Milli Şuranın sədri Cəmil Həsənli 9 fevralda keçiriləcək seçkilərdən əvvəl deputat seçiləcək şəxslərin siyahısını yayıb.
Bu siyahı ictimai-siyasi sektorda ciddi narazılıqla qarşılanıb. Hesab olunur ki, bu siyahının yayılması məqsədlidir və mübarizə aparan qüvvələrin ruhdan salmağa hesablanıb. Osminoqluq (Osminoq Paul 2010-cu ildə futbol üzrə dünya çempionatında kimin qalib gələcəyini əvvəlcədən deyən ilbiz –müəll.) iddiasında olan Cəmil Həsənli özü də parlamentdə təmsil olunub və 2000 və 2005-ci illərdə 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən deputat olub.
Cəmil Həsənli niyə özü seçilən zaman bu cür siyahılar hazırlayıb əvvəlcədən yaymırdı? O zaman seçkilər indikindən dahamı şəffaf və ədalətli keçirilirdi?
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, 15 saylı Yasamal Birinci Seçki Dairəsindən deputatlığa namizəd Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlamasında Cəmil Həsənlinin yaydığı siyahının təxribat olduğunu deyib: “Bu siyahı ölkədəki islahatları gözü götürməyən şəxslər tərəfindən hazırlayıb Cəmil Həsənliyə ötürüb. Məqsəd insanların ümidlərini sındırmaq, seçkilərə marağı azaltmaq və boykot etməkdir. Bu siyahıya inanmıram. Şəxsən öz dairəmdən adığım məlumata görə, icra strukturları əvvəlki illərdə olduğu kimi seçkiyə müdaxilə etmir. Doğrudur, bu dairənin əvvəlki deputatı Ülvi Quliyevlə bağlı bəzi “JEK”-lərdə gizli iş aparılır, amma aşkar şəkildə aparılmır, geniş xarakter almayıb. Bu da onun köhnə əlaqələrinə görədir. Bu baxımdan hesab edirəm ki, Cəmil Həsənlinin yaydığı siyahının heç bir önəmi yoxdur. Mənim yüzlərlə könüllüm məhəllələrdə işləyir. Faktiki olaraq seçkiyə gələcək adamların siyahısını tutmuşam. Mən şəxsən İlham Əliyevin seçki vədlərinə inanıram. Ümid edirəm ki, seçkilər demokratik keçiriləcək. Əsas odur ki, karusellər olmasın, dairələrdə səslər düzgün sayılsın”.
S.Cəlaloğlu bildirib ki, Respublika Prokurorluğu Cəmil Həsənliyə qarşı cinayət işi açılmalıdır: “Cəmil Həsənli özü də parlamentdə təmsil olunub. O zaman niyə yaymırdı bu cür siyahıları? Bu, təxribatdır və camaatın qulağını alışdırmaq istəyirlər ki, belə olacaq. Bu siyahını yaymaqda iki məqsəd var. Birincisi, xalqın etirazını qabaqcadan önləmək istəyidir. İkincisi isə islahat vədlərinə inamsızlıq yaratmaq, seçkilərin qeyri-demokratik keçirildiyini xalqa eşitdirib, onların seçkiyə gəlməsinin qarşısını almaqla saxtakarlıq üçün özlərinə şərait qurmaqdır. Cəmil Həsənlinin bu siyahını yayması dövlətə qarşı təxribatdır. Buna görə Respublika Prokurorluğu cinayət işi açmalıdır”.
Vilayət Muxtar