milyardlarla dollar pul xərclədiyi, müdafiə sistemləri qurduğu, ciddi maraqları olan və kənardan müdaxilənin imkansız olduğu bir ölkədən sakitcə çıxması da böyük suallar yaradır.
Elşən Mustafayev: “Türkiyə bu regionda ciddi bir oyunçuya çevriləcək”Bu gün artıq ölkə daxilində “Taliban”ın qarşısında duracaq ciddi qüvvə ortada yoxdur və Əfqanıstanda yeni rejimin formalaşıb güclənməsi də uzaqda deyil. Amma bunun Əfqanıstanda sülhə gətirib çıxarıb-çıxarmayacağı ayrı məsələdir. Özünə qarşı daxildə müqavimət olmayacağından bir müddət sabitliyin və sakitliyin yaranacağı gözləniləndir. Təbii ki, bu sabitlik qorxu, basqı və müxalif insanların gücsüzlüyü səbəbindən olacaq. Eyni zamanda silahlı hakimiyyət dəyişikliyinə dünya dövlətlərinin, xüsusilə ABŞ və Avropa ölkələrinin demək olar ki, laqeyd münasibəti, hətta bəzilərinin açıq şəkildə “Taliban”la əməkaşlıq imkanlarının olmasına dair açıqlamaları da proseslərə müəyyən rəng qatır. Öz növbəsində “Taliban” rəsmiləri də bəyanatlarında dünya dövlətləri ilə münasibətlər saxlamaqda maraqlı olduqlarını bildirirlər".
Siyasi ekspert “Taliban”ın Pakistan və Türkiyə ilə münasibətlərinin necə olacağına da toxundu: “Pakistanla hələ öncədən yaxın münasibətlərin olması bəlli idi. Taliblərin təqib olunduğu vaxtlarda Pakistanın onları himayə etdiyi, maliyyə yardımları göstərdiyi, hətta bu hərəkatın ilkin rüşeymlərinin məhz Pakistan ərazisində qoyulması heç kimə sirr deyil. Həmçinin taliblərin əksəriyyətinin Pakistan xalqının əksəriyyəti kimi puştun milləti olması da bu münasibətlərə təkan verən amillərdir. Belə bir ortamda Türkiyə ilə də münasibətlərin qurulmasında maraqlar gündəmdədir. Regionun əsas oyunçularından biri olan və son illərdə hətta açıq söz sahibinə çevrilən, son illər Pakistanla daha çox yaxınlaşan Türkiyə bu regionda ciddi bir oyunçuya çevriləcək. Düşünürəm ki, Qərb və ABŞ da bu gedişata həqiqi mənada etiraz etmək istəməyəcək. Hazırda ən çox narahat olan Rusiyadır. Bunun da bir çox səbəbləri var. Birincisi, Rusiya ilk vaxtlardan ”Taliban"ı terror təşkilatı elan edib özünə qarşı ən böyük təhlükələrdən biri hesab edir. İkincisi, uzun illərdir ki, hər dəfə sərtləşdirilən və iqtisadiyyatına ciddi təsir edən ABŞ-ın ciddi sanksiyalarından əziyyət çəkir və açıq deməsə də Əfqanıstandan ABŞ-ın gözlənilmədən çəkilməsi ilə yeni rejimin qurulmasını özünə qarşı plan hesab edir. Üçüncüsü isə Rusiyanın böyük maraqları olan, hərbi kontingenti yerləşən Orta Asiya respublikalarında taliblər vasitəsilə vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyanın ya hərbi əməliyyatlara qoşulmaqla 1979-cu illərdəki kimi bataqlığa düşməsi, ya da, ümumiyyətlə, Orta Asiya respublikalarından birdəfəlik çıxması narahat edir. Əgər sonuncu baş verərsə, Orta Asiya dövlətləri və Rusiya sərhədləri boyunca Moskvanın hökmü bitəcək, çəmbər bir az da daralacaq. Orta Asiya ilə taliblərin eyni dini bölüşməsi, bəzi ölkələrlə hətta milli yaxınlıqlarının olması prosesə daxildən əlavə təkan verə bilər. Düşünürəm ki, məhz bu istiqamətdə regionda qaynar nöqtə yarana və bu bir çox maraqlı güclər tərəfindən körüklənə bilər. Bizə hələlik hadisələrin inkişafını müşahidə etmək qalır".
Azər Hüseynov: ““Taliban”ın sabitliyi təmin edə bilməsi Britaniya, Çin, Türkiyə üçün vacibdir, həm də...”Siyasi şərhçi Azər Hüseynov Əfqanıstanda sabitliyin yaranmasını Azərbaycan üçün də əhəmiyyətli sayır: ““Taliban” məsələsində şəxslərin önəmi deyil, yeni konfiqurasiyanın önəmi düşünülməlidir. “Taliban”ın sabitliyi təmin edə bilməsi Britaniya, Çin, Türkiyə üçün vacibdir, həm də bizim üçün. Bu zaman Avrasiyadan Amerika sıxışdırılır. Britaniya stabil düzəndən iqtisadi mənfəətlər əldə etməyə meyllidir. Amerika isə regional və qlobal savaşlardan mənfəət əldə etməyə meyllidir. Ona görə “Taliban”ın sabitliyi təmin etməsi Britaniyanın parasına, Türkiyənin logistik və iqtisadi iştirakına, Çinin ixracına, Pakistanın təhlükəsizlik dəstəyinə bağlıdır".
Asif Nərimanlı: “Bütün ölkələr ”Taliban"la bu və ya digər formada işləyəcək”Siyasi analitik Asif Nərimanlı isə hesab edir ki, bütün ölkələr “Taliban”la işləyəcək: ““Taliban”ın yeni hökumətinin önündə ciddi əngəllər var və bu əngəlləri keçmək üçün uzun müddət zaman lazım olacaq. Çünki Qərb insanların təxliyyəsi, əfqan xalqına dəstək verilməsi çərçivəsində “Taliban”la işləmək istədiyini açıqlasa da, yeni hökuməti tanımaq üçün şərtlər irəli sürüb. Bunlar terrorçuluğun yayılmasına dəstək verməmək, qadın hüquqlarına hörmət etmək, insan haqları və media azadlığını dəstəkləmək, həmçinin humanitar yardımı qəbul etmək kimi şərtlərdən ibarətdir. Taliban üçün çətinliklər həm daxilindəki qruplaşmalar, həm də Qərbin yanaşmasından qaynaqlanır. Siyasi qanad bu şərtlərə müsbət baxsa da, hələ də vəziyyətə tam nəzarət edə bilmir. Qərb mediası Əfqanıstanda terrorçuluğun yenidən dirçəlməsi, qadın hüquqlarının pozulması, qətllərin baş verməsi xəbərlərini tirajlayır. Bu xəbərlər tam əsassız deyil, Taliban da etiraf edir ki, döyüşçülər necə davranmaq barədə maarifləndirilməyiblər, xüsusilə qadınlara münasibətdə. Lakin belə xəbərlərin tirajlanması həm də Əfqanıstanda və Əfqanıstan üzərində Cənub-Şərqi Asiya coğrafiyasında planlaşdırılan xaosun bir hissəsi kimi görünür. “Taliban”ın hakimiyyətə gəlişinə “yaşıl işığın” yandırılmasının hədəfi də, fikrimcə, o coğrafiyada qeyri-stabilliyin yaradılmasına hesablanıb. İŞİD-in Əfqanıstanda peyda olması bu fikri daha da gücləndirdi. Bundan sonrakı dövrdə də Əfqanıstanda terrorun artacağını görə bilərik və “Taliban”ın istəsə belə, bunun qarşısını alması imkanları zəifdir. Çünki həm daxilində radikal qruplar var və bu qruplar siyasi qanadın qərarları ilə heç də həmişə razı olmurlar, həm də Əfqanıstanın qarışmasında maraqlı olan kənar qüvvələr var. Bu baxımdan, Qərbin “Taliban”ın yeni hökumətini tanıyacağı ehtimalı zəifdir. Rusiya, Türkiyə və digər ölkələrin tanıması da hələ ki gözlənilən deyil. İlk növbədə, “Taliban”ın terror təşkilatı siyahısından çıxarılması lazımdır. Fikrimcə, Qərb hələ ki bu məsələdə maraqlı deyil. Lakin Qərb də daxil olmaqla, bütün ölkələr “Taliban”la bu və ya digər formada işləyəcək. “Taliban”ın özü də daha çox Pakistan və Türkiyə ilə əməkdaşlıqla yanaşı, digər ölkələrlə də işləməyə çalışacaq".
Tarix: 9-09-2021, 09:52