“Bölgədə gərginlik pik həddə çatacaq” - NƏZAKƏT MƏMMƏDOVA



“Bölgədə gərginlik pik həddə çatacaq” - NƏZAKƏT MƏMMƏDOVA

Kamran Sultanlı: “İrana müdaxilə ölkəmizin balans siyasətinə çətinlik yarada bilər”

İranın əfsanəvi generalı Qasim Süleymaninin ABŞ ordusu tərəfindən öldürülməsi iki gündür ki, dünya mediasının gündəmindədir. Bəzi ekspertlər hətta ABŞ-İran müharibəsini istisna etmirlər. Artıq Q. Süleymaninin öldürülməsindən sonra ABŞ-ın Yaxın Şərqə 3 min 500 əsgər göndərdiyi haqda məlumat yayılıb. İran rəhbərliyi isə ABŞ-ı təhdid edən bəyanatlar səsləndirməkdədir.

“Müxtəlif cavab zərbələri mümkündür”

Картинки по запросу NƏZAKƏT MƏMMƏDOVA

İranın təhdidlərinə diqqət çəkən təhlükəsizlik eksperti Nəzakət Məmmədova Hurriyyet.org-a dedi ki, İran öz təhdidlərini reallaşdırarsa, imkanı olan hər yerdə və hər fürsətdə ABŞ və müttəfiqlərinə zərbə vurmağa çalışacaq: “Söhbət təkcə hərbi zərbələrdən getmir, terror-təxribat, kəşfiyyat-pozuculuq fəaliyyəti də daxil olmaqla ən müxtəlif cavab zərbələri mümkündür, necə ki, bunu ABŞ İrana qarşı edib. Hər halda, Əhvazda parad zamanı terror aktından tutmuş, sosial zəmində əhalinin kütləvi qiyamı, general Süleymaninin öldürülməsinədək bir çox məsələlərdə İran ABŞ-ı ittiham edir”.

“Süleymaninin qisasını ABŞ və müttəfiqlərindən, o cümlədən, İsraildən almağa çalışacaqlar”

Yaxın Şərqdə İrana bağlı təhlükəsizlik və radikal şiə qüvvələrinin daha aktiv hərəkətə gətiriləcəyini düşünən N. Məmmədova vuruğuladı ki, bölgədə gərginlik pik həddə çatacaq: “İraq, Suriya, Livan və Fələstində “Hizbullah” da daxil olmaqla, bir sıra silahlı birləşmələr Süleymaninin qisasını ABŞ və müttəfiqlərindən, o cümlədən, İsraildən almağa çalışacaqlar. Süleymaninin öldürülməsi Yaxın Şərqdə güc nisbətini və status-kvonu dəyişəcək və yaxud bu hadisə dəyişən güc nisbətinin təzahürü idi. Hər halda, son dövrlərdə iki şiə lideri - Sistani və Xameneyi arasında ziddiyyətlər dərinləşmişdi və bu, İraqda İran hegemonluğunun sonuna işarə idi. Süleymaninin öldürülməsi ilə bu, bir daha sübut olundu. Hər halda, böyük ehtimalla Süleymaninin hərəkət qrafikini və marşrutunu ABŞ kəşfiyyatı kosmik vasitələrdən başqa, yerli agentura mənbələrindən də əldə etmiş ola bilərdi və belə bir riskli qərarın qəbul edilməsi geosiyasi güc nisbətinin dəyişməsi amili nəzərə alınmadan mümkün deyildi”.

“Quru qoşunlarının hücumu ilə nəticələnən müharibə baş verməyəcək”

N. Məmmədova güman edir ki, ABŞ və İran arasında bilavasitə İran ərazisinə xüsusilə quru qoşunlarının hücumu ilə nəticələnən müharibə baş verməyəcək: “Hərçənd ki, İranın bəzi strateji obyektlərinin aviasiya və dəniz donanması tərəfindən hücumlara məruz qalması istisna olunmur, lakin müharibə Yaxın Şərqdə tərəflərin bütün gücü ilə davam etdiriləcəkdir”.

“Süleymani faktoru İranda kütlələri rejim ətrafında birləşdirib”

Картинки по запросу Kamran Sultanlı

Süleymaninin ölümünün İran və ABŞ arasında dialoq imkanlarını aradan qaldırdığını qeyd edən politoloq Kamran Sultanlı isə dedi ki, bu, İranda mühafizəkərlarin mövqeyini gücləndirəcək: “Növbəti seçkilərdə onlar islahatçıları tam sıradan çıxara bilər ki, bu da İranda növbəti müəyyən gərginliklərə, sosial disbalansa yol aça bilər. Hələlik Süleymani faktoru İranda kütlələri rejim ətrafında birləşdirib. ABŞ-ın İrana açıq müdaxilə edəcəyini düşünmürəm. Çünki ABŞ İranla birbaşa yox, İranın dəstəklədiyi proksi qüvvələrlə üz-üzə qalır, onları bombalayır. Bu İranın ABŞ və İsraillə açıq üz-üzə qalmasını önləyən siyasətidir. İranın regionda güclü proksi kəşfiyyat şəbəkəsi var. Lakin böyük ehtimal Vaşinqton da İranın hücumlarını hesablayırlar və buna hazırlıq gedir. İrana qarşı birbaşa hərbi müdaxilə indi ABŞ-a lazım deyil. Lakin iki dövlət arasında Suriya, İraqda hibrid müharibə gedəcək bu, daha az xərc, daha çox nəticəyə imkan verən metoduddur”.

“Tehran hansısa yolla cavab verməyə çalışacaq”

ABŞ-İran münasibətlərinin gələcəyini İranın verəcəyi cavabdan və 2020-ci ildə ABŞ-da prezident seçkilərinin nəticəsindən asılı olacağını vurğulayan K. Sultanlı bildirdi ki, İranın cavab vermək imkanları var: “Amma bunun özü belə indi çətindir. Həm daxildə iqtisadi böhran, həm qüvvələrin güclü şəkildə disbalansı, həmçinin də ABŞ-ın regionda yaxaladığı mövqe “şiə hilalı”na qarşı həmlələr bunu deməyə əsas verir. Lakin Tehran hansısa yolla cavab verməyə çalışacaq. Bu cavabdan çox şey asılı olacaq. Süleymani ölümü İranın “şiə hilalı” modelinə və rejimin əsas dayağı olan SEPAH-a qarşı ciddi həmlədir. Tramp İranı onurğa sütunundan vurmağa çalışır. SEPAH-a qarşı sanksiyalar, daha sonra təşkilatı terror təşkilatı kimi tanımaq artıq bu qurumu və onun liderlərini xüsusilə xarici əməliyyatlarda məsul olan Süleymanini hədəfə çevirmişdi. Yəni artıq o qərar və İranın mərkəzi komandanlığı terror təşkilatı kimi tanıması iki ölkə arasında gərginliyə səbəb ola biləcək amillər idi”.

“Təbii ki, İrana qarşı birbaşa müdaxilə cənub sərhədlərimizdə müəyyən təhlükələrə, risklərə yol aça bilər, həmçinin bu ölkəmizin balans siyasətinə çətinlik yarada bilər”,-deyə politoloq əlavə etdi.


Tarix: 4-01-2020, 22:14
Xəbəri paylaş





Xəbər lenti