“Yüz minlərin mitinqi” eyforiyası...

 

Siyasi ekspert: “Gülünc iddiadır, ölkədə yüz minlərlə insanın mitinqə çıxmasına siyasi-iqtisadi, sosial zəmin yoxdur”

Ölkədə son aylarda bəzi müxalif təşkilatların keçirməyə cəhd etdikləri piket və mitinqlərə xalq kütlələri qatılmadı. Aksiya təşkilatçılarının bütün cəhdləri uğursuzluqla, fiasko ilə nəticələndi. Bununla belə onlar hələ də “Yüz minlərlə insan meydanalara çıxacaq” deməkdən yorulmurlar. Buna bəzən elə əminliklə ifadə edirlər ki, sanki Azərbaycanda yaşamırlar, reallıqlardan xəbərsizdirlər. Yüz minlərlə insanın küçə və meydanalara çıxacağını gözlədiklərini və arzuladıqlarını hər addımda nümayiş etdirirlər.

Buradan belə nəticə də hasil olur ki, müxalifət liderləri siyasi baxımdan uğursuzluğa düçar olduğunun fərqindədir, buna görə də yalnız 100 minlərin küçələrə tökülməsini, ölkədə xaos yaranması halında nəyəsə nail ola biləcəklərini hesab edirlər...

Bəs mövcud situasiyada yüz minlərin meydana çıxması realdırmı?

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, yüz minlərlə insanın meydanlara çıxacağını düşünmək özünü aldatmaqdan başqa bir şey deyil: “Ölkəmizdə xalqın geniş etiraz mitinqlərinə çıxması real görünmür. Çünki, ölkədə siyasi, sosial şərait onu diktə etmir. Xalq ölkədə müəyyən iqtisadi-sosial çətinliklərə rəğmən proeslərin müsbətə doğru gedəcəyinə əmin olduğu üçün bəzi müxalifət partiyaların dəyişməyən taktikasına inanmır. Xalq onda yüzminlik mitinqə çıxır ki, prosesdə katalizator rolunu oynayan real güc və idarə edəcək lider olar, həmçinin böyük sosial narazılıq hökm sürər. Bu gün Azərbaycanda bunların heç biri yoxdur. Ənənəvi müxalifətin 20 ildən artıq dəyişməyən siyasəti və seçkiləri boykot edərək  irəliyə aparmayan strategiyası ortada olduqca təbii ki, xalq siyasi proseslərdən kənarlaşacaq və müxalifətə inanmayacaq. Xalq görür ki, ənənəvi müxalifət yalnız kiçik bir ortamla şüarlar ırəli sürür, seçkidə iştirak etmir, ortaya proqram qoymur niyə də kortəbii olaraq prosesə qoşulmalıdır?! Bəzi müxalifət dairələri bilirlər ki, etimadı itiriblər və xalq onların çağırışına cavab verməyəcək. Maraqlıdır ki, buna baxmayaraq hələ də bunlar hesab edir ki, xalq özü ayağa qalxacaq. Hesab edirəm ki, xalqı mütləq şəkildə təşkilatlandırmasan, iş aparmasan nə qədər çətin durumda qalmasına baxmayaraq etiraz mitinqi etməz”.

Politoloq onu da dedi ki, Milli Şuranın mitinqlərində kütləviliyin az olması da yüz minlərlə insanın ayağa qalxacağı iddialarının məntiqsiz olduğunu isbatlayır. Bundan əlavə iqtidar müəyyən kadr dəyişikliyinə gedir, parlament yenilənəcək, müəyyən sturukturlarda islahatların aparılması elan edilir. Ona görə də iqtidarın başlatdığı bu proses vaxtı bəzi müxalifət dairələrinin bu cür iddiası gülüncdür: “İqtidar çalışır ki, xalqın total şəkildə etirazlarına şərait yaratmasın. Bu istiqamətdə işləri davam etdirir.  Həmçinin Yaxın Şərqdə baş verənlər göstərir ki, böyük kütlələrin meydana çıxması heç də xoşbəxtlik gətirmir. Ölkədə vətəndaşların yüz minlərlə mitinqə çıxmasına siyasi-iqtisadi  zəmin yoxdur. Sadəcə xalq iqtidarın dəyişikliklərinin müsbətə doğru gedəcəyini gözləyir. Hesab edirəm iqtidar da çalışır ki, siyasi sabitliyi təmin etsin, sosial narazılığa yol açılmasın. Ənənəvi müxalifətin indi bu iddiası səmimi deyil. Ölkədə siyasi-iqtisadi böhran yoxdur. Proseslər öz axarı ilə davam edir. İki dəfə manatın məzənnəsində ciddi devalvasiya olmasına baxmayaraq xalq yenə də ölkədə siyasi mühitin stabilliyini hər şeydən vacib sayaraq davrandı. Hazırda devalvasiya risklərinin də olmadığını istisadçılar bəyan edir. Bütün sadaladığım məqamlar yüz minlərin meydanlara çıxacağı iddialarını alt-üst edir”.


Tarix: 7-12-2019, 09:11
Xəbəri paylaş





Xəbər lenti