Gürcüstan çalxalanır: Azərbaycanlıları təxribata çəkmək istəyirlər? - RƏYLƏR
Gürcüstanın Marneuli rayonunun Şulaver kəndinə əlavə polis qüvvələri cəlb olunub.Buna səbəb kənd sakinlərinin bu gün saat 5-ə təyin etdikləri aksiyadır.
Ötən gün hakim Gürcü Arzusu Partiyasının deputatı Zaur Darğallı bildirib ki, müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) Şulaverdə təxribat planlaşdırır.
Onun sözlərinə görə, kənddə keçmiş prezident Mixail Saakaşvilinin vətənə dönməsi tələbi ilə yürüş və magistral yolun bağlanılması nəzərdə tutulub.
VMHP-nin nümayəndəsi Azad Kərimov isə jurnalistlərə açıqlamasında deyib ki, aksiya qiymət artımına etiraz olaraq keçiriləcəkdi, lakin artıq təxirə salınıb.
Ümumiyyətlə, Saakaşvilinin geri qayıdacağını açıqlaması Gürcüstanda qarşıdurmanın yaranmasına səbəb olacaq? Bəs bu qarşıdurmalar təxribat yaratmaq məqsədilə azərbaycanlıların yaşadığı bölgələrdə başlaya bilərmi?
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli
Cebhe.info-ya açıqlamasında bildirib ki, Saakaşvilinin Gürcüstana gəlməsi gözlənildiyi üçün, onun tərafdarlarının da fəallaşması çox təbiidir:
“Vətəndaşların aksiya keçirmək və öz fikirlərini sərbəst ifadə etmək hüququ var. Xüsusilə Gürcüstanda seçki mühiti olduğu üçün, hər hansısa toplantıların keçirilməsi, şüarların səsləndirilməsi normaldır və mövcud qanunvericiliyə uyğundur. Ümumiyyətlə, Şulaverdəki aksiya Saakaşvili ilə bağlı deyil. Onlar sadəcə olaraq, mövcud duruma etiraz etmək və sosial şüarların səsləndiriləcəyi aksiya keçirəcəkdilər.Hazırda bizim Gürcüstan hakimiyyəti ilə münasibətlərimiz yaxşıdır. Hesab edirəm ki, Gürcüstan Prezidentinin Azərbaycanyönümlü açıqlamalar verməsinin səbəbi müəyyən mənada seçki ilə bağlıdır.Hesab edirəm ki, biz Keşikçidağ hadisələrinidə də tutulan mövqeyi və Gürcüstanın Prezidentinin Ağrıdağ məsələsi ilə bağlı Sarkisyanla birlik nümayiş etdirməsi unutmalı deyilik.O cümlədən Borçalı cəmiyyətinə qarşı haqsızlıqlar oldu və mənim Gürcüstana girişimə 7 ildir ki, qadağa qoyulub. Bu məsələlər bizim icma olaraq orada mövcud olmağımıza icazə vermir. Lakin bütün hallarda dünya sürətlə dəyişir.Gürcüstan və Azərbaycan arasındakı münasibətlərin daha da inkişaf edən xətt üzrə yürüməsini istəyərik. Həmçinin, Gürcüstanın yanlışlıqlarını düzəltməsini tələb etmək haqqımızdır”.Cəmiyyətinin sədri hesab edir ki, Saakaşvili 2 oktyabrda Gürcüstana gedəcək:
“Onun seçki gecəsi səsvermə başa çatdıqdan sonra Tiflisə gəlməsi heç də təsadüfi deyil. O seçkiyə müdaxilə etməmək üçün seçki bitdikdən sonra qayıdır.Saakaşvili demokratiya uğrunda mübarizə aparan Qafqaz lideri olduğu üçün onun qarşılanması kütləvi aksiya ilə müşahidə oluna bilər. Soydaşlarımızında Saakaşvilinin qarşılanma aksiyasında iştirak etməsi başa düşülən və təbiidir. Çünki Saakaşvili Azərbaycanla və Gürcüstandakı soydaşlarımızla bağlı çox gözəl siyasət yürütmüşdü.Məhz onun dövründə, həmyerlilərimizin Gürcüstan cəmiyyətinə inteqrasiyası ilə bağlı ciddi layihələr həyata keçirmişdi. Ona görə də soydaşlarımız bunları unutmayıb və onu dəstəkləmələri normaldır”.Politoloq Cümşüd Nuriyev isə qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu məsələdə təmkinli olmalıdır:
“Ümumiyyətlə, Saakaşvilinin geri qayıtmaq ehtimalı olduqca yüksəkdir. Düşünürəm ki, Saakaşvilinin qayıtmaq məsələsi Qərbin layihəsidir və bunun arxasında həm Avropa ölkələri, həm də ABŞ dayanır.Doğrudur, Gürcüstan hazırda kifayət qədər müstəqil siyasət yürüdür, amma buna baxmayaraq, Gürcüstan hakimiyyətində olanlar Rusiyaya yaxın qüvvələrdir. Ona görə də Avropa və ABŞ Gürcüstanı Rusiyanın əlindən çıxartmağa çalışır. Lakin indiki hakimiyyətin dəyişiləcəyi real görünmür. Saakaşvili azərbaycanlılara qarşı hər zaman yaxşı olduğu üçün, həmyerlilərimiz bunu yaddan çıxartmır. Düşünürəm ki, azərbaycanlılar kifayət qədər ehtiyatlı olmalıdır. Əgər ehtiyatsız hərəkət etsələr qarşıdurma yarana bilər.Onu da nəzərə almalıyıq ki, Gürcüstanın mövcud hakimiyyətilə Azərbaycanın münasibətləri çox yaxşıdır. Onlar çalışmalıdır ki, siyasi məsələlərə ən sonda qoşulsunlar. Hesab edirəm ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyimiz bu məsələyə ciddi yanaşmalıdır. Hətta yaxşı olar ki, bunu Azərbaycan Dövləti də nəzarətə götürsün. Nəzərə almalıyıq ki, Gürcüstanda yarım milyona yaxın azərbaycanlı yaşayır və ən böyük yerli diasporamız da məhz orada yerləşir. Əminəm ki, ermənilər bunlardan istifadə edərək təxribat yaratamağa çalışacaqlar. Ona görə də Gürcüstandakı soydaşlarımızı erməni təxribatından qorumalıyıq”.
Tarix: 29-09-2021, 18:19