“Bu minvalla Milli Məclis yenə də köhnə oliqarx-deputatların inhisarında qalacaq...”

 

Fevralın 7-si parlament seçkiləri ilə bağlı namizədlərin təbliğat kampaniyası bitdi.  Yaxşı ki, bu dəfəki seçki kampaniyası öncəkilərdən, bir az da olsa, fərqləndi... Bəzi namizədlər ciddi şəkildə fərqli təbliğat üsulları ortalığa qoydu. Digərlərinin yenilik kimi təqdim etdiyi davranışlar isə istehzalı gülüş doğurdu...  Keçmişlərin seçki kampaniyasından bir fərq də bəzi seçki dairələrində xüsusən namizədliyini yenidən vermiş bir sıra köhnə deputatlara seçicilər tərəfindən kütləvi təpkilər göstərilməsi oldu...
Bəs görəsən,  deyilənlərin fonunda  cəmi bir gün sonra – fevralın 9-da bilavasitə seçki prosesində hansısa gözlənilməzliklərin şahidi olacağıqmı?..“Keçmiş deputatların əksəriyyətinin yenidən qutudan çıxması xalqla iqtidar arasında narazılığı artıracaq...”
“Bu, cənab Prezidentin başlatdığı islahatlar siyasətinə də kölgə salacaq...”

Mövzu ilə bağlı Moderator.az əməkdaşına açıqlama verən tanınmış politoloq, sabiq deputat Cümşüd Nuriyev bunları söyləyib:

“Belə düşünürəm ki, bu minvalla  seçkilərin nəticəsində elə bir ciddi gözlənilməzlik olmayacaq. Bunu seçicilərin açıq şəkildə qovduğu bir sıra namizədlərin yenidən seçilmək  iddialarından əl çəkməməsi də göstərir. Və hesab edrəm ki, xalqına, dövlətinə az da olsa, hörmət edən namizədlər, o cümlədən keçmişdə dəfələrlə deputat olanlar gərək  o səviyyələrə düşməyəydilər.  Göstəri üçün qocaların, nənələrin əlini öpmək, şəhidlərin məzarlarını ziyarətini etmək lazım deyil. Əgər xalqın əsl sevgisini  qazanmamısınızsa, sizə əsl mənada səs verən  də olmayacaq... 

Axı cənab Prezident də dəfələrlə xatırladıb ki, deputat seçildikdən sonra 5 il seçicilərinin üzünü görməyənlər yenidən gəlib həmin vətəndaşlardan səs istəyirlər...  Bəziləri gərək o rayonlardakı biabırçı qalmaqallardan sonra, ən azı,  özlərinə hörmət edirdilərsə, namizədliklərini geri götürəydilər. Xüsusən də əvvəlki illərdə parlament üzvü olanlarlar... Eləsi var, az qala, 30 ildir deputatdır. Sanki mandatları özəlləşdiriblər. Axı bir dəfə, iki dəfə, üç dəfə seçilmisiz, xalq üçün bir iş görməmisizsə, üzüsulu çıxıb getsəniz, nə olar?  Bizimkilərdə mədəni ölkələrdəki kimi məqamı yetişəndə sakitcə vəzifədən, mandatdan əl çəkmək mədəniyyəti yoxdur...” 

Politoloq xüsusən özünü buraxmış keçmiş parlament üzvlərinin çoxundan narazılıqlar olduğunu dilə gətirib:

“Köhnə parlamentdən qalan namizədlərin əksəriyyətindən  narazılıq var. Adam 5 il, 10 il, 15 il eyni regiondan seçilib, indi də yenidən namizədliyini verib xalqın arasına gedir, görür ki, onu qovurlar, qəbul etmirlər, yenə əl çəkmir. Bu, artıq biabırçılıqdır, üzünə dirənməkdir... 
Millət vəkili – millətin, xalqın elçisi deməkdir. Əgər bu rolu layiqincə ifa edə bilmirsənsə, kənara çəkilib layiqlilərə yol verməlisən. Bu xalqın kifayət qədər xalq elçiliyinə layiqli oğulları var...  

Öncəki parlamentdən 85 nəfər təkrar seçkiyə gedir. Ayıbdı, vallah, ayıbdı... Özü-özünü buraxmış parlament bu qədər hörmətsizlik edər özünə qarşı? Vallah, mənə heç cür çatmır onların əksəriyyətinin hərəkəti. Onlar nə özlərinə, nə bu xalqa, nə də dövlətə hörmət qoydular...” 

Cümşüd Nuriyev buraxılmış parlament üzvlərinin  əksəriyyətinin yenidən Milli Məclisə seçilməsi Azərbaycanın gələcəyi üçün xoş bir hal olmayacağını da vurğulayıb:

“Əgər köhnə parlamentin əksəriyyəti təkrar deputat seçiləcəksə, bunun nəticəsi Azərbaycan üçün çox ağır olacaq.  Keçmiş deputatların, hansı yolla deyə bilmərəm, yenidən seçki qutusundan çıxması Azərbaycan dövləti ilə xalq arasında narazılığı, uçurumu artıracaq. İkincisi, bu, cənab Prezidentin başlatdığı islahatlar siyasətinə kölgə salacaq. Çünki Prezident çalışır ki, yeni idarəetmə mexanizminə nail olmaqla bərabər, yeni statusda, yeni ampluada xalq və dövlət üçün çalışan millət vəkillərini görsün... Bütün hallarda bu, Azərbaycanda iqtidara, aparılan islahatlara  kölgə salacaq. Yəni özünü buraxan parlamentin üzvləri, özü də kütləvi şəkildə, 60 faizindən çoxu seçkilərdə iştirak edirsə, bu cəmiyyəti girinc vəziyyətə salır, vətəndaşlar tərəfindən anlaşılmır. Və bu minvalla Milli Məclis yenə də köhnələrin, artıq illər ərzində oliqarxa çevrilmişlərin  inhisarında qalacaq... 

Seçkilərdə layiqli namizədlərə uğurlar arzulamaqla çox istərdim ki, parlament seçkilərinin nəticələri söylədiyimiz kimi olmasın...” – deyə sabiq deputat ümidini itirmədiyini ifadə edib.
Tarix: 8-02-2020, 08:45
Xəbəri paylaş





Xəbər lenti