Qarabağ klanı Paşinyandan necə qurtulmağı düşünür?..


Ən son xəbərlərdən belə məlum oldu ki, böyük çətinliklərlə olsa da Ermənistanın hakim partiyası N.Paşinyana dəstək olmağa razılıq verib - guya onları buna hətta S.Sarqsyanın özü təhrik edibdir.

Düzdür, adam hətta bu xəbərlərə də bir az şübhə ilə yanaşır, çünki riyakarlıq, gündə bir söz demək, cəmi ermənilər kimi onların siyasətçiləri üçün də xarakterikdir.

Amma indiki məqamda bu addım çox məntiqli görünür. Axır ki, hakim partiyanın strateqləri başa düşdülər ki, yaxın vaxtda yeni seçkilərə getmək onların maraqlarına qətiyyən cavab vermir. Aydın məsələdir ki, yaxın aylarda növbədənkənar seçkilər keçirilərsə N.Paşınyan tərəfdarları daha çox mandat qazanarlar.

Elə bu səbəbdən də düşünürük ki, Serj və komandası başqa yol seçdi - deputat və jurnalist N.Paşinyanı hakimiyyətə buraxmaq. Hətta onunla bir hökumət belə qurmq istəmədilər. Səbəbi də budur ki, Serj və komandası N.Paşinyanın siyasi cəhətdən tezliklə iflasa uğrayacağını təxmin edirlər.

Əsasları da budur ki, Paşinyan tək bir fiqurdur, Ermənistan isə problemlər ölkəsidir və üstəlik, bu problemlər tək sosial-iqtisadi xarakter daşımır, bunun hətta geosiyasi tərəfləri də var.

Artıq indidən ruslar Ermənistanda ABŞ-ın təsirinin artacağını proqnozlaşdırırlar. Elə daxili problemlər də heç də az aktual deyil. Tək adam N.Paşinyan nə edəcək? Xüsusən də nəzərə alanda ki, bu problemlər nəinki bir, hətta bir neçə hökumətin belə həll edə biləcəyi ölçüdə deyil, o halda görürsən ki, Sarqsyan və tərəfdarları çox da böyük xətaya yol vermirlər-onların hesablamaları məntiqlidir.

Bəli, Paşinyan meydanda tək görünür. Bir tərəfdən bu boyda işi bir adamın görə biləcəyi, bu qədər etirazı bir adamın təşkil edə biləcəyi elə də inandırıcı görünmür. Amma kadr önündə heç kim yoxdur, tək Nikol müəllim özüdür.

Düzdür, bu adam hətta regionlarda da “inqilabi komitələr” yaratmağa qərar vermişdisə, deməli o, tamamilə tək də deyildi. Bir daha deyirik ki, bir adamın görə biləcəyi iş deyildi bu...

Elə Serjin adamlarının N.Paşinyanın arxasında güclü partiyanın olmaması haqda dedikləri də tam həqiqəti əks etdirmir. Nikol müəllimin parlamentdə 7-8 deputatı vardı. Bəli, bu, zəif bir partiya olsa da, hər halda təşkilatdır. Həm də güclü və zəif partiya məsələsi şərait məsələsidi - bugünün zəif partiyası sabahın güclü təşkilatı da ola bilər.

Baş nazir seçilərsə, N.Paşinyanın uğuru onun həm də ki, nə qədər siyasətcil adam olmasından asılı olacaq. Ermənistanda böyük korrupsiya var və bunun böyüməsində S.Sargsyan hakimiyyətinin də rolu az deyildi. O səbəbdən də hakimiyyətə gələndən sonra o, da korrupsiyaya müharibə elan edərsə, o halda indiki hakim partiyanı iflic hala sala bilər.

Güman ki, N.Paşinyan bunu edəcək, əks təqdirdə Dağlıq Qarabağ klanının Ermənistan siyasi həyatındakı rişələrini qopartmaq mümkün olmayacaq. Xüsusən də nəzərə almaq lazımdır ki, bu klan hərbi müstəvidə çox güclüdür və onları hakimiyyətə gətirən də elə bu olubdur. 

Həm də Nikol hakimiyyətə gələcəyi bir təqdirdə növbədənkənar parlament seçkilərini heç bir halda ləngitməməlidir, çünki zaman onun əleyhinə işləyəcək. İndisə elə bir vaxtdı ki, hakim partiyanın reytinqi çox aşağıdır, necə deyərlər, dövran Paşinyanın dövranıdır.

Amma bir daha deyirik ki, bu, əbədi də olmayacaqdır - siyasətin rəqqası bir tərəfə hərəkət etdiyi kimi, o biri tərəfə də yönələ bilir.

Üstəlik, Ermənsitan iqtisadiyyatının problemi həm də resurslar problemidir və əhəmiyyətli dərəcədə Ermənistanın regionda apardığı siyasətdən asılı bir məsələdir. Paşinyan bu siyasəti dəyişməzsə, çox çətin olacaq, bunun dəyişməsininsə bir yolu da İrəvanın Azərbaycana və həm də Türkiyəyə qarşı indiyədək apardığı siyasətin dəyişməsidir.

Amma o, bunu edə biləcəkmi? Bunu istəyəcəkmi və yaxud bacaracaqmı? Qəti söz demək olduqca çətindir. Etməsə, Ermənistanın ilk “məxməri inqilabı” elə məxməri çiçəklər kimi tez bir zamanda solacaq və hətta ola bilsin, rəngini dəyişərək yaddaşlarda epizod kimi qalacaq və biz daha bir uğursuz “rəngli inqilab”ın şahidləri olacağıq.

Bilirsiniz, çoxu düşünür ki, siyasətçinin gücü və fəndgirliyi yalnız cəmiyyətin eşitmək istədiklərini səsləndirməkdədir. Amma belə deyil. Güclü siyasət adamı həm də o kəsdir ki, axına qarşı da gedə, cəmiyyətin rəyini dəyişə də bilir. Əks təqdirdə siyasət yalnız populistlərin meydanı olardı...

Tarix: 8-05-2018, 09:48
Xəbəri paylaş





Xəbər lenti