Müasir Rusiyanın sovetdənqalma qonşu siyasəti

 

Rusiyanın Azərbaycanda keçirilən parlament seçkilərinə hansısa formada müdaxiləsi ilə bağlı fikirlər səmada şimşək kimi parladı və söndü.

Bu iddianın təsdiqi Rusiya saytlarında yer almışdı. Rusiyalı liberal-faşist siyasətçi Jirinovskinin dilindən səslənən “Azərbaycanda Rusiyaya qarşı olan heç bir namizəd deputat seçilməyib” fikri ölkəmizdə geniş əks-səda doğurmasa da, belə bir açıqlama çox şeydən xəbər verirdi.

Bu, Rusiyanın bəzi siyasi dairələrində bizə və ətrafdakı ölkələrə qarşı real münasibətdən xəbər verirdi. Şovinist dairələr SSRİ-yə daxil olan 15 respublikadan 12-sini öz süni peykləri kimi saxlamaqda qərarlıdırlar. Onlar yalnız Baltikyanı ölkələrdən (Latviya, Litva, Estoniya) qismən əl üzüblər.

Hazırda Rusiya yaxın qonşuluq siyasəti etibarilə SSRİ-nin 1945-1990-cı illərdəki durumunu xatırladır.

Tarixdən bəlli olduğu kimi, II Dünya müharibəsindəki qələbənin nəticəsi olaraq SSRİ bir sıra Avropa ölkələrini (Almaniyanın bir yarısı, Albaniya, Çexoslovakiya, Yuqoslaviya, Macarıstan, Bolqarıstan, Rumıniya, Polşa) kommunistləşdirmişdi.

Bu dövlətlər SSRİ ilə Qərb dünyası arasında bufer idilər və hamısı bu və ya digər şəkildə Moskvanın diktəsi ilə oturub-dururdular. Bəzən dikbaşlıq edənlər də olurdu və bu daha çox həmin dövlətlərdəki nüfuzlu siyasi liderlərin şəxsi təşəbbüsü ilə baş verirdi. Məsələn, Yuqoslaviyanın rəhbəri İosip Broz Tito Kremlin sahiblərinə boyun əymək istəmirdi, Albaniya prezidenti Ənvər Xoca Stalindən sonra hakimiyyətə gələn Nikita Xruşovla yola getmirdi və s.

Başqa “qiyamçılar” da vardı. 1956-cı ildə Macarıstanda İmre Nadın rəhbərliyi ilə Moskvaya qarşı üsyan qaldırılmışdı, amma sovet qoşunları bu “antisovet qiyam”ını qanla boğdu, xeyli “hərəkatçı” öldürüldü, İmre Nad və yaxın silahdaşları isə edam edildi.

1968-ci ilin əvvəlində Aleksandr Dubçekin Çexoslovakiya Kommunist Partiyası rəhbərliyinə gəlməsi ilə bu ölkə açıq şəkildə SSRİ-dən asılı olmadığını nümayiş etdirəndə yenə sovet tankları meydanlara girdi və “qiyam ocağı”nı qanla söndürdü.

 Bundan əvvəl SSRİ-nin cəza strukturlar dəfələrlə bu sosialist ölkələrində ayrı-ayrı siyasi liderləri repressiyaya məruz qoymuş, onların edam olunmasını təşkil etmişdilər. Avropanın sosialist ölkələrinin rəhbərlərini dəyişmək Kremlin əlində çətin deyildi, yerli kommunistlər öz “soydaş-silhadaş”larının başını yeməyə hazır idilər.

Kremlin gücü yalnız Balkan yarımadasının iki xarizmətik liderinə - Tito və Xocaya çatmadı, o da ona görə ki, SSRİ ilə bu dövlətlərin sərhədi yox idi, tanklara keçid qapalıydı. 

1989-90-cı illərdə sosialist düşərgəsinin dağılmasıyla, kommunist rejimlərinin çökməsiylə Şərqi Avropa dövlətlərinin canı, boğazı sovet Rusiyasının pəncəsindən qurtuldu.

Hazırda müasir Rusiya eyni siyasəti keçmiş SSRİ respublikalarına münasibətdə yeridir. Kreml bütün davranışıyla göstərir ki, keçmiş sovet respublikaları onun üçün “yad” deyil və onları özündən o qədər də uzağa buraxmayacaq.

Son 15 ildə Ukraynanın başına gələn təlatümlərin, məruz qaldığı xarici aqressiyanın başlıca səbəbi də budur. Bu ölkədə Rusiyaya rəğbət bəsləməyən siyasilər hakimiyyətə gələn kimi Moskvanın üzü çöndü, onları macarların, çexlərin, polyakların gününə qoymaq, hakimiyyətə yenidən öz adamlarını gətirmək istədi. Ancaq Kreml bunu bacarmadı və son çarə kimi müharibəyə rəvac verdi.

Gürcüstanda da bənzər proseslər getdi, Mixail Saakaşvili hakimiyyətə gəldiyi gündən üzünü Moksvaya yox, Qərbə tutdu, nəticədə Gürcüstanın başına gəlməyən faciə qalmadı - ərazisinin ilhaqından tutmuş ta iqtisadi blokadaya alınmağa, xroniki siyasi təzyiqlərə məruz qalmağa qədər.

Keçən il Nikol Paşinyanın xalqın zoruyla Rusiyanın adamlarını devirib hakimiyyətə gəlməsi prosesində Kremlin ona və tərəfdarlarına necə sərt təpki göstərdiyi, yəqin ki, hər kəsin yadındadır. Sonra Kreml rəsmi İrəvana ona görə bir qədər yumşaldı ki, Paşinyan qaça-qaça Moskvaya gedib, belini bükdü, sifətinə riyakar ifadə verib, Putinə yaltaqlandı, özünün də digər ruspərəst ermənilərdən fərqli olmayacağını sübut etməyə çalışdı. O, hakimiyyətə gəldiyi ilk günlərdə sərgilədiyi davranışı davam etdirsəydi, tezliklə devriləcəkdi. Amma indinin özündə də Paşinyan tükdən asılı vəziyyətdədir. Kreml onun tərəfdarlarının seyrəldiyini hiss edən kimi hərəkətə keçəcək.

Regionun durumu, reallıqları bundan ibarətdir. Biz hələlik Rusiya ilə “pişim-pişim”lə yollaşıb yola gedir, onu qıcıqlandırmamağa çalışırıq.

Tarix: 19-02-2020, 08:42
Xəbəri paylaş





Xəbər lenti