Müxalifətinin sağalmaz “xəstəliyi” - paramparça...


Uzun müddət bir yerdə ola bilməmək problemi daha bir birliyi dağıdır

Bu ilin əvvəllərində yaradılan və bir müddət sonra iki yerə bölünən Azərbaycan Xalq Hərəkatından (AXH) ayrılmalar davam edir. Maraqlıdır ki, qopmalar İsgəndər Həmidova qarşı olan tərəfdə müşahidə edilir. Bir neçə həftə öncə AĞ Partiya qurumdan ayrılmışdı. İki gün öncə isə Əli Əliyevin sədrlik etdiyi VİP AXH-dən çıxmaq barədə qərar verib.

Belə ki, Vətəndaş və İnkişaf Partiyası Siyasi Şurasının iclası keçirilib. İclasda ölkədəki mövcud ümumi vəziyyət, VİP-in AXH-də iştirakına xitam verilməsi, partiyanın beynəlxalq əlaqələrinin gücləndirilməsi, təşkilati strukturların fəaliyyətinin yeni şəraitə uyğunlaşdırılması məsələləri müzakirə olunub. VİP sədri Əli Əliyev AXH daxilində yaranmış vəziyyətə toxunaraq, müəyyən amillərin VİP-in Hərəkatda iştirakına xitam vermək zərurətini doğurduğunu diqqətə çatdırıb.

Siyasi Şurada keçirilmiş səsvermədən sonra VİP-in AXH-də iştirakına xitam verilməsi haqqında qərar qəbul olunub.

Mediada yayılan məlumatda isə deyilir ki, VİP-in bu qərarı verməsinə səbəb kimi AXH-nin fəaliyyətindəki qeyri-müəyyənlik və AXH-nin dönəm sədri, Azadlıq Partiyasının sədri Əhməd Orucla VİP sədri Əli Əliyev arasında baş verən kəskin mübahisədir.

Æli Æliyev ile ilgili görsel sonucu

Əli Əliyev isə bildirib ki, AXH-dən ayrılmalarının səbəbi Əhməd Orucla bağlı deyil: “Əhməd Orucla bağlı deyilənlər yanlışdır. Aramızda heç bir mübahisə olmayıb. Onunla, demək olar ki, fikir ayrılığımız da yoxdur. Təəssüf ki, AXH-dən getmə səbəbini çılpaqlığı ilə açıqlaya bilmirəm. Zamanı gəldikdə deyəcəyəm”.

VİP-in bundan sonra hansı birlikdə təmsil olunacağına gəldikdə Ə. Əliyev bildirib ki, rəhbəri olduğu partiya əməkdaşlığa açıqdır: “Növbəti iclasda bu məsələyə də baxılacaq. Birliklər partiya quruculuğunu, təşkilatçılığı və təbliğat imkanlarını məhdudlaşdırır. Fikrimcə, bir müddət təkbaşına işləmək lazımdır. Partiya olaraq görəcəyimiz xeyli işlər var. Bu o demək deyil ki, cəmiyyətdən izolə olunuruq. Yəqin ki, məsləhətləşmələr, təmaslar olacaq. Hesab edirəm ki, müxalifət düşərgəsində xaos hökm sürür, durulmaya ehtiyac var”.

ÆhmÉd Oruc ile ilgili görsel sonucu

Əhməd Oruc da bildirdi ki, Vətəndaş və İnkişaf Partiyasının verdiyi qərarın onunla Əli Əliyev arasında gərginliklə bağlı olduğu haqda deyilənlər doğru deyil: “Doğru deyil. Mənimlə Əli bəy arasında heç bir fikir ayrılığı olmayıb. Xalq Hərəkatı hələ də VİP-in qərargahında fəaliyyət göstərir, bu həm də bizim münasibətlərimizin göstəricisidir. Əli Əliyev AXH-də fəaliyyətini müvəqqəti dayandırıb. Heç bir siyasi ambisiyadan söhbət gedə bilməz. Əli bəy bir müddət sonra fəaliyyətini bərpa edəcək. Xalq hərəkatı ideyadır, millət bu ideyanı qəbul edib və təşkilatlanma davam edir. Hər bir şəxsin, o cümlədən mənim də getməyim Hərəkat ideyasını saxlaya bilməz.”.

Qeyd edək ki, AXH yeni yarananda cəmiyyətdə ciddi əks səda yaratmışdı. Hətta insanlar, nəhayət, müxalifətin şəxsi ambisiyalardan uzaq siyasilərin olmadığı müxalifət birliyi yarandığını deyib böyük ümid bəsləyirdilər. Bu ümidlər də belə görünür ki, doğrulmadı. AXH-nin özü öncə iki yerə ayrıldı. İndi tərəflərdən birindən qopmalar davam edir.

Azərbaycanda illərdir ki, dəfələrlə müxalifət partiyalarının birlikləri çətinliklə də olsa müəyyən formatlarda alınıb. Lakin o da məlumdur ki, bu birliklər uzun sürməyib və müsbət nəticələr vermədən dağılıb. Bir sözlə, ya birləşmək daim bir problem olaraq qalıb, ya da reallaşan birliklər dava-dalaşla dağılıb. Bu tendensiya indi də müşahidə edilir. Ötən ilin sonları, bu ilin ilk aylarında müxalifət düşərgəsində müşahidə olunan birləşmə meyilləri çox keçmədi ki, qarşıdurmalarla, ayrılmalarla əvəzləndi. Müxalifət cəbhəsində daha bir “müharibə ocağı” Milli Şura, AXCP-İlqar Məmmədovun sədrlik etdiyi REAL  Partiyası arasında qarşıdurmadır.

Siyasi analitiklərin fikrincə, Azərbaycan müxalifət partiyalarının nədən uzun müddət bir yerdə ola bilmədiklərinin müxtəlif səbəbləri var. Birinci səbəb odur ki, hər kəs özünü əsas, aparıcı müxalifət hesab edir. Müxalifət təşkilatları arasında müxalifətçilik uğrunda savaş demokratiya və hakimiyyətə gəlmək uğrunda mübarizəni sanki arxa plana keçirib. Azərbaycan siyasi səhnəsində bu günə kimi müxtəlif tərkibdə və müxtəlif formatda müxalifət birlikləri və bloklarının yaranması faktdır. O da həqiqətdir ki, bu birlik və bloklar ya səssiz şəkildə, ya da qarşılıqlı ittiham və tənqidlərlə, hətta təhqirlərlə işinə xitam verib. Prinsip etibarilə əslində burada qeyri-adi bir şey yoxdur. Dünyada da bu belədir ki, bloklar yaranır və dağılır. Sadəcə olaraq, bizim cəmiyyətdə “siyasi birlik” anlayışı məişətdəki “dostluq, qardaşlıq” anlayışı ilə qarışdırılır. “Həyatdakı  ”dostluq və qardaşlıq"  səmimiyyət, fədakarlıq, qarşılıqlı güvən və bu kimi başqa ülvi hisslər üzərində qurulduğu halda, siyasətdəki “birliklər” maraqlar, hədəflər, ambisiyalar, qrup maraqları  və sair kimi rasional yanaşmalar ətrafında baş tutur. Təbiidir ki, birliklər məsələsinə bu iki fərqli anlayışları qarışdıraraq yanaşdıqda heç də xoş olmayan təsvir meydana çıxır. Ancaq bunun çox sadə izahı var. Müxtəlif ideya və liderlər ətrafında toplaşmış siyasi partiyalar öz maraqları çərçivəsində bir-biriləri ilə birləşir, sonra isə başqa maraqlarının təsiri ilə də ayrılırlar.

Blok və birliklərin dağılma səbəbləri içərisində şəxsi ambisiyaları, ümumi dil tapılmamasını, qarşılıqlı dialoq və konsensus çatışmazlığını, hətta hakimiyyətin bu parçalanmada maraqlı olmasını da göstərmək olar./“Yeni Müsavat”/


Tarix: 4-09-2019, 09:09
Xəbəri paylaş





Xəbər lenti