Suriyada Türkiyə-Rusiya münasibətləri gərginləşdiyi bir zamanda prezident Vladimir Putin maraqlı bəyanatla çıxış edib.
Ölkəsinin heç bir dövlətlə müharibəyə hazırlaşmadığını vurğulayan Putin, müdafiə sənayesi sahəsində gördükləri işlərə diqqət çəkərək qeyd edib ki, Rusiya ilə müharibə eləmək də kimsənin ağlına gəlməsin.
Maraqlıdır, Putinin bu bəyanatını dolayısı ilə Türkiyənin ünvanına səsləndirilən hədə hesab etmək olarmı? Bundan başqa, Rusiya həqiqətənmi elə bir gücə sahibdir ki, onunla müharibə eləmək fikri belə kimsənin ağlına gəlməli deyil?
Moderator.az-a açıqlama verən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bu, əslində təbliğat xarakteri bəyanatdır. Görünür, Putin Rusiya cəmiyyətinin, silahlı qüvvələrin vətənpərvərlik ruhunu artırmaq üçün belə bir bəyanat verib. Rusiyanın güclü, müasir silahlara malik olduğu bir faktdır və bu, birmənalıdır. Lakin NATO Rusya ilə qarşıdurmaya getsə, Qərb ölkələri hərbi müstəvidə Rusiyaya təzyiqlər göstərsə, mən düşünmürəm ki, Rusiya bu vəziyyətdən çox asanlıqla çıxar. Belə olarsa, Rusiya böyük problemlərlə üzləşə bilər. Bu cür məqamlarda vətənpərvərlik dolu bəyanatla poblemi həll etmək mümkün olmur.
Qərb tərəfindən Rusiyaya qarı iqtisadi sanksiyalar işləməkdədir. Lakin hələ ki, bu gərginlik hərbi müstəviyə gəlib çatmayıb. Lakin əgər NATO və ya ABŞ Rusiya ilə hərbi konfiliktə girsə, belə bir qarşıdurma Rusiya üçün elə də asan olmayacaq. Suriyada baş verən proseslər də bunu sübut edir. Türkiyə İdliblə bağlı addımları Rusiyanın razılığı olmadan atır. Rusiya isə buna faktiki olaraq göz yummağa məcbur olur. Çünki Rusiya başa düşür ki, əks halda bir sıra dövlətlərlə üzləşə bilər. Çünki Türkiyənin arxasında NATO dayanır.
Odur ki, Putinin məlum bəyanatı təbiğat xarakterli bəyanat kimi dəyərləndirilə bilər”.
Seymur ƏLİYEV