Siam.az Teleqraf.com-a istinadən analitik Sülhəddin Əkbərlə müsahibəni təqdim edir:
- Sülhəddin bəy, yanvarın 23-dən başlayaraq, Çinin Vuhan şəhərindən koronavirus
dünyaya yayılmağa başladı. Bu epidemiya ilə bağlı fərqli fikir və versiyalar irəli
sürülür. Siyasətçi olmaqla yanaşı, həkim kimi bu haqda nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, bioloji silah çox qədim dövrlərdən, orta əsirlərdən istifadə olunur. Tarixdə
çiçəyin, taunun və ya vəba kimi epidemiyaların qəsdən yayılması halları təəssüflər olsun ki,
var.
Çində ortaya çıxan koronavirusla bağlı iki versiya irəli sürülə bilər. Bioloqlar və həkimlər
bilirlər ki, virus, genetikası xarici faktorların təsiri altında asanlıqla dəyişən mikroorqanizmdir.
Ona görə də bioloji silah kimi viruslardan çox istifadə edilir. Yəni onun genetikasını,
zəhərliliyini, yayılma funksiyalarını, bir sözlə, fotogenliyini artırmaq daha asandır.
Odur ki, hərbi laboratoriyalarda bundan geniş istifadə edilir.
Yeri gəlmişkən, bunu da qeyd edim, İngiltərə mediasında xəbər yayılmışdı ki, Vuhanda
laboratoriyadan sızıntı olub. Eyni zamanda onu da qeyd edirlər ki, Vuhan laboratoriyası
Çin ordusu tərəfindən eksperemental poliqon kimi istifadə edilir. O cümlədən də bioloji
silahların eksprement poliqonu kimi. Versiyalardan biri budur.
İkinci versiya da virusun bilərəkdən orada yayılmasıdır.
- İkinci versiya isə ondan ibarətdir ki, Qərb öz rəqibinə zərbə vurmaq üçün bu
virusu Çində yayıb...
- Bu, Qərb tərəfindən də ola bilər, Şərq tərəfindən də. Hər halda koronavirusla bağlı
versiyaları iki şəkildə qruplaşdıra bilərik. Ancaq daha çox üstünlüyü Çinin öz
laboratoryalarından sızıntının olmasına verirlər. Ola da bilər ki, virusun özü
mutasiyaya məruz qalıb, genetikası dəyişib və yayılma xüsusiyyəti də artıb. Qeyd
edim ki, mikroorqanizmlərin əsas xüsusiyyətlərindən biri də onun sürətlə yayılması ilə
bağldır. Elə viruslar var ki, orqanizmdən orqanizmə keçdikdə onun patogenliyi də artır,
daha təhlükəli hal alır.
Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, obyektiv səbəb var. Virus epidemiyası
yayılıb və dünyanın 30 ölkəsində bu, öz təsdiqini tapıb. Hazırda koronavirus dünyanı
ciddi narahat edən problem kimi ortaya çıxıb. Ən maraqlı məqam odur ki, bu
proses psixoloji savaşla müşayiət olunur. Və təşviş havası yaradılır ki, bu da
Çinlə aparılan strateji müharibənin bir elementidir.
Yaxın tarixə baxanda görərik ki, koronavirusdan daha güclü və daha çox insan
ölümünə səbəb olan epidemiyalar olub, onun ətrafında indiki qədər hay-küy, panika
yaradılmayıb. Odur ki, bu məsələyə ən azı iki tərəfli baxmaq lazımdır.
Nəhayət, burada üçüncü məqama da diqqət etməmiz faydalı olardı. Dünyanın dərman
mafiyasını da nəzərə almaq lazımdır. Dünyada dərman sənayesində nəhəng
şirkətlər var və onlar bəzən xəstəliklərin peyvəndini əldə edirlər. Sonra xəstəliyi
yayır, qısa zamanda böyük təlabat yaradaraq, dərmanlarını baha qiymətə satıb
böyük gəlirlər əldə edirlər. Məsələnin bu tərəfi də var.
- Koronavirus Çinin Vuhan şəhərində qeydə alındı, rəsmi Pekin onlarla şəhərdə
karantin elan etdi, virusa qarşı peyvənd hazırlamaq üçün Rusiya, tibbi ləvazimatlar
üçün Türkiyə və digər ölkələrdən dəstək istədi. Baxmayaraq ki, dünya tibb elmində
ilk yeniliklər ABŞ-da olur. Nədən koronavirusla mübarizədə Çin ABŞ-dan dəstək
istəmədi, əksinə, onu virusla bağlı təşviş atmosferi yaratmaqda günahlandırdı...
- Aydındır ki, Çin hazırda buna ciddi yanaşır. Çünki bu, çoxtərəfli məsələdir. Bunun
ideoloji, iqtisadi-sosial, sosial-psixoloji tərəfi var. Həmçinin Çinlə Amerika arasında
aparılan ticarət müharibəsi var. Eyni zamanda Çin dövlət başçısı Kommunist
Partiyasının sonuncu qurultayında elan edib ki, ölkə, 2030-cu ildə dünya liderliyinə
hazırlaşır. Bu mənada Çin indi qarşılaşdığı məlum durumla əlaqədar daha çox etibar etdiyi
ölkələrlə münasibət qurmağa üstünlük verir. Odur ki, buna normal yanaşılmalıdır.
- Koronavirus və onun ortaya çıxardığı nəticələr baxımından Çinə hansı zərbələr vurulub?
- Sözsüz ki, Çinə çox böyük ziyan dəyib. Çin birjası açılar-açılmaz bir gün içərisində 200 milyard
itirməsi görün nə deməkdir. Başqa bir rəqəm Çində idxala olan təlabtın azalması ilə bağlıdır.
Təsəvvür edin ki, Çinin gündəlik neft təlabatı 14 milyon barrel idisə, artıq 3 milyon azalıb.
Bu faktiki 20 faiz azalma deməkdir. Bu da dünya neft bazarına ciddi təsir göstərib və
birdən-birə neftin qiymətində 20 ABŞ dolları azalma müşahidə edilib. Bütün bunlar
Çinə dəyən zərərin miqyasının nə dərəcədə böyük olduğunu göstərir. Üstəlik ABŞ və Qərb
şirkətləri sürətlə Çindən çıxmağa başlayıb. Bunun nəticələri çox ağır olacaq. Odur ki,
Çinə dəyən zərəri hesablamaq üçün hələ tələsmək lazım deyil.
- Demək istəyirsiniz ki, koronavirus və onun ətrafında yaranan psixoloji təşviş hələ
bir müddət davam edəcək?
- Bu xəstəliyin müalicəsi tapılmayıb və bunun bir neçə ay çəkəcəyi düşünülür. Əvvəla, bu
xəstəliyin özü, təsir və nəticələri getdikcə genişlənəcək. Yəni dünyada geniş yayılacaq.
Bu virusun təsirlərini dünya hiss edəcək. Bunun həmçinin sosial-iqtisadi təsirləri olacaq.
Sosial-iqtisadi təsirlərin ardınca siyasi-hərbi təsirlərin olub-olmayacağını da zaman göstərəcək.
Əgər, bu ideoloji hücumdursa və ya yaranan vəziyyəti fürsət bilən düşmən ölkələr bundan
istifadə edərək, Pekinə əlavə zərbələr vuracaqsa, habelə bunun ardınca Çinə kiber-hücum təşkil
ediləcək və ya burada başqa virus yayılarsa, Çinin vəziyyət necə ola bilər? ə Pekin vəziyyətdən
çıxmaq üçün hansı addımlar ata bilər? Əslində bu, çox təhlükəli və riskli durumdur.
Onu da nəzərə almaq lazımdır ki, bəzi mütəxəssislərin iddiasına görə, virusun çinlilərə göstərdiyi
fotogen təsir digər irqlərin nümayəndəsinə göstərmir. Bu daha ciddi və dərin məsələni ortaya
çıxarır. Bildiyiniz kimi, uzun müddətdir dünya laboratoriyalarında insanların genlərinə
uyğun dərmanların hazırlanması işləri aparılır. Belə durumun ortaya çıxması daha vahiməli
vəziyyəti ortaya çıxarmış olacaq.
- Siz hesab edirsiniz ki, bu virusla faktiki Çinə əsaslı zərbə endirilib?
-Əgər yuxarıda deyilənlər təsdiqini taparsa və bu, artıq çinlilərə hesablanan virus hazırlığı
və yayılmasıdırsa, bu halda Çin buna hökmən cavab verəcək. Onda biz artıq kütləvi qırğın
silahlarının nəinki dünyada yayılması, hətta geniş istifadə edilməsi təhlükəsi ilə üz-üzə qala
bilərik.