Növbədənkənar parlament seçkilərinin nəticələrinin ləğvini tələb edən bir qrup namizəd və onların tərəfdarları fevralın 16-da Mərkəzi Seçki Komissiyasının binası önündə aksiya keçirdi. MSK qarşısına toplaşanlar “Azad seçki!”, “Vətəndaşa əl qaldırma!” şüarları səsləndirdilər. Aksiyaçılar polis tərəfindən ərazidən uzaqlaşdırıldı.
“Yeni Müsavat”a danışan ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli bildirib ki, aksiya zamanı onların 90 nəfər üzvü saxlanılıb. N. Cəfərli söyləyib ki, saxlananlara qarşı hər hansı bir şiddət olmayıb:
“Bizim əsas hədəfimiz dinc, demokratik və konstitusiyanın bizə verdiyi imkanlar şəraitində seçkilərin nəticələrinin ölkə üzrə ləğv olunması və yeni seçkilərin keçirilməsidir. Dinc şəkildə öz tələblərimizi Mərkəzi Seçki Komissiyasına bildirməyi düşünürdük. Hazırladığımız mətnlə ölkədəki seçki prosesinin problemlərlə yadda qaldığını nəzərə alaraq nətijələrin ləğv edilməsini tələb edəcəkdik. Bu tələblərlə MSK qarşısında cəmi 1 saatlıq aksiya planlaşdırmışdıq. Lakin təəssüf ki, hökumət tərəfindən bizim tələbimizlə qarşılaşdırdıqda qeyri-adekvat addım atıldı. Biz qabaqcadan üzvlərimizə də demişdik ki, heç bir qarşıdurmaya getmədən, dinc şəkildə tələblərimizi MSK-ya çatdıraq. Aksiyaya 3 saat qalmış təşkilatçıları və o cümlədən partiya sədrimizi evindən çıxan zaman bizə məlum olmayan insanlar avtomobilə əyləşdirib, MSK qarşısına gəlməyə icazə vermədilər.
Natiq Cəfərli: “Hesab edirik ki, yeni şans qapısının açılmasına ehtiyac var”
Məlum oldu ki, İlqar Məmmədovu Ağsuya qədər aparıb, sonra isə Şamaxı yolunda düşürüblər. Digər aksiya iştirakçılarını da bir çoxlarını ərazidən uzaqlaşdıraraq müxtəlif istiqamətlərə aparıb, sonra yolda düşürmüşdülər. Saxlananları avtobusa, maşınlara öz iradələrindən kənar salmışdılar. Ancaq içəridə hansısa zor, şiddət olmayıb. Lakin insanların Bakıdan 70-80 kilometr kənarda buraxılması qeyri-hüquqi hərəkətdir və biz bunun hüquqi mübarizəsini aparacağıq. Aksiyalara davam etməklə bağlı da müzakirələr gedir. Çünki biz təşəbbüskar olsaq da, bu barədə tək qərar verməmişik. Parlamentin buraxılması ilə bağlı tələblərimizi bundan sonra da müxtəlif formalarda hökumətə çatdırmağı düşünürük. Düşünürük ki, 9 fevral seçkiləri Azərbaycan üçün bir şans idi. Bu şansın əldən çıxarıldığını düşünürük və hesab edirik ki, yeni şans qapısının açılmasına ehtiyac var. Parlamentin yenilənməsi və daha açıq seçkilərin keçirilməsi üçün tələblərimizi hökumətə çatdırmağa davam edəcəyik”.
Aydın Mirzəzadə: “Bir qədər inandırıcı arqument tapsalar, daha yaxşı olar”
Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, kimlərinsə seçkinin nəticəsindən narazı qalması normal bir haldır: “Bu, bütün demokratik ölkələrə xas olan xüsusiyyətdir ki, seçkidə iddialıların bir qismi nəticələrlə razılaşmırlar. Bunu da müxtəlif səbəblərlə izah edirlər. Ancaq bir şeyi anlamaq lazımdır ki, bütün bunların hamısı hüquqi müstəvidə həll edilməlidir. Məndə belə təəssürat yaranır ki, bəzi adamlar seçkinin necə keçməsi yox, seçkidən sonrakı vəziyyətlə bağlı özünə siyasi xal yığmağa çalışırlar. Deyirlər ki, polis məni uzaqlaşdırdı, aparıb filan yerdə düşürdü və sairə. Yəni bu adamlar seçkiyə aidiyyəti olmayan, seçkidən sonrakı müəyyən qanunazidd hərəkətin qarşısı alınan zaman yaşanan vəziyyəti fərqli çatdırırlar. Birincisi, polisin vəzifəsi qanunsuz aksiyaların qarşısını almaqdır. Bu, onun birbaşa vəzifəsidir. Eyni zamanda polis mühüm strateji obyektləri də qorumalıdır. Digər tərəfdən isə qanunsuz aksiyalarda iştirak edənlərə qarşı hansısa sərt tədbirlər görülmədi. Yəni onlar məhkəməyə çəkilmədi, protokol bağlanmadı, heç kim müvəqqəti təcridxanaya yerləşdirilmədi. Sadəcə olaraq, adamlar oradan uzaqlaşdırıldı. Kiminsə hansısa uzaqlıqda düşürdülməsi inandırıcı gəlmir. Doğrudan da polisin büdcəsi o qədər böyükdür ki, 5 nəfərdən ötrü avtobusu Yevlağa sürdürsün, sonra da geri qaytarsın? Bir qədər inandırıcı arqument tapsalar, daha yaxşı olar”.
Milli Məclisin deputatı Siyavuş Novruzov «Trend»ə məsələ ilə bağlı bildirib ki, bir qrup şəxsin qanunsuz olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında aksiya keçirməyə cəhd göstərməsi xarici qüvvələrə xidmət edir:
“Azərbaycanda azad, ədalətli və demokratik parlament seçkiləri keçirilib. Seçkilərin nəticəsində uduzanlar, xalqın səsini qazana bilməyənlər təbii ki, müxtəlif bəyanatlar verir. Hətta qohum-əqrəbası ona səs verməyənlər, üç adamı ətrafında birləşdirə bilməyənlər bir şou düzəldirlər. Bu şounun da məqsədi bəzi beynəlxalq təşkilatların hesabatlarında nələrinsə qeyd olunmasına xidmət etməkdir. Onlar başda Əli Kərimli olmaqla, xarici qüvvələrə işləyirlər. Həmin şəxslər əvvəldən buna çalışırdılar. Namizədliklərini irəli sürdülər ki, müxtəlif bəhanələr gətirsinlər, desinlər ki, guya bunları qeydə almayıblar və s.”
S.Novruzov vurğulayıb ki, Azərbaycanda indiyə qədər budəfəki seçkilərdə olduğu qədər namizəd qeydə alınmamışdı:
“Hamı üçün bərabər şərait yaradılmışdı. Əgər kimsə təbliğat-təşviqat kampaniyası apara bilmirsə, üç adamı ətrafına yığa bilmirsə, insanlar arasında bir söz deyə bilmirsə, MSK-nın qarşısında nə işi var? MSK rəsmi nəticələri bəyan edib. Sən get əvvəlcə uduzduğun dairəni araşdır və camaat da sənə desin ki, biz səni seçməmişik. Xalqın arasına çıxa bilməyənlər indi gəlib MSK-nın qabağına çıxır. Onların məqsədi xarici qüvvələrə xidmət edib pul qazanmaqdır”.
Əli RAİS