Natiq Cəfərli: “Keşikçidağ məbədinin yerləşdiyi ərazi Azərbaycana məxsusdur”
Bir neçə gündür ki, Azərbaycanla Gürcüstanın sərhəddində yerləşən Keşikçidağ Alban məbədi ətrafında qalmaqal yaşanır. Keşikçidağ məbədi ətrafında yaranan durumla bağlı “Gürcü Arzusu” Partiyasının deputatı Mahir Dərziyev deyib ki, qəfildən Gürcüstanda siyasətçilərin yadına Keşikçidağ məbədi düşməsinin səbəbi aprelin 28-də pravoslav dünyasının Pasxa Bayramını qeyd etməsi və məbədi çoxlu zəvvarın ziyarət etməsi olub ki, həmin gün də Azərbaycan tərəfi, sərhədçilərin sayını artırıb. Bu da müəyyən anlaşılmazlıqlara, ziyarətçilərin diskomfort halları yaşamasına, yolların bağlı olmasına, hərəkətin dayanmasına səbəb olub. Bu məsələnin gündəmə gəlməsi də ziyarətlə əlaqəli olub.
Maraqlıdır ki, həmin gün həqiqətən də yollar bağlanıb və ziyarətçilər diskomfort hallar yaşayıbmı?
“Hürriyyət”in sualını cavablandıran Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətinin əməkdaşı Rövşən Cahangirov deyilənləri təkzib etdi: “Gürcüstanda kim nə deyir, qoy desin, biz belə bir məlumat verməmişik, başqa qurumlar da heç bir məlumat verməyib və bizim heç bir problem yoxdur”.
“Uzun illərdir ki, Gürcüstan tərəfi sistematik olaraq bu məsələni gündəmə gətirirdi”
“Gürcü Arzusu” Partiyasının deputatı Mahir Dərziyevin “məsələnin gündəmə gəlməsi ziyarətlə əlaqəli olub” fikrinə münasibətini ifadə edən REAL Partiyasının icra katibi Natiq Cəfərli isə “Hürriyyət”ə dedi ki, məsələyə belə sadələşdirilmiş yanaşmaq doğru deyil:“Guya, Keşikçidağ məbədi ilə bağlı məsələ ancaq ziyarətlə bağlı yada düşüb. Gürcüstan tərəfi uzun illərdir bununla bağlı beynəlxalq lobbiçilik fəaliyyəti göstərirdilər. Gürcülər həmin bölgəyə 2016-cı ildə çox nüfuzlu “National geography” telekompaniyasını dəvət etdilər və çox maraqlı bir sənədli film çəkildi. Sənədli filmdə oradakı problemlər də göstərildi ki, restavrasiya olunmalıdır, tarixi abidənin aşınması baş verir. Bu lobbiçik fəaliyyəti, gürcülərin atdığı addımlar nəticəsində Keşikçidağ məbədi dünyanın 20 ən gözəl məbədi sıyahısına daxil edildi. Əslində, biz o zamandan bu işə qoşulmalıydıq. Azərbaycan tərəfi də həmin məbədə sahiblənərək xarici ekspertləri dəvət etməklə, orada bərpa işlərinin aparılması ilə bağlı fəaliyyət göstərməliydi ki, bügünkü söz-söhbət də olmasın. Əslində, bu həm də bununla bağlıdır.
Keçən il və bu il aprel aylarında Tiflisdə beynəlxalq konfrans da təşkil olundu. Avropanın bir nüfuzlu dərnəyi var. Bu dərnəyin vasitəsilə tarixi abidələrin öyrənilməsi ilə bağlı bir konfrans təşkil olundu və dünyanın bir çox ölkələrindən alimlər dəvət olundu. Həmin konfransda “David Qareci” məbədindəki problemlər bir daha dilə gətirildi. Yəni uzun ilərdir ki, Gürcüstan tərəfi sistematik olaraq bu məsələni gündəmə gətirirdi. Biz gecikirik, məsələlərə çox gec reaksiya veririk və çox təəssüf ki, adekvat reaksiya vermirik. Ona görə də indi bu məsələ ortalığıa çıxanda Azərbaycan tərəfi olaraq biz hazırlıqsız yaxalandıq. Əslində, bu məbədin dünya inciləri sırasına daxil edilməsindən biz özümüz istifadə edə bilərik. Zatən, Azərbaycan dövləti bir çox ölkələrdə belə məbədləri bərpa edirsə, öz ərazimizdə yerləşən bir məbədin təmir olunmasına, qorunmasına vəsait ayıra bilərdi. Dünyanın nüfuzlu alimlərini dəvət etməklə, bir tarixi-memarlıq abidə kompleksi, muzeyi yarada bilərdi ki, gürcülər üçün də həmin məbədə sərbəst giriş üçün imkanlar yarada bilərdik. Yəni prosesdur qaydaları çətinləşdirilmədən Gürcüstan ərazisindən Azərbaycana sərbəst keçid və ziyarətlə bağlı “yaşıl koridor” prinsipini əldə rəbhər tutaraq belə bir addım ata bilərdi. Bu qabaqlayıcı addımlar ola bilərdi və bununla bağlı Gürcüstan tərəfinin də heç bir sözü olmazdı.
İndi beynəlxlaq ictimai rəydə belə formalaşdırılmağa çalışılır ki, məbədin təmirə ehiyacı var, Azərbaycan tərəfi isə bununla bağlı iş görmür. Yəni bu imici sındırmaq, yanaşmanı dəyişmək lazımdır. Bu, bizim ortaq bir tarixi keçmişimizin yaddaşdır. Azərbaycan da həmin məbədin bərpasına, təmirinə kifayət qədər vəsait ayırma gücündədir. Zatən, vəsaitin ayrılması bir problem deyil və Azərbaycan özü oranı böyük bir turistik mərkəzə çevirə bilər, həm Gürcüstandan gələn, həm də bütün dünyadan gələn ziyarətçilərdən kifayət qədər pul da qazana bilər. Yəni qoyulan vəsait çox qısa müddətdə geri də dönə bilər. sadəcə, Azərbaycan burada daha çevik davranmalıdır”.
“Gürcüstan ərazisində fəaliyyət göstərən bəzi etnik, siyasi qruplara rəvac verməyək ki, əlaqələrimizi pozsun”
N.Cəfərli hesab edir ki, Gürcüstanda siyasi partiyalar, sivil toplum quruluşları bu məsələdən hərəsi öz marağı çərçivəsində xal qazanmağa çalışır: “Demokratik ölkə və seçkilərdən asılı olduğu üçün millətçilərin və dini, mühafizakar qrupların hər birinin öz gündəliyi var. Bu məsələ populyar bir mövzu ortaya çıxdı deyə hamı xal qazanmağa və bu məsələni siyasi gündəmə gətirməklə, ictimai rəydən dəstək qazanmağa çalışdı. Çünki Gürcüstan bizim yaxın qonşu və sıx əlaqədə olduğumuz ölkə olduğuna baxmayaraq, çox təəssüf ki, Azərbaycan tərəfdən qonşularını elmi cəhətdən öyrənən institutlar, beyin mərkəzləri fəaliyyət göstərmir. Hətta biz torpaqlarımızı işğal edən Ermənistanı belə öyrənə bilmirik və Ermənistanda hər hansı bir hadisə baş verərkən Rusiya və yaxud xarici mətbuatdan izləməyə məcbur oluruq. Halbuki, Ermənistanı öyrənən bir institut, beyin mərkəzi çoxdan formalaşdırılmalıydı. Gürcüstanda da eyni vəziyyətdir. Gürcüstan çox dini ölkədir. Yəni həssasiyyəti çox güclü olan cəmiyyəti var. Ona görə, dini mövzular və o cümlədən xristian abidələri ilə bağlı mövzular cəmiyyətdə çox həssaslıqla qarşılanır və cəmiyyətin ciddi marağına səbəb olur. Bu baxımdan, bu məsələni bir az şirşirdərək, başqa don geyindirərək siyasi qüvvələr orada xal qazanmağa çalışırdılar. Bu məsələnin birinci tərəfidir. Belə demək mümkünsə, bu, səmimi siyasi fəaliyyətdir.
Qeyri-səmimi və görünməyən tərəfi isə ondan ibarətdir ki, Gürcüstan ərazisində yaşayan bir çox etnik qruplar, o cümlədən Axalkalaki erməniləri var və yaxud Rusiya ilə bağlı siyasi güclər, sivil toplum quruluşları da ola bilər. Ola bilər ki, onlar da Azərbaycanla Gürcüstan arasında vəziyyətin daha da gərginləşməsində maraqlı olsunlar. Bu məsələnin rus dilli mətbuatda daha geniş işıqlandırılması onu deməyə əsas verir ki, bunda maraqlı olan güclər var. Azərbaycan tərəfi də adekvat, çevik və doğru addımlar atmalıdır ki, Gürcüstan kimi çox vacib qonşumuzla əlaqələrin pozulmasına yol verməyək. Bunun üçün də sadə həll yolu var. Dediyim kimi, əgər Gürcüstan tərəfin keçidlə bağlı iradları varsa, yaşıl zolaq tətbiq edərək daha çox insanın qısa zaman ərzində keçidini təmin etmək üçün Azərbaycanın texniki imkanları və insan resursları da var. Bunu etmək olar ki, bu söhbətlərə son qoyulsun. Beynəlxalq medianı da dəvət edərək göstərmək olar ki, görürsünüzmü, heç bir problem yoxdur. İstənilən ziyarətçi istənilən anda çox asanlıqla Azərbaycan ərazisinə keçib bu məbədi ziyarət edə bilər. Hansı k, bu imici gürcü tərəfi yaradır, sındırmaq lazımdır və dünyaya göstərmək lazımdır ki, bununla bağlı problem yoxdur.
İkincisi də dediym ki, tarixi qoruq kimi dövlət layihəsi elan olunmalı və orada çox yaxşı təmir-bərpa işləri aparılaraq dünyanın da diqqətini ora cəlb edərək turist qazanmaq olar. Həm də dünyada tarixi məbədi, abidələri qoruyan bir ölkə imicini daha da artırmaq olar. Yəni burada məsələlərə kompleks yanaşmaq lazımdır ki, Gürcüstan ərazisində fəaliyyət göstərən bəzi etnik, siyasi qruplara rəvac verməyək əlaqələrimizi pozsun. Bu məsələnin Gürcüstanda ictimai rəyə təsir imkanlarını azaltmaq üçün Azərbaycan tərəfdən beynəlxalq standartlara uyğun həm piar, həm xəbərlərin doğru çatdırılması addımları atılmalıdır ki, Gürcüstan tərəfinin səsləndiridiyi qeyri-obyektiv bütün ittihamları darmadağın etmək mümkün olsun. Yəni o ittihamların yersiz olduğu sübuta yetirilsin”.
“Azərbaycan indidən beynəlxalq hüquq normlarına uyğun olaraq və “beynəlxalq dildə” cavab verməlidir”
N.Cəfərli onu da vurğuladı ki, Keşikçidağ məbədinin yerləşdiyi ərazi Azərbaycan ərazisidir:“Bu, mübahisəli ərazi deyil. Gürcülərin öz əraziləri hesab etmələri ilə deyil, beynəlxalq müqavilələr, BMT-nin üzvü olarkən təsdiqlənmiş sərhəd xətti var və bu, Azərbaycan ərazisidir. Yalnız Azərbaycanın könüllü razılığı ilə hər hansı bir ərazi mübadiləsi mümkün ola bilər. Azərbyacan tərəfi buna getmirsə, Gürcüstan tərəfinin tələbi ilə deyil. Gürcüstan tərəfinin tələbləri bayaq sadaladığım məsələlərə əsaslanır. Guya, deyirlər ki, ziyarət etmək çətindir, məbəd dağılır və təmir olunmur. Onların bu bəhanələrinə son vermək üçün Azərbaycan tərəfi adekvat addımlar atmalıdr ki, gürcü tərəfdən heç belə ittihamların səsləndirilməsinə yer qalmasın, beynəlxlaq ictimaiyyət də, media da görsün ki, dorğurdan olan Azərbaycan başqa mədəniyyətə məxsus ərazisində olan məbədi çox yaxşı çəkildə təmir edir, qoruyur. Ona görə də Azərbaycan tərəfinin razılığı olmadan gürcülər tərəfindən istənilən səsəlndirilən bəyanat sadəcə siyasi ritorikadır. Bunun bir fundamental əsası yoxdur, ola da bilməz. Ona görə də Azərbaycan indidən beynəlxalq hüquq normlarına uyğun olaraq və “beynəlxalq dildə” cavab verməlidir.
Çox təəssüf ki, Azərbaycanın hökumət qurumları “beynəllxaq dilin” necə olduğundan xəbərsizdilər. Hər bir məsələdə AzTV ritorkası ilə danışırlar. Bu, belə olmalı deyil. “Beynəlxalq dil”in, piarın öz qaydaları var. Azərbaycan tərəfi çalışmalıdır ki, haqsız iradlar dəf edilsin, haqlı iradlar varsa, birgə həmin məbədin qorunması üçün addımlar atılsın”.
Şamo EMİN, Hurriyyet.org