Rusiya mediasının “5 milyarda 5 rayon” iddiası - Paşinyana qarşı yeni ssenari, yoxsa...


Prezident Vladimir Putinin Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün İrəvana qısamüddətli səfəri ərəfəsində Rusiyadan Nikol Paşinyana yeni hücumlar dalğası başlayıb. Bu barədə Virtualaz.org saytının yazdığı materialda bildirilir ki, çoxsaylı Rusiya nəşrləri Paşinyanın barəsində tənqidi materiallar dərc edirlər.

“Nezavisimaya qazeta” erməni politoloq Suren İonesyanın və rusiyalı jurnalist Mixail Spasskinin imzası ilə dərc etdiyi baş məqalədə Paşinyanın “məxməri inqilab” adlanan siyasi fırıldaq yolu ilə hakimiyyətə gəldiyi bildirilir. Məqalədə deyilir ki, bu inqilabdan ilyarım sonra Ermənistan demokratik ölkəyə çevrilmədi, əksinə, Qərb QHT-lərinin dediyi ilə oturub-duran avtoritar dövlət oldu. Və Ermənistan Birləşmiş Ştatların geosiyasi maraqlarının orbitində yer aldı. Müəlliflər qeyd edirlər ki, əslində eks-prezident Serj Sərkisyan məqsədyönlü şəkildə 2010-2017-ci illərdə Ermənistanı Qərb QHT-ləri, fondları, təriqətləri ilə doldurdu, o Ermənistanı tamamilə ABŞ-ın protektoratına verdi. “Məqsəd isə aydındır-erməni dövlətçiliyini ənənəvi xristian dəyərlərini devalvasiyaya məruz qoymaqla zəiflətmək, xalqın çoxəsrlik ailə və mənəvi dəyərlərini dağıtmaq” - məqalədə deyilir. Daha sonra Ermənistanın indiki hökumətinin tərkibində yer alan qərbyönümlülər haqda danışılır. Bildirilir ki, “inqilabi hökumət” Rusiyadakı erməni diasporunun nümayəndələrini hakimiyyət strukturlarına inteqrasiya etmək niyyətində deyil. Paşinyanın diaspor naziri Zare Sinanyan isə ABŞ vətəndaşıdır, uzun müddət bu ölkədə şəhər meri olub və Mərkəzi Kəşfiyyat İdarəsi ilə təmasları var. Məqalədə Paşinyanın “Qarabağı satmaq” planları haqda da danışılır. Baxmayaraq ki, Paşinyan Qarabağ məsələsində bir-birinin ardınca avantürist bəyanatlar verib, “miatsum” şüarını gündəmə gətirib və ərazilərin qaytarılmasını istisna edən açıqlamalarla çıxış edib.

“Onun vəzifələrindən biri Dağlıq Qarabağda öz adamı Mais Mailyanı (qondarma “dqr”in “xarici işlər naziri”) hakimiyyətə gətirmək və beş rayonu Azərbaycana təhvil verməkdir. Bu, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun planıdır. 2019-cu ilin yayında Vaşinqtonda görüş zamanı Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan 5 rayonunun əvəzində 5 milyard dollar almağa razılıq verib” - məqalədə iddia edilir. Müəlliflər bildirirlər ki, ABŞ-ın Ermənistandakı əsas hədəflərindən biri də 102-ci Rusiya hərbi bazasıdır. Və ABŞ bununla bağlı məkrli plan hazırlayıb, həmin plana əsasən Ermənistan-Azərbaycan münaqişəsi yenidən alovlanmalıdır. “Döyüş əməliyyatları başlasa və Rusiya KTMT üzvü kimi müdaxilə etsə Ermənistan rəhbərliyi iddia edə bilər ki, Rusiyanın hərbi iştirakı arzuolunan deyil” - məqalədə daha sonra deyilir.

Qəzet əlavə edir ki, əgər Rusiya ABŞ-ın təşkil etdiyi münaqişəyə qarışsa amerikalılar yeni qaynar nöqtədən istifadə edəcəklər və bütün mümkün olanı edəcəklər ki, Rusiya ciddi şəkildə bu müharibəyə uzun müddətli cəlb olunsun. “Ona görə də maksimum tədbirlər görmək lazımdır ki, Amerika şantajı işləməsin və Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar başlamasın” -qəzet yazır.

Bu arada işğalçı ölkənin baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasındakı son çıxışı erməni müxaliflər tərəfindən qəzəblə qarşılanıb. Eurasia Diary-nin məlumatına görə, Rusiyadakı erməni nəşrlərindəki materiallardan belə anlaşılır ki, buna əsas səbəblər N.Paşinyanın “qondarma erməni soyqırımı” haqqında dilucu danışması və Qarabağ probleminin həllində Azərbaycan xalqının da maraqlarının nəzərə alınması barədə çağırışıdır (Modern.az). Ermənistanın keçmiş elm və təhsil naziri Armen Aşotyan özünün Facebook səhifəsində hökumət başçısının sözügedən çıxışını bu və ya digər səbəblərlə bağlı kəskin tənqid edərək sonda belə yazıb: “Bir sözlə, Paşinyan, səni adam arasına buraxmaq olmaz! Ümid edirəm ki, gələn il BMT-də ölkəmizin adından başqa adam çıxış edəcək...”

Göründüyü kimi, hətta BMT-də Azərbaycan əleyhinə hədyanlar səsləndirməsinə baxmayaraq, Paşinyana qarşı daxildə güclü nifrət var. Bu mənada şübhəsiz, “5 rayon-5 milyard” söhbəti də onu vurmaq üçün ortaya atılan məsələdir. 

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında məsələni ciddi qarşıalamdığını vurğuladı: “Belə söhbətlər olmur. Olsa da, gizli edilir. Bu təxribatdır. Hərə istədiyi kimi uydurma yayır. Həm də işi alver predmeti səviyyəsinə salırlar, məsələnin ciddi xarakter almasına imkan vermirlər. Azərbaycan bu şeylərə əhəmiyyət vermədən torpaqlarını azad etməlidir”.

Q.Çaxmaqlı qeyd etdi ki, Rusiyanın bu kimi mətbuat orqanları erməni siyasətinin daşıyıcılarıdır: “Axtarsan, onların rəhbərləri erməni olacaq. Burada hədəf Paşinyan deyil, torpaqlarını geri almaqda qərarlı olan Azərbaycandır. Bunu ermənipərəst ruslar ermənilərlə birləşib yayırlar. Torpaqlarımız heç vaxt alver predmeti ola bilməz və bunu kəskin şəkildə rədd etməliyik! “Biz bu əraziləri azad edəcəyik!” mesajı verilməlidir. Ərazilərimizi azad etməsək, hər cür lağlağı ortaya çıxacaq”.

Paşinyana gəlincə, Q.Çaxmaqlının sözlərinə görə, onun BMT-dəki çıxışı göstərdi ki, baş nazir özünə müdafiəçi axtarır: “Rusiya onun qələmini qırıb. Rusiyanın təsir imkanları daha geniş və uzunmüddətlidir. Paşinyanın duruş gətirməsi üçün Rusiya razılıq verməlidir. Lakin bunu edəcəyinə əmin deyiləm. Çünki Paşinyan Rusiyanın nəzərində özünü yaxşı aparmadı”.

Politoloq Cümşüd Nuriyev ile ilgili görsel sonucu

Politoloq Cümşüd Nuriyev Moderator.az-a deyib ki, 5 milyard ideyası heç də əbəs yerə səsləndirilməyib: “Bu, növbəti təxribatdır. Bu qəzet bildiyiniz kimi, FSB-nin qəzetidir. Bu qəzet adətən Rusiya hakimiyyətinin gələcək planlarının carçısı statusunda çıxış edir. Azərbaycan nə üçün öz torpaqlarına görə hansısa erməni dığasına 5 milyard dollar ödəməlidir? Bu, mümkün olan şey deyil. Bu, Azərbaycanı qarışdırmağa hesablanan bir ideyadır. Ermənistan 5 milyardda deyil, 1 milyard dollara bütün Qarabağı satar. Ikincisi, əgər Azərbaycan bu torpaqları pulla alacaqdırsa, bunu əvvəlki illərdə də ala bilərdi. Çünki Azərbaycanın imkanı hər zaman böyük olub. Indi belə bir addım atmaq onun nəyinə lazımdır ki? Üçüncüsü, bu, Putinlə cənab prezident İlham Əliyevin görüşü ərəfəsində gündəmə gəlir ki, bu da başqa mətləbdən xəbər verir. Bildiyiniz kimi, oktyabrın 3-də Soçidə görüş var. Bu görüşdə Azərbaycan üçün incə təzyiq statusu ilə çıxış etmək istəyirlər. Azərbaycanı həm KTMT-a müşahidəçi statusla dəvət etmək istəyirlər, həmd ə Gömrük İttifaqına girmək məsələsini aktuallaşdırmaq niyyətindədirlər. Bütün bunların fonunda baş verənlər ona hesablanır ki, Azərbaycan daxilində buna hansı reaksiyanın olduğunu görsünlər”.

C.Nuriyev deyib ki, Azərbaycan əsla buna getməyəcək: “Doğrudur, Azərbaycan əsgərinin dəyəri daha yüksəkdir. Amma torpaqları bu yola azad etmək nə dövlətimizə baş ucalığı gətirməz, nə də dövlət buna getməz. Bunlar gözəl hazırlanan bir ssenaridir. Bu ssenariləri federal xidmət tərəfindən hazırlanıb, Azərbaycan və Ermənistan üçün hesablanıb. Bilirlər ki, Azərbaycan buna kəskin reaksiya verəcək. Ermənistan isə pul dilənir. Bunu Ermənistan daxilində əhaliyə bir ümid yeri kimi təqdim etmək istəyirlər. Azərbaycan alacaqsa elə 7 rayonu alar də, niyə iki rayon – Laçınla Kəlbəcər kənarda qalmalıdır? Laçınsız, Kəlbəcərsiz Qarabağ nəyə lazımdır? Bu, şərəfsizlər tərəfindən ortaya atılan bir fikirdir. Azərbaycanın belə bir şərəfsiz addıma getməsi mümkünsüzdür”.

Politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə qəzetimizə dedi ki, Rusiya mətbuatında Paşinyan iqtidarına qarşı belə bir informasiyanın verilməsi əsasən, ona qarşı xalqın etirazını formalaşdırmaqdır: “Aydın məsələdir, Rusiya bütün rıçaqlar vasitəsilə çalışır ki, inqilab adlanan hakimiyyəti devirsin. Geniş auditoriyaya təsir mexanizminə malik olan bir qəzetdə Qarabağla bağlı məsələlərin verilməsi əsasən Rusiya XİN-in planıdır. Ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında belə sövdələşmə mümkün deyil. Heç Rusiya da Ermənistanın bununla razılaşmasına imkan verməz. Sadəcə çalışılır ki, Qarabağ üzərindən Paşinyana təzyiq edilsin və o “torpaqları pulla satmaq istəyən şəxs” olaraq tənqid olunsun. Bu, Rusiyanın ənənəvi hücum və şantaj taktikasıdır. Məhz Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı belə bir dezinformasiyaya yol verir. Hesab edirəm ki, Kremlin mətbəxində hazırlanan bu təxribatçı yazılarda əsas məqsəd problemə erməniləri kütləvi surətdə cəlb etməklə Paşinyana təzyiq mexanizmini işləyib hazırlamaqdır”.

Politoloq qeyd etdi ki, 5 rayon əvəzinə, 5 milyard dollar məbləğin ödənilməsi məsələsi sadəcə uydurmadır: “Rəsmi Bakı buna getməz. Məqsəd Ermənistanın siyasi elitasında parçalanma mühiti yaratmaqdı. Azərbaycan təbii ki, istənilən yolla ərazilərin azad edilməsində maraqlıdır. Amma bu informasiya həqiqəti əks etdirmir və Moskvanın Paşinyana demarşıdır. Belə tirajların verilməsi erməni cəmiyyətində Paşinyana torpaqları pulla satan şəxs yanaşması ortaya çıxacaq və ona etimad daha da aşağı düşəcək. Göründüyü kimi, Moskva hər vəchlə regionu nəzarətdə saxlamağa və işğalın davam etməsində maraqlıdır”.

Qeyd edək ki, bir müddət öncə də N.Paşinyanın Qarabağı Azərbaycana qaytarmaq istədiyi barədə onun rəqibləri məlumatlar yaymışdı. Bundan sonra Paşinyan Qarabağla bağlı elə ifrat mövqelər sərgilədi ki, hətta Köçəryan-Sərkisyan hakimiyyətlərini də kölgədə qoydu. Görək bu iddiaya Nikol necə reaksiya verəcək. Hər halda əsas məqsəd erməni diasporu və kilsəsini Paşinyana qarşı qaldırmaqdır.  /“Yeni Müsavat”/


Tarix: 27-09-2019, 23:13
Xəbəri paylaş





Xəbər lenti