Supergüclərin “oyuncağı”: BMT-yə alternativ qurum yaradıla bilər?
“Artıq BMT problemləri həll edə bilmir. Bu təşkilata olan inam və etimad itib”.Bu fikirləri Türkiyənin keçmiş Baş naziri Binəli Yıdırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunda çıxış edərkən deyib.
"Əgər qəbul edilən qətnamələr icra edilmirsə, bunun heç bir mənası yoxdur. Bu da quruma olan etimadı azaldır", - o vurğulayıb.
Qeyd edək ki, Binəli Yıldırım fikirlərində olduqca haqlıdır. Nəzərə almaq lazımdır ki, 30 ilə yaxın BMT-nin Qarabağlı verdiyi qətnamələr də icra olunmadı və onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərilmədi.
Ümumiyyətlə, geriyə dönüb baxdığımızda BMT-nin qərarlarının sadəcə kağız üzərində qaldığını görə bilərik. Məhz qətnamələri icra olunmayan qurum nəyə lazımdır? BMT-yə alternativ qurum yaradıla bilər?
Sabiq diplomat, politoloq Fikrət Sadıqov
Cebhe.info-ya açıqlamasında bildirib ki, BMT müəyyən qüvvələrin əlində oyuncağa çevrilib:
“Həqiqətən də, Binəli Yıldırımın fikirləri çox doğrudur. Çünki biz artıq BMT-nin və onun Təhlükəsizlik Şurasının fəaiyyətsizliyinin tam mənada şahidi olduq. Orada sadəcə, siyasi maraqlar çərçivəsində bütün məsələlər həll olunur. Qurumdakı aparıcı dövlətlər faktiki olaraq, 28 il ərzində tam biganəlik nümayiş etdirdilər. Maraqldır ki, özləri qəbul etdikləri qətnamələrdən üz çevirdilər. Hətta Ermənistan da bu vəziyyətdən istifadə etmişdi. Onlar ölkə parlamentini Şuşaya köçürmək istəyirdilər.Həmçinin, Ermənistanın müdafiə naziri bir neçə dəfə yeni ərazilər işğal etmək niyyətlərinin olduğunu açıq şəkildə bəyan etmişdi. Azərbaycan bütün bunlara görə, torpaqlarını özü azad etməyə məcbur oldu. Bu isə BMT-nin bir “oyuncağa” çevrildiyini göstərir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, dünya 5 dövlətdən ibarət deyil”.Politoloq qeyd edib ki, BMT-nin ləğv oluna biləcəyinə bir qədər şübhə ilə yanaşır:
“Biz BMT-ni qəbul edirik, amma bu qurum formal bir təşkilata çevrilib. Hazırda 120 ölkədən ibarət olan Qoşulmama Hərəkatı artıq dünya siyasətində aparıcı rol oynayan bir qurum təsiri bağışlayır. Ona görə də BMT-dəki aparıcı dövlətlər bunu başa düşməlidir ki, bütün problemlər artıq BMT-nin iştirakı olmadan öz həllini tapır.Bəs onda BMT-nin fəaliyyəti nədən ibarət olmalıdır? Qərarlar qəbul edib, amma onları yerinə yetirməyən bir təşkilatın fəaliyyəti bizi heç vaxt qane edə bilməz. BMT-nin ləğv olunması mürəkkəb proses olacağı üçün, inandırıcı görünmür. Çünki BMT-nin arxasında aparıcı ölkələr dayanıb və bu qurum onları müəyyən hallarda qane edir. Lakin Azərbaycan özünü maraqlandıran məsələləri BMT-nin iştirakı olmadan həll edə bilər”.
Tarix: 4-11-2021, 22:00