İsrailin baş naziri Məmmədyarovu necə kabinetindən etdi?


İsrailin İordan vadisi qərarı və onun gözlənilən təsirləri...

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, yenidən baş nazir olarsa, İordan çayının qərb sahilində yerləşən İordan vadisini İsrailə birləşdirəcək. Sentyabrın 17-də İsraildə təkrar seçkilər keçiriləcək. Apreldə keçirilən seçkilərdə Netanyahu qalib gəlsə də, hökumət qurmaq üçün koalisiya təşkil edə bilməyib. Buna görə də təkrar seçkilər elan edilib.

Netanyahu seçkilər öncəsi bu cür bir neçə qalmaqallı açıqlamalar verib. 2017-ci ilin dekabrında ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanıması, daha sonra 1967-ci il müharibəsində İsrail ordusu tərəfindən işğal olunmuş Colan təpələri bölgəsini İsrail ərazisi kimi tanıması Netanyahunun bir mənada siyasi uğuru hesab olunur. Ancaq indi baş nazirin seçkiqabağı növbəti vədi ciddi qalmaqala səbəb olacaq kimi görünür.

İordan (Urdun) vadisi haradır?

İordan və ya ərəbcə Urdun vadisi adlanan ərazi eyni adlı çayın qərb sahilində Qüds və İrdan çayı arasında olan münbit ərazidir. Bu torpaqlar 1947-ci il BMT qərarına əsasən Fələstin dövlətinə aid idi. Ancaq 1967-ci il 6 günlük müharibə nəticəsində İsrail bu bölgəni də işğal edib. Hazırda bölgənin rəsmi idarəçiliyi Colan təpələrində olduğu kimi İsrailə məxsusdur. BMT qətnaməsinə əsasən İordan vadisi Fələstinə aid olsa da, İsrail “təhlükəsizliyi” əsas gətirərək vadini əlində saxlamağa çalışır. Bu günə qədər davam edən Fələstin danışıqlarında da İordan vadisi ən problemli mövzulardan biri olaraq qalır.

Məsələ ondadır ki, İsrail İordan vadisində yeni yaşayış məskənləri salıb. Bu məskənlər BMT tərəfindən qanunsuz elan olunsa da, İsrail bu qərarları rədd edir. Bundan başqa, İsrail dövləti İordan vadisi ərazilərinin 87 faizini hərbi bölgə elan etdiyi üçün fələstinliləri buralara buraxmır. Ərazinin 7 faizi təbiət qoruğu elan edildiyi üçün burada yaşayış və əkinçilik qadağandır. Yerdə qalan ərazidə isə 65 min fələstinli, 5 min köçəri bədəvi və 37 yaşayış məntəqəsində 10 minə yaxın yəhudi yaşayır. Burada eyni zamanda İordaniya ilə sərhəd məntəqəsi Allenbi yerləşir. Buradan Qərb sahili fələstinliləri İordaniyaya keçə bilir.

Ümumilikdə İsrailin 1967-ci ildə İordan çayının qərb sahili və Şərqi Qüdsü ələ keçirməsindən sonra bu ərazilərdə 140 qanunsuz yaşayış məskəni inşa edib və burada 600 min yəhudi yerləşdirilib.

İordaniya vadisi həm əkinçilik üçün münbit ərazilərə sahibdir, həm də Ölü dəniz sahillərində böyük mədən ehtiyatları var. 2013-cü ildə hazırlanan hesabata əsasən Ölü dəniz mədənlərinin istifadəsi nəticəsində Fələstin dövləti ildə 1 milyard dollardan çox gəlir əldə edə bilər. Eyni zamanda İsrail işğalı altında olan İordan vadisində əkinçiliyə imkan verilsə, illik 700 milyon dollar pul qazana bilər.

Beynəlxalq ictimaiyyət Qüds və Colandan sonra bu dəfə İordan vadisi qərarına sərt etiraz edib. Netanyahunun açıqlamasından dərhal sonra Ərəb Dövlətləri Liqası xarici işlər nazirləri Qahirədə toplantı keçirib. Ərəb nazirlərin yaydığı ortaq bəyanatda Netanyahunun açıqlaması “məsuliyyətsiz, qanunsuz və təhlükəli” adlandırılıb. Və gərginliyin artmasına görə İsrail hökuməti günahkar göstərilib.

Səudiyyə Ərəbistanı isə Netanyahunun bəyanatından dərhal sonra İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısını çağırıb.

Netanyahuya Avropa ölkələrindən də qınaqlar gəlib. İsveç xarici işlər naziri Ann Linde Netanyahunun bəyanatını “uğursuz açıqlama” adlandırıb və AB, eləcə də beynəlxalq ictimaiyyətin bu addımı beynəlxalq hüquqa zidd hesab etdiyini deyib.

Fələstin hökuməti isə İsrailin bu addımının BMT qərarlarına zidd olduğu, İsrailin bu qərarlara əməl etmədiyi üçün BMT-dən çıxarılmasına çağırıb.

Sentyabrın 15-də İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısı keçiriləcək. XİN rəhbərlərinin sammitində onsuz da işləri çox olan, daima xarici səfərlərdə olan Azərbaycanın  XİN rəhbəri Elmar Məmmədyarov da  iştirak edəcək. Böyük ehtimalla,  İƏT sammitində İsrail hökumət başçısının bəyanatı pislənəcək, Fələstin məsələsinə dəstək vurğulanacaq. Ancaq xatırladaq ki, 2017-ci ilin dekabrında da Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına cavab olaraq İƏT dövlət başçılarının sammiti keçirilmiş və bu qərar pislənmişdi. Ancaq həm İƏT, həm də daha sonra BMT-də ABŞ prezidentinin qərarı pislənib. Lakin bütün bunlar İsrailin mövqeyinə heç bir təsir etməyib. Netanyahunun daha çox seçkilərə hesablanmış bəyanatının beynəlxalq aləmdə İsrailə qarşı çevriləcəyini düşünmək doğru olmaz. Çünki ən azından sentyabrın 17-də Netanyahunun seçilib-seçilməyəcəyi məlum deyil./“Yeni Müsavat”/


Tarix: 13-09-2019, 10:15
Xəbəri paylaş





Xəbər lenti