İnqilab baş tutmadı: “Saakaşvili “gürcü oyunu”nun qurbanı oldu”
Gürcüstanda vəziyyət gərgin olaraq qalır. Sabiq prezident Mixail Saakaşvili 8 ildən sonra 1 oktyabrda Gürcüstana geri qayıdıb və həbs olunub.Saakaşvilinin tərəfdarı olan müxalifət 2 oktyabrda keçirilən bələdiyyə seçkilərində qalib gələ bilmədi.
Vahid Milli Hərəkət Partiyası seçkilərdə qələbə qazansaydı, Gürcüstanda növbədənkənar parlament seçkiləri gözlənilirdi. Bunun nəticəsində isə Mixail Saakaşvilinin baş nazir olacağı proqnozlaşdırılırdı. Bütün bu iddialar sadəcə ehtimal olaraq qaldı. Görünən odur ki, Saakaşvili gözlədiyi dəstəyi Qərbdən ala bilmədiyi üçün vəziyyət fərqli məcraya gedir. Etirazçı kəsim gündəlik aksiyalar keçirir, hökumət güzəştə getməyəcəyini bildirir, Saakaşvili həbsdə qalır.
Gürcüstanda indi baş verən proseslər 2018-ci ildə Ermənistanda yaşanan hadisələri xatırladır. Nikol Paşinyan 2018-ci ildə məhz inqilab yolu ilə Ermənistanda hakimiyyətə gəlib. O, İrəvanda günlərlə mitinqlər təşkil etdi, saxlanıldı, amma Serj Sarkisyanı istefa verməyə məcbur edə bildi.
Maraqlıdır, Nikol Paşinyanın Ermənistanda etdiyi inqilabı Mixail Saakaşvili Gürcüstanda edə biləcəkmi?Bununla bağlı
Cebhe.info-ya açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Gürcüstanda “Ermənistan ssenarisi”nin baş verməsi gözlənilmir:
“Çünki Ermənistanda bu məsələ 1 ay çəkdi, amma Gürcüstanda aylardır davam edir. Həmçinin, gürcü xalqı geniş şəkildə inqilab üçün meydanlara çıxmır. Onu da qeyd edim ki, Gürcüstanda olan səfirliklər də bu məsələdə maraqlı görünmür. İrəvandakı ABŞ səfirliyi inqilabın mərkəzi idi, lakin Gürcüstanda belə bir vəziyyət baş vermir. Saakaşvili hesab edirdi ki, Gürcüstanda 2003-cü ildəki ssenari təkrarlana bilər, amma bu da olmadı. Əslində, 2018-ci ildə Ermənistanda baş verənlər 2003-cü ildə Gürcüstanda yaşanan prosesləri xatırladırdı. Onu da nəzərə almaq lazımdır ki, Gürcüstan iqtidarı da 2003-cü ildə “qızılgül inqilabı” nəticəsində hakimiyyətə gələnlərlə bənzər siyasət yürüdür. Eyni zamanda, xalq indiki hakimiyyətə ciddi şəkildə etiraz etmir. Ona görə də Mixail Saakşvilinin inqilab edərək Gürcüstanda hakimiyyətə gəlməsi real görünmür”.Politoloq qeyd edib ki, Gürcüstandakı proseslər ABŞ və Rusiya arasında gedən geopolitik qarşıdurmanın nəticəsidir:
“Hazırda Qərb Saakaşviliyə ciddi dəstək vermir. Çünki Qərb onu hakimiyyətə gətirərsə, Rusiya Gürcüstana ciddi şəkildə hərbi təzyiq edə bilər. Düşünürəm ki, ABŞ Saakaşviliyə müəyyən çərçivələr daxilində dəstək verir. “Gürcü arzusu” Partiyasının Rusiya ilə əlaqələrinin olmasına baxmayaraq, Qərb Gürcüstanda siyasi xaosda maraqlı deyil. Əgər Gürcüstanda inqilab planlaşdırılsaydı, belə bir vəziyyətdə keçirilməzdi. Ermənistandakı proseslər tamamilə fərqli idi. Orada “Soros” Fondu və Qərbin maliyyə dairələri erməni müxalifətini dəstəkləyirdi, amma Gürcüstanda bu edilmir. Sadəcə olaraq Saakaşvilinin partiyası, Vahid Milli Hərəkat bu məsələdə aktiv şəkildə onu dəstəkləyir. Həmçinin, seçkilərdə də Saakaşvilinin partiyasının “Gürcü arzusu”ndan geri qaldığını gördük. Bu isə onu göstərir ki, vətəndaşların bu proseslərdə aktivliyi olduqca zəifdir. Ona görə də düşünürəm ki, Qərb Gürcüstanda hakimiyyətin dəyişməsində və inqilabda maraqlı deyil. Hətta Gürcüstan hakimiyyəti Qərbin Saakaşvilini dəstəklədiyini görsəydi, ona bu dərəcədə ciddi xəsarətlər yerinə yetirə bilməzdi. Sadəcə olaraq, Saakaşvili Gürcüstanda gedən bəzi oyunların qurbanı oldu”.
Tarix: 12-11-2021, 22:24