Moldova polisi Kremlin təxribat sxemini ifşa etdi -Hər təxribatçıya 10 min dollar vəd olunub...

Moldova polisi Kremlin təxribat sxemini ifşa etdi -Hər təxribatçıya 10 min dollar vəd olunub...
Moldova polisi rusiyapərəst müxalif "ŞOR" partiyasının təşkil etdiyi etiraz aksiyasında nümayişçilərlə toqquşma zamanı 54 nəfərin həbs edildiyini bildirib. İğtişaşların təşkilatçıları Rusiya xüsusi xidmət orqanları tərəfindən koordinə edilib. 
 
Moderator.az xəbər verir ki, Moldovanın "TV8" telekanalının yaydığı məlumata görə,  bu barədə mediaya polis rəisi Viorel Cernautsanu informasiya çatdırıb.
 
Cernautsanu martın 9-da Rusiya Federasiyasından gələn bir şəxs tərəfindən iğtişaşları təşkil etmək üçün təlim keçmiş 5-10 nəfərdən ibarət 10 qrup yaradıldığını qeyd edib. Təxribatların təşkilatçılarının hər birinə 10 min dollar veriləcəyi vəd olunub.
 
"Polis Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının Moldova Respublikasında sabitliyi pozmaq üçün müxalifətin etiraz aksiyaları (o cümlədən dünənki -12 mart) zamanı planlaşdırılan fəaliyyətlərə hazırlanması barədə əməliyyat məlumatı əldə edib”, - Cernautsanu belə deyib.
 
İdarə rəisinin sözlərinə görə, bu məlumatı təxribatçı qruplara sızan polis agenti verib. O, Rusiyadan gələn, "Maya Sandu" psevdonimli  koordinatorla birbaşa  əlaqəyə girib. Koordinator Moldova və Rusiya vətəndaşlığı olan və Rusiyada yaşayan başqa bir şəxslə birlikdə təxribatçıların hazırlanmasına nəzarət edib.
 
"Sabitliyi pozmağa hazırlaşan bu Rusiya vətəndaşı artıq yanvar ayında Moldovaya gəlib, orada başqa pasport alıb və bir neçə dəfə soyadını dəyişib", - deyə polis rəisi bildirib.
 
Cernautsanunun sözlərinə görə, bu şəxslər Moldovanın müxalifət qüvvələri ilə bağlıdırlar və lazım gələrsə, onların dəstəyindən də istifadə edirlər. Əməliyyatda iştirak edən şəxslər idmançılar və cinayətkar keçmişi olan şəxslərdir.
 
Sxem martın 11-də ifşa edilib. Saxlanılanların əksəriyyəti polislə əməkdaşlıq edir. 7 nəfər qrup rəhbəri qismində saxlanılıb.
 
Polis sübut kimi gizli polis agenti ilə Rusiya xüsusi xidmət orqanlarının nümayəndəsi arasında söhbətin yazısını təqdim edib.
 
Xatırladılır ki, fevralın ortalarında Moldova prezidenti Maya Sandu xəbərdarlıq etmişdi ki, Rusiya müxalifətin saxta fəallarla keçirdiyi etiraz aksiyalarının köməyi ilə ölkədə sabitliyi pozmaq və hakimiyyəti dəyişmək niyyətindədir.
 
"Moskvanın planı hərbi təlim keçmiş, mülki şəxs kimi maskalanmış insanların zorakılıq hərəkətləri, hökumət binalarına hücumlar və girovlar götürülməsi üçün təxribat törətməyi nəzərdə tutur" -deyən Sandu çevrilişdə xaricdən təxribatçıların da iştirak edəcəyini bildirib.
 
O əlavə edib ki, Moskvaya Moldovadakı bəzi qüvvələr, o cümlədən xaricdə olan müxalif siyasətçilər - İsrail vətəndaşı, milyonçu İlan Şor və oliqarx Vlad Plaxotnyukun tərəfdarları da kömək edə bilər.
 
Fevralın 9-da Ukrayna prezidenti Vladimir Zelenski Avropa Parlamentində çıxışı zamanı Rusiyanın Moldovada siyasi sabitliyi pozmaq üçün plan hazırladığını deyib və bununla bağlı Maya Sanduya xəbərdarlıq edib.
 
Fevralın 28-də ölkə hüdudlarından kənarda təxribat mərkəzləri ilə əlaqəsi olan əcnəbilər Moldovadan çıxarılıb. Onlar vətəndaşları konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə təhrik edərək ölkədə daxili vəziyyəti pozmaq üçün məlumat toplamaqla məşğul olublar.
 
Özlərini adi turist kimi göstərən bu şəxslər gizli şəkildə “siyasi texnologiya və sosial mühəndislik üzrə xarici ekspertlərin sui-qəsd şəbəkəsinə” bağlı olan bir qrup şəxslə koordinasiya qurublar.
Sultan Laçın

Tarix: 13-03-2023, 09:14
Xəbəri paylaş





Xəbər lenti