
“… DAXİLİ İŞİMİZƏ QARIŞMASINLAR”!!!
BU, MÜMKÜN DEYİL !!!
“Bu, daxili istehsalı qorumaqdan çox, Azərbaycandakı monopolistlərin maraqlarını qorumağa yönəlib”
Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqlar prosesi bu il üçün təxirə salınıb. Bu haqda yayılan xəbərlərə görə, tərəflər sazişin imzalanması üçün hələ də ortaq məxrəcə gələ bilməyib. O da istisna olunmur ki, ümumiyyətlə sazişin imzalanması məsələsi arxivə göndərilə bilər.
Sözügedən prosesi AYNA-ya şərh edən politoloq Rauf Mirqədirov Gürcüstan, Moldova və Ukraynanın həmin sazişi imzaladığını xatırladıb:
“Azərbaycan strateji tərəfdaşlıq haqqında ayrıca saziş imzalanmasını təklfi etdi. Bu təklif də Avropa İttifaqı tərəfindən qəbul olunmadı. Avropa İttifaqı Kanada, Yaponiya, Çin kimi dövlətlərlə ayrıca tərəfdaşlıq sazişi imzalaya bilər”.
Politoloqun fikrincə, sözügedən sazişin imzalanmasının təxirə salınmasının bir neçə səbəbi var:
“Birinci səbəb ondan ibarətdir ki, Rusiya Azərbaycan kimi dövlətlərin Avropa ittifaqına yaxınlaşma cəhdlərinə çox qısqanclıqla yanaşır. Bu yaxınlaşma müstəqil dövlətlər üçün müəyyən problemlər yaradır. Ukraynadakı, Gürcüstandakı problemlər buna misaldır. Rusiya həmin ölkələrdə daxili siyasi sabitliyi pozur, separatçı hərəkatları qızışdırır və s. Təsadüfi deyil ki, son dövrlərdə Paşinyanın müəyyən bəyənatları oldu, o cümlədən Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bildirdi”.
Müsahibimizin sözlərinə görə, ikinci səbəb iqtisadi problemlərlə bağlıdır:
“Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi problemlər mövcuddur. Yeni saziş Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi-ticari məsələləri tənzimləyəcəkdi. Avropa İttifaqı ilə ticari əlaqələr Ümumdünya Ticarət Təşkilatının müəyyənləşdirdiyi qaydalar çərçivəsində həyata keçirilməlidir. Azərbaycan isə rəsmi olaraq bəyan edir ki, bu qanun Azərbaycan üçün sərfəli deyil”.
Politoloq qeyd edib ki, Azərbaycan inkişaf etməkdə olan dövlət kimi özü üçün güzəştlər tələb edir: “Bu, əsasən kənd təsərrüfatı, emal sənayesi və s. ilə bağlıdır. Səbəb kimi də daxili bazarı qorumaq istəyi göstərilir. Düşünürəm ki, bu, bir bəhanədir, daxili istehsalı qorumaqdan çox, Azərbaycandakı monopolistlərin maraqlarını qorumağa yönəlib”.