AXH-də son durum - aprelin 22-də qurumun taleyi həll olunacaq


Tural Abbaslı: “İsgəndər bəy və istənilən bəylə oturub vəziyyəti müzakirə etməyə hazıram”

İsgəndər Həmidov: “Səhvlərimizi bir-birimizin üzünə deyib, aradan qaldırmalıyıq”

Azərbaycan Xalq Hərəkatında sular durulmur. Aprelin əvvəlində hərəkatın dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı ilə sabiq daxili işlər naziri İsgəndər Həmidov arasındakı dava ilə başlayan qarşıdurma getdikcə güclənir. AXH hazırda faktiki olaraq iki hissəyə parçalanıb.

Son olaraq, aprelin 18-də hərəkat daxilindəki bir-birinə qarşı duran iki qrup ayrı-ayrılıqda fövqəladə toplantı keçirdilər. T.Abbaslının sədrliyi ilə baş tutan iclasda əks qanaddan Valeh İbadov və Ağasif Şakiroğlu idarə heyətindən uzaqlaşdırılıb. Sabiq daxili işlər naziri İsgəndər Həmidov və Ramiz Tağıyevə xəbərdarlıq edilib. Süleyman Kərimov, Salman İmanlı, Yavər Mikayılov və Firudin Əhmədlinin hərəkatın idarə heyətinin üzvü olmadığı elan olunub. Bu iclasdan saatlar sonra İ.Həmidovun iştirakı ilə daha bir fövqəladə toplantı keçirilib və bu iclasda əks tərəfin qəbul etdiyi bütün qərarlar qeyri-legitim sayılıb.

Bütün bunlardan sonra gözlər aprelin 22-də KXCP qərargahında keçiriləcək AXH-nin idarə heyətinin ənənəvi iclasına dikilib. Bu toplantıya tərəflərin hər birinin qatılıb-qatılmayacağı sual doğurur. Bugünkü vəziyyətdən çıxış etsək, tərəflərin yenə də iki fərqli məkanda toplanacağı real görünür. Çünki tərəflərdən biri əks qanaddan iki üzvü hərəkatdan uzaqlaşdırıb, 4 üzvün isə ümumiyyətlə, idarə heyətində təmsil olunmadığı barədə qərar qəbul edib. Bu 6 nəfər isə, üzümüzə gələn iclasda iştirak edəcəklər.

Bütün bunlar onu göstərir ki, AXH-nın başı üstünü alan qara buludlar çəkilməyəcək.

T.Abbaslı tərəflər arasında görüşlərin keçirilməsini vacib sayır: “Hələ birinci günə qədər kifayət qədər zaman var. Düşünürəm ki, o iclasa qədər hazırlıq iclaslarının olması çox vacibdir. Ümumi razılıqlar əldə olunub, o toplantıya gedilməlidir. Əks təqdirdə biz və əks tərəf öz qərarları ilə iclasa qatılsalar, canlı efirdə yenə də qarşıdurma yaranacaq. Nəticədə eyni iclas keçirmək olmayacaq. Bu baxımdan gələn həftənin ilk gününə qədər ki səmərəli vaxtdan istifadə edib, məsləhətləşmələr aparıb, ümumi razılıqlar əldə olunmalıdır. Problem gizlədilməli deyil, həll olunmalıdır. Belə olarsa, təbii ki, o iclasda iştirak edəcəm. Amma hələ ki, bununla bağlı şəxsi qərarım yoxdur. Digərlərinin iştirak edib-etməyəcəyini də deyə bilərəm. Burada qəribə bir situasiya yaranıb. Birinci gün gedib oturacağım iclasda üç gün qabaq hərəkatdan çıxardığımız insanlarla bir masa başında əyləşməmiz siyasi baxımdan da uyğun gəlməz. Bu baxımdan o günə qədər ümumi razılığın əldə olunmasına böyük ehtiyacın olduğu düşüncəsindəyəm. Əks tərəfdən İsgəndər bəy və digərləri, biz tərəfdən isə Mətləb Mütəllimli, Rəhim Qazıyev və başqaları görüşə bilərlər. Ağsaqqallar öz aralarında məsləhətləşib ortaq razılıq əldə etsələr çox yaxşı olardı. O görüşdə mən özüm də iştirak edə bilərəm. Birinci günə qədər mütləq görüş baş tutmalıdır. Bizim iclasdakı qərarları kimlərsə qeyri-legitim kimi qəbul edə bilərlər. Biz o qərarları əsasnamə ilə əsaslandırıb qəbul etmişik. O qərarlar tam legitimdir. İclasımız hüququdur. Bunu canlı efirdə sübut da etdik. Bu məsələlərin üzə daha çox çıxmaması üçün görüşlərin olmasını istəyirəm. Mənim İsgəndər bəy başda olmaqla oradakı heç kimlə şəxsi problemim yoxdur. Bundan sonra da olmayacaq. Burada heç bir şəxsi problemlərdən söhbət getmir. Mən İsgəndər bəy və istənilən bəylə oturub vəziyyəti müzakirə etməyə hazıram. Elə bir kompleksim yoxdur”.

İ.Həmidov da barışıq tərəfdarıdır: “Həftənin birinci günü Mirmahmud Mirəlioğlunun qərargahında hərəkatın idarə heyətinin ənənəvi toplantısı keçiriləcək. Hamı dəvətlidir. Əks və bu tərəflər anlayışını özümə yaxın buraxmıram. Yəqin ki, iclasa qatılsalar, birlikdə müzakirələr aparıb, qeyri-müəyyənliyi aradan götürərik. Ümid edirəm ki, iclasa gələrlər. Çünki Mirmahmud bəy elə şəxs deyil. Onun qərargahına dəvətə ixtiyarımız yoxdur ki, yox deyək. Bizim iclası aparan Həsən Həsənovun onlar qatılmasalar, ya çıxarılmalar, ya da töhmət almalar olacaq kimi fikirləri şəxsidir. Hər kəs gördü ki, iclasımızda kimlərinsə çıxarılmasını səsə belə qoymadıq. Sadəcə onların qərarını ləğv etdik ki, 7 nəfər yığışıb 13 nəfər barəsində qərar verə bilməz. Əks tərəflə birinci günə qədər görüş planlaşdırıram. Zəng edib 3-4 nəfərlə görüşməyə çalışacam. Səhvlərimizi bir-birimizin üzünə deyib, aradan qaldırmalıyıq. Birinci gün baş tutacaq iclasa onlar qatılsalar, dönəm sədri iclası aparacaq”./Musavat.com/


Tarix: 19-04-2019, 21:31
Xəbəri paylaş





Xəbər lenti