Türkiyə siyasətinə yeni partiya gələ bilər. Hələ bir neçə il əvvəl AKP-dən bir qrupun ayrılaraq yeni partiya yaradacağı ilə bağlı iddialar olsa da, sonuncu seçkilərdən sonra bu yöndə hərəkətlilik artıb. Daha əvvəl mediada keçmiş prezident Abdulla Gül, sabiq baş nazir və hazırkı millət vəkili Əhməd Davudoğlu və baş nazirin keçmiş müavini, xarici işlər və maliyyə naziri postlarını tutmuş Əli Babacanın yeni partiya quracağı haqda xəbərlər belə görünür ki, reallaşmaq üzrədir.
Belə ki, 23 iyun seçkiləri ərəfəsində mediada Əli Babacanın ölkə başçısı, eyni zamanda AKP-nin sədri olan Rəcəb Tayyib Ərdoğanla görüşməsi haqqında məlumatlar yayılıb. BBC-nin Türkiyə xidmətinin əldə etdiyi məlumatda qeyd olunurdu ki, prezidentlə görüşən Əli Babacan AKP daxilində son illərdə baş verən mənfi prosesləri bir-bir sadalayıb və bununla bağlı qeydlərinin toplandığı hesabatı ölkə başçısına təqdim edib. Eyni zamanda Babacan yeni partiya yaratmaqdan bəhs etməsə də, AKP-dən getmək istədiyini bildirib.
Öz növbəsində prezident Ərdoğanın Babacanın partiyadan ayrıldıqdan sonra uğur qazanmasının çətin olacağını, daha əvvəl də bu cür cəhdlər edənlərin uğursuzluğa düçar olduğunu xatırladaraq, AKP-də qalıb fəaliyyətini davam etdirməyə çağırıb. Ancaq Babacanın bu təkliflə razılaşmadığı qeyd olunur.
İyunun 27-də isə “Reuters” agentliyi Babacanın AKP-dən ayrılıb yeni partiya yaratmağa hazırlaşdığı haqda xəbər yayıb. Xəbərdə Babacana yaxın şəxslərdən birinə istinadən payızda Babacan və Abdulla Gülün yeni partiya yaradacağı qeyd olunur. Başqa bir mənbə isə Babacan və Gülün artıq 6 aydır yeni partiyanın qurulması istiqamətində çalışdığını, 31 mart seçkilərindən sonra isə bu prosesin sürətləndiyini deyib. Babacanın müşavirləri hələlik partiyanın strukturu, maliyyələşməsi ilə bağlı detallı bilgi verməsələr də, yeni yaradılacaq partiyada hazırda parlamentdə AKP-dən olan bəzi deputatların, siyasətçilərin və elm adamlarının olduğunu bildirib.
Adını açıqlamayan AKP təmsilçisi isə Babacanın “güclü və hörmət edilən bir fiqur” olduğunu deyib. Eyni zamanda hakim partiyanın 31 mart və 23 iyun seçkilərinin nəticələrinin məsuliyyətini üzərinə götürməli olduğunu deyib. Sitat: “Həm ölkəni idarə etdiyimiz, həm də xalqla bir yerdə olduğumuz keçmiş siyasətimizə geri dönməliyik”.
Əli Babacan
Babacanın müşaviri AKP-nin hazırda parlamentdə təmsil olunan bəzi üzvlərinin də Babacanın layihəsinə dəstək verdiyini bildirib. Hətta bir neçə sürpriz adamların da olduğunu deyib, ancaq ad çəkməyib. Ancaq maraqlıdır ki, keçmiş baş nazir Əhməd Davudoğlunun Babacanın yeni partiyasına keçəcəyi gözlənilmir. Davudoğluna yaxın şəxslərdən biri deyib ki, sabiq baş nazir hələlik Babacanın partiyasına qatılmağa hazırlaşmır.
Bu arada, Türkiyədə mühafizəkar camiəyə bağlı “Yeni Akit” qəzeti Əli Babacanın qurmağa hazırlaşdığı partiyada təmsil olunacaq şəxslərlə nahar etdiyini yazıb. Qəzet yemək süfrəsi arxasında Babacanla birlikdə əyləşən şəxslərin yeni partiyanın üzvləri olduğunu iddia edib. Qəzetin yazısında qeyd olunur ki, hakim partiyanın İstanbul bələdiyyə seçkilərində məğlubiyyəti hakim elita daxilində ayrılmaq istəyənləri hərəkətə gətirib. Qəzetin yazısında qeyd olunur ki, hazırda Əli Babacan və Əhməd Davudoğlu üzərindən aparılmaqla iki ayrı partiya quruluşu işləri aparılır. İddia olunur ki, Yozqat vilayətində Konstitusiya Məhkəməsinin keçmiş sədri Haşim Kılıcın anasının hüzr mərasiminə gedən AKP heyətindən bir qrup Babacanla birlikdə geri dönüşdə yemək süfrəsi arxasında toplanıb. Bir restoranda təşkil olunan görüşdə Babacanla birlikdə Türkiyə parlamentinin sabiq spikeri Cəmil Çiçək, sabiq nazirlərdən Sadullah Ergin, Bəşir Atalay, Lütfullah Kayalar kimi məşhur şəxslər olub. Ancaq Babacana yaxın mənbələr toplantının partiya quruculuğu ilə əlaqəsinin olmadığını, sadəcə, yemək süfrəsi olduğunu deyib. O da bildirilir ki, sabiq spiker Cəmil Çiçək prezident Ərdoğanın Ali Məsləhət Qurumunun üzvlüyü təklifini qəbul edib.
“Sözcü” qəzetinin yazdığına görə, Babacanın liderliyində qurulacaq yeni partiyanın arxadakı əsas şəxs olan keçmiş prezident Abdulla Gül partiyaya nüfuzlu şəxsiyyətləri dəvət edir. Bunlardan biri də dünyaca məşhur iqtisadçı, erməni əsilli Daron Ecemoğludur. Qəzetin iddiasına görə, Ecemoğluna prezidentliyi dövründə mükafat verən Abdulla Gül onun yeni qurulacaq partiyanın təsisçiləri sırasında yer almasını və partiyanın iqtisadi mövzularda önə çıxmasını istəyir. Ecemoğlu ABŞ və dünyada məşhur olan bir sıra əsərlərin müəllifidir, nüfuzlu iqtisadçı kimi tanınır. 2013-cü ildə Abdulla Gül tərəfindən “Mədəniyyət və Sənət” mükafatı verilən Ecemoğlu hazırda dünyada ən çox istinad edilən 10 iqtisadçıdan biridir. Hazırda ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Masaçusetts Texnologiyalar İnstitutunda (MİT) dərs deyən Ecemoğlu Türkiyə ermənilərindəndir. Onun qayınatası isə Turqut Özal kabinetində dövlət naziri postunu tutmuş İsmayıl Özdağlardır.
Məsələ ondadır ki, yeni partiyanın qurucuları həssas şəkildə seçilmiş şəxslərdir. Hazırda Türkiyə hakimiyyətinin Qərb ölkələri ilə bir sıra mövzularda ciddi fikir ayrılığı var. Daha çox milli mühafizəkar cizgidə olan və Türkiyənin dindar-mühafizəkar elitasına xitab edən Ərdoğanın nüfuzu çox yüksəkdir.
Maraqlıdır ki, indi Ərdoğana qarşı məhz partiyasından ayrılanların qurmağa hazırlaşdığı partiya Türkiyə daxilində mühafizəkar camiənin adamları sayılsalar da, xarici siyasətdə daha çox qərbyönlü, həmçinin kosmopolit və körfəzin ərəb ölkələri ilə yaxın əlaqələrə və əməkdaşlığa əsaslanır. Məsələn, əgər Ərdoğan Qətər, Misir “ixvan”ı kimi siyasi islamçı camiə ilə ittifaqdadırsa, Abdulla Gül və Davudoğlu bu xəttə qarşı olan Səudiyyə Ərəbistanı, körfəz xətti ilə daha yaxındır, Abdulla Gül bir neçə il Səudiyyə Ərəbistanında çalışıb, ərəb ölkələri ilə yaxın əlaqələrə malikdir. Eyni zamanda Ərdoğanın Qərblə soyuq münasibətləri fonunda Gülün, Babacanın Qərb ölkələri ilə isti münasibətləri daha çox nəzərə çarpır. Və nəhayət, erməni əsilli nüfuzlu siyasətçinin yeni partiyaya cəlb olunması Babacan-Gül ittifaqının Türkiyə daxilində etnik qrupların, xaricdə isə lobbi qruplarının dəstəyinə ümid etdiyini göstərir.
Bu mənada bütün parametrləri ilə yeni partiya Ərdoğana alternativdir. Əlbəttə, son seçkilərin fonunda AKP-nin nüfuz itkisi yaşaması, eləcə də partiya daxilində uzun illərdir formalaşan müxalifətin nə zamansa yeni partiyanın ortaya çıxması ilə nəticələnəcəyi gözləniləndir. Lakin Ərdoğan hələ də güclü siyasətçidir və Türkiyədə ciddi elektoratı var. Lakin AKP-dən nüfuzlu şəxslərin ayrılması təbii ki, AKP-nin təkbaşına hökumət erasını sonlandıra bilər./“Yeni Müsavat”/