Qarabağda seçkilər var, biz kimə azarkeşlik edək..?! - İlham İsmayıldan ritorik sual...


Guya Moskvanın adamı olanda nə olasıdı və indiyədək elə olanların hamısı Kremllə yatıb durmurdularmı?



31 mart seçkilərinə mane ola bilmiriksə, o zaman gəlin düşmənin seçkisinə azarkeşlik edək, tərəf tutaq. Məsələn, fikirləşək görək hansı erməni namizədə balet edək ki, sabah Qarabağın prezidenti seçiləndə bizə yazığı gələcək və bəzi məşhur Azərbaycan jurnalistlərinin dediyi kimi, bizə turist kimi Şuşaya getməyə icazə verəcək. 

Ya da, daha “qlobal fikirləşək”- Paşinyanın adamı seçilsə bizə xeyirdir, yoxsa Sarkisyanın? Paşinyanın adamı seçilsə rəsmi İrəvanla Xankəndi rəhbərliyinin münasibətləri yaxşı olacaq, Ermənistan büdcəsində olanından səxavətlə pullar ayıracaq, diaspora da cüzdanlarının ağzını açacaq, Moskva Qarabağa birbaşa deyil, İrəvan vasitəsilə təsir etməyə məcbur olacaq. Paşinyanın adamı əhalinin sosial problemləri ilə daha çox məşğul olacaq və Bako Saakyan kimi korrupsioner olmayacaq. Nəticədə qarabağlı - irəvanlı narazılığı tədricən aradan qaldırılacaq. 

Sarkisyanın favoriti Vitali Balasanyan Ermənistanın baş naziri ilə açıq mübarizə aparır, Qarabağ müharibəsinin qəhrəmanı kimi özünü üstün bilir, dediyi kimi “oyuncaq hökümət” olmaq istəmir. Balasanyan daha çox Moskvanın himayəsinə arxalanır və seçildiyi təqdirdə Qarabağa quş uçurdulmayacağına, yəni Azərbaycanın Moskvanın iradəsinin əleyhinə getməyəcəyinə və cəbhə xəttində mövcud sakitçiliyin pozulmayacağına əhalini inandırmağa çalışır və baş vermiş, verəcək perspektiv hadisələr Balasanyanın qənaətinin real olduğunu göstərir. Təbii ki, Balasanyanın burda şəxsi maraqları, biznesi, mülkü, məhsuldar Qarabağ torpaqlarından gələn gəlirləri də onun siyasi mübarizəsinin əsas amillərindən biridir. 
 
Kimin "seçilməsi"ndən asılı olmayaraq, erməni təbliğatı bu seçkinin demokratikliyini ön plana çəkəcək və bir az əvvəl Azərbaycanda keçirilən parlament seçkiləri ilə müqayisədə azad və şəffaf seçkilər keçirdiklərini önə çəkəcəklər. Bu təbliğatla beynəlxalq imiclərini müsbət mənada artırmağı və daha çox tanınmağı, Azərbaycanla birgə yaşamağın qeyri-mümkünlüyünü aləmə car çəkəcəklər, çünki ümummilli məsələlərdə ermənilər şəxsi maraqlarını, hətta bu maraqlar hakimiyyətdə qalmaq və hakimiyyətə gəlmək uğrunda olsa belə, arxa plana keçirməyi bacarıblar və bacarırlar. Qeyd etdiyimiz kimi, tanınmayan Qarabağ rejimi bu seçkilər vasitəsilə demokratik dünyaya mesaj vermək istəyir ki, burda azad seçkilər keçirilir. Əlbəttə, bu daha çox Paşinyanın namizədinin işinə yarayacaq və hələ də Qərbdə Ermənistan baş nazirinin “demokrat” imicinə əlavə dividentlər gətirəcək. Amma, bu “demokratiklik” Moskvanı qıcıqlandırır. Kreml yalnız o zaman demokratiya təbliğatına fikir verməyəcək ki, Moskvaya birbaşa bağlı olan namizəd rejimin başçısı olsun. Bu o demək deyil ki, Paşinyan birbaşa Moskvanın əleyhinə olan liderdir. Zatən, Paşinyan özü də xarici siyasətdə indiyədək Moskvanın böyük şəkildə marağına toxunmayıb, əleyhinə getməyib, amma hər halda Paşinyanın xalq tərəfindən real şəkildə dəstəklənməsi Kremlin sevmədiyi məsələdir. Tarixən Rusiya imperiyası hansı ad altında olursa olsun, xalqın istəyi ilə deyil, çevrilişlə hakimiyyəti ələ alan avtoritarların, diktatorların tərəfində dayanıb və dayanır.

Gördüyünüz kimi, Azərbaycan özünün taleyüklü bir problemində birbaşa iştirak edə bilmir və yelkənsiz, kompassız gəmi kimi dünya siyasət dənizində boğulur. Amma, edə bilər. Sadəcə, indi Azərbaycan vaxtilə armud ağacının kəsilməsinə verdiyi etirazın heç mində birini işğal olunmuş torpaqlarında, adına qondarma da desək, faktiki mövcud olan rejimin prezident, parlament seçkilərinin keçirilməsinə qarşı verə bilmir. Biz çox zəifləmişik, çox. Xalq olaraq armud ağacının qırılmasının qarşısının alınmasını tələb edən milyonlardan məhrum olmuşuq. Əlacımızı Allahmı alıb, bəndəmi alıb, ya şeytanmı alıb, bilmirəm, bircə onu bilirəm ki, gör nə günə qalmışıq ki, martın 1-4-ü arası Tərtər istiqamətində, özümün də şahidi olduğum, ordumuzun apardığı qısamüddətli və kiçik miqyaslı hərbi təlimlərdən, daha doğrusu, atış yoxlamalarından sonra, düz Tərtərin burnunun ucunda düşmən bizim təlimlərdən daha güclü təlimlər keçirməyə başladı. Cəbhə boyu yaşayan tərtərlilər də bunu düşmənin at oynatması kimi dəyərləndirdi. Başqa heç nə. BMT-nin qətnamələrində göstərilən rayonların ərazisində baş verir, bu təlimlər. Heç etirazımızı da bildirmədik.

Sarkisyanın adamı oldu, ya Paşinyanın. Ya Moskvanın adamı oldu, ya Qərbin. Qərbin adamı oldu, olmadı, fərq etməz, çünki biz Qərbdən üz döndərdiyimizi rəsmən elan etmişik, həm dəyərlərindən, həm siyasətindən. Odur ki, Qərbin adamı bizlik deyil. Guya Moskvanın adamı olanda nə olasıdı və indiyədək elə olanaların hamısı Kremllə yatıb durmurdularmı? Moskvaya qucağımızı bütün mənalarda açmağımıza baxmayaraq, Qarabağ məsələsində onlar heç vaxt yanımızda olmadılar, olmayacaqlar da.

Nəticə: İlanın ağına da lənət, qarasına da. İşğalçının hamısı düşməndir! İşğalçıya dəstək verənlər də. Özümüzə azarkeşlik edək, özümüzə inanaq. Yalnız millət olaraq dövlətimizi və dövlətçiliyimizi qorumaq istəyiriksə, Qarabağı işğaldan azad etmək istəyiriksə: EL BİR OLAQ, ƏLBİR OLAQ, BİR OLAQ! Bu yolda olmayanları, bu yola xəyanət edənləri tanıyaq, bilək və onlardan qurtulaq!
 
İlham İsmayıl
Tarix: 12-03-2020, 13:47
Xəbəri paylaş





Xəbər lenti