Hazırda Azərbaycanda çox ciddi kadr islahatları gedir. Dövlət başçısı İlham Əliyevin sərəncamları ilə heç kəsin gözləmədiyi şəkildə iri ranqlı məmurlar bir-birinin ardınca yola salınır. Bu proseslərin davamlı olacağına hər kəs inanır. Yeni kadrlarda isə nisbətən gəncliyə, ortayaşlılara üstünlüyün verildiyi göz önündədir.
Ekspertlər vətənpərvər insanlara etimadın göstərilməsini yüksək dəyərləndirirlər. İqtidarın özü də vətənpərvərlərə xüsusi diqqətin ayrıldığını gizlətmir. Bununla bağlı hakimiyyət dəhlizlərindən gələn mesajlar, verilən açıqlamalar bunu deməyə tam əsas verir. Noyabrın 28-də parlamentin buraxılması barədə YAP-ın keçirdiyi mətbuat konfransında partiyanın sədr müavini-icra katibi Əli Əhmədov səsləndirdiyi fikirlər dediyimizi əyani sübut edir. Sitat: “Azərbaycanda müasir biliklərə yiyələnmiş, vətənpərvər gənclik formalaşıb. Bu gənc nəsil Azərbaycanın bundan sonrakı inkişafına daha böyük töhfələr vermək imkanına malikdir. Biz istəyərdik ki, parlamentə seçilməyə layiq olanlar içərisində belə gənclərimiz çox olsun. İstəyərdik ki, YAP-da belə gəncləri irəli çəkək”.
Kadr islahatları çərçivəsində bir məsələ də ciddi müzakirə olunur. Bu, islahatların Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı töhfələri verə biləcəyi ilə bağlıdır. Eyni zamanda növbədənkənar parlament seçkiləri zamanı təbliğat aylarında ermənilərin bu proseslərdən yararlanıb, təxribatlara gedə biləcəkləri də müzakirə mövzuları sırasındadır.
Tofiq Zülfüqarov: “İdarəetmədə bu orqan birbaşa iştirak etmir”
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu mövzuda qəzetimizə danışarkən bildirdi: “Adətən daxili siyasəti şərh etmirəm. Amma düşünürəm ki, yeniləşmə idarəetmənin daha effektiv olmasına gətirib çıxarmalıdır. Əminəm ki, bu, belə də olacaq. İdarəetmənin effektiv olması isə təbii ki, dövlət olaraq Azərbaycanın daha da güclənməsinə gətirib çıxaracaq. Bu da birbaşa Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizin xeyrinə ədalətli həllində əsas faktorlardan biridir”.
Sabiq XİN rəhbəri ermənilər tərəfdən seçki aylarında təxribatların baş verəcəyi barədə deyilənlərə də toxundu: “Qeyd etmək lazımdır ki, seçkilər hakimiyyətin qanunverici orqanında baş verəcək. İcraçı, qanunverici və məhkəmə hakimiyyətləri kimi qolların olduğunu yaxşı bilirik. İdarəetmədə bu orqan birbaşa iştirak etmir. Bu baxımdan təxribatların olacağı barədə deyilənləri o qədər də inandırıcı saymıram. Siyasi proseslər paralel ola bilər. Parlamentin ordunun idarəçiliyinə heç bir dəxli yoxdur. Məsələni daha çox nəzəri baxımdan şərh etdim”.
Fikrət Yusifov: “Biz gücləndikcə Qarabağ probleminin həlli yaxınlaşmış olacaq”
Keçmiş maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov islahatlar üçün peşəkar kadrlara böyük ehtiyacın olduğunu söylədi: “Prezident ölkədə onun müəllifliyi və rəhbərliyi altında aparılan islahatlara uyğun çevik bir parlamentin olmasını istəyir. Yeni parlamentdə peşəkar iqtisadçıların və hüquqşünasların daha çox olması olduqca vacibdir. Hakimiyyətin qanunvericilik qanadında belə peşəkarların olması islahatlara ciddi dəstək demək olacaq. Bu sırada olan peşəkarların vətənpərvərliyinin də yüksək səviyyədə olacağı heç şübhəsizdir. Biz ciddi iqtisadi islahatlarla ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına nail olarıq. Bir ölkənin iqtisadi qüdrətinin böyüklüyü isə digər ölkələrin onunla hesablaşmasına aparan ən yaxşı yoldur. Biz gücləndikcə Qarabağ probleminin həllinə daha da yaxınlaşmış olacağıq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deputatın işinin təkcə qanun layihəsi qəbul etməkdən ibarət olmadığını qeyd etdi: “Hazırkı parlament həqiqətən günümüzün reallıqlarına cavab verə bilmirdi. Hesab edirəm ki, parlamentin əsas hissələri dəyişməlidir. Yeni mütəxəssislər, vətənpərvər gənclərin Milli Məclisə gəlməsi ölkəmiz adına çox gözəl olardı. Ölkənin taleyini düşünən, həll yollarını göstərən şəxslər qanunverici orqanda əyləşməlidirlər. Vacib deyil ki, mütləq gənc olsun. Orta, hətta yaşlı insanlar belə ola bilər. Belə şəxslər Azərbaycanda kifayət qədərdir. Çoxlarının haqqı çatır ki, istədikləri yerdən insanları parlamentdə təmsil etsinlər. Çünki həll olunası çoxlu mövzular var. Siyasi islahatların sürətləndirilməsi çox mühümdür. Millət vəkili olmaq təkcə qanun layihəsi qəbul etmək demək deyil. Müxtəlif məsələlərə münasibət bildirmək, dinləmələr keçirmək, Qarabağla bağlı fəallığı artırmaq və s. kimi işlərlə də deputat məşğul olmalıdır”.
“Yeni Müsavat